Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində üstünlüklə qalib gələn Nikol Paşinyanın komandası hökuməti formalaşdırdıqdan sonra Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımlar ata bilər.
Əslində vaxtı-vədəsi yetişməkdə olan sülh müqaviləsinin bağlanması üçün iki ölkə düşmənçiliyi kənara qoyaraq vasitəçilərin iştirakı ilə bu işi reallaşdırmalıdır. Artıq erməni siyasi dairələrində bu yöndə müzakirələr aparılır. Hətta bildirilir ki, Paşinyan belə bir müqaviləyə imza atmaqıa adını dünya tarixinə yaza bilər. Qeyd olunur ki, Paşinyan sülh sazişini imzalamaqla Nobel Sülh Mükafatına layiq görülə bilər. Belə məlumatlar var ki, Ermənistanda akkreditasiya olunan bəzi səfirliklər bu istəyin olduğunu hökumət nümayəndələrinə ifadə ediblər. Əlbəttə, bu cür iddiaların gerçəkləşməsi bir o qədər ağlabatan görünmür. Lakin Qərbin siyasi dairələrindən Soros Fondunun yetişdirməsi olan Paşinyana belə bir jest edilməsi təəccüb də doğurmaz. Paşinyanın belə bir ali mükafata layiq görülməsi nə dərəcədə real sayıla bilər?
Cümhüriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistandakı vəziyyət onların sülh sazişinə getməsini tələb edir: “Ermənistandakı Qərb ölkələrinin səfirləri bu iddianı ortaya atıblar. Güya Paşinyan belə müqaviləyə imza atsa, ona Nobel mükafatı veriləcək. Bu bir daha təsdiq edir ki, Qərbin Ermənistanda və regionda ciddi maraqları var. Paşinyanın hələ bu xülyaya düşməsi tezdir. Onun qarşısında bir sıra öhdəlikləri var. Qarabağdan erməni yaraqlılarını tam çıxarmalıdır, kommunikasiyaların bərpasını təmin etməlidir. Həmçinin sərhəddəki demarkasiya və delimitasiya prosesini həyata keçirməlidir. Seçkilər ərəfəsində Qərbin dəstəyilə 15 hərbi əsirin Ermənistana təhvil verilməsi baş tutdu. Bu addımlarla Qərb öz sülh missiyasını davam etdirmək istəyir. Azərbaycan buna tam hazırdır. Onlar bizim ərazilərimizi işğal ediblər. Müharibə bizim ərazimizdə gedib. Ermənistan özünü suveren dövlət sayırsa, real addımlar atmalıdır. Görünür, Ermənistan rus əsarətindən qurtara bilmir. Hətta Azərbaycanla arasında olan sərhədi belə, rus hərbçilərinə tapşırmaq istəyir. Böyük Sülh Sazişi imzalanacaqsa, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyacaq. BMT də bunu təsdiq edəcək. Bununla Ermənistanın Türkiyə ilə də münasibətləri normallaşacaq. Sərhədlərin açılması gündəmə gələcək. Bizim şərtlərimiz ortadadır. Nikol Paşinyan bu addımları atmaqla öz xalqını səfalətdən çıxarmış olacaq. Erməni xalqının potensialı qurtarıb. Onlar bir dəfə də belə qarşıdurmaya sövq edilsələr, tam məhvə məhkum olacaqlar. Ermənistanın belə addımları dünya tərəfindən dəstəklənəcək. Ancaq hesab etmirəm ki, buna görə ona Nobel mükafatı verilsin. Çünki bu müharibəni, işğalı başladan onlar olub. Hazırda Ermənistan üzərinə düşən vacib öhdəlikləri yerinə yetirməlidir”.
Məhəmmədəli QƏRİBLİ