Ermənistanda yerli polittexnoloqlar və xarici müşahidəçilərin “ölkənin seçki tarixində ən gərgin keçən seçkilər” adlandırdıqları növbədənkənar parlament seçkiləri gözlənilməz nəticələrlə başa çatdı. Rus mediasının dəyərləndirməsinə görə, əminliklə iddia etmək olar ki, növbədənkənar parlament seçkilərində sadə ermənilərin əksəriyyəti revanşist qüvvələrin təmsilçisi Robert Köçəryana deyil, son altı ayda Azərbaycana qarşı ritorikasında korrektələr etməyə çalışan Paşinyana səs vermələri Ermənistan cəmiyyətinin qonşularla dinc şəraitdə yaşamağın yeganə çıxış yolu olduğunu dərk etdiklərini göstərir.
Bununla belə, Rusiya mətbuatı yazır ki, Paşinyanın yenidən seçilməsi Qarabağın itirilməsinin ermənilər üçün heç bir məna daşımadığını göstərdi. Aydın oldu ki, Ermənistan Rusiyadan başqa heç bir ölkə üçün maraqlı deyil: “Rusiya Paşinyana müharibəni bitirmək üçün əlverişli variantlar təklif etsə də, o bunu rədd etdi. Nəticədə Şuşa kimi şəhər də əldən çıxdı və Bakıda ermənilər üçün aşağılayıcı sayılan parad reallaşdı. Artıq Ermənistanda klassik həqiqətlər işləmir. “Miatsum” ideyası yox oldu. Ermənistanda populizm işləyir. Populizm populistlər üçün yaxşıdır. Bəs ölkə necə yaşayacaq? Ermənistan bu dünyada Rusiyadan başqa heç kim üçün maraqlı deyil. Qarabağdakı sülhməramlıların da əbədi olmadığını başa düşmək lazımdır. Rusiyasız isə Xankəndidə heç bir erməni qalmayacaq”.
Bütün bunlar bir daha onu göstərir ki, Qarabağ itkisi erməni cəmiyyəti üçün heç bir anlam kəsb etmir. Onlar buna görə ölmək istəmirlər.
“Artıq Qarabağa görə ölmək istəmirlər”
Məsələyə münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyevin sözlərinə görə, deyilənlər reallığı əks etdirir: “Çünki erməni dövlətçiliyi saxta əsaslar üzərində qurulub. Onları hər zaman idarə ediblər. Onlara dövləti də, ideologiyanı da başqaları yaradıblar. İkinci Qarabağ müharibəsinə qədər bütün dünyanı aldada bildilər. Guya bunlar məzlum, eyni zamanda, ağıllı millətdirlər. Ancaq müharibədən sonra bütün bunların hamısı puç oldu getdi. İndi onlar müəyyən həqiqətləri anlayırlar. Rus mətbuatının bunların fərqinə varması təsadüfi deyil. Çünki unikal və qeyri-adi hadisə baş verdi. Belə ki, 7 ay əvvəl müharibəni uduzan siyasi qüvvələr seçkilərdə qalib gəldilər. Belə hadisələr nadir hallarda baş verir. Bəlli oldu ki, xəstə ideologiya ilə zəhərlənmiş bu toplum əsl həqiqəti indi dərk edir. Müqayisə üçün qeyd edim ki, 30 il əvvəl Ermənistan əhalisinin sayı 3 milyon 500 min nəfər idi. Azərbaycan əhalisi 7 milyon. Hazırda Ermənistanda yaşayanların sayı 3 milyondan azdır. Azərbaycan əhalisinin sayı isə 10 milyonu ötüb. Belə bir mənzərə bir çox həqiqətlərdən xəbər verir. Əhalinin ölkəni tərk etməsinin 2 səbəbi var. Birincisi, Ermənistan və Qarabağ heç vaxt onların daimi vətəni olmayıb. Ona görə də həm Ermənistanı, həm də Qarabağı tərk edirlər. Artıq Qarabağa görə ölmək istəmirlər. İkincisi, aldandıqlarını, ideologiyalarının səhv olduqlarını anladılar. Gördülər ki, 200 il onları himayə edən Rusiya bu dəfə onlara arxa durmadı. Çünki axır ki, bunun bir sonu olmalı idi. Digər tərəfdən, necə ki, Qarabağ separatçıları Ermənistana yükdür, Ermənistan da Rusiyaya yükdür. Bu səbəbdən erməni cəmiyyəti nə revanşistlərə səs verdi, nə də Qriqoryan kilsəsinin təsiri altına düşdü”.
Professor hesab edir ki, ermənilər düzgün nəticə çıxarsalar, bu onların xeyrinə olacaq.
Vidadi ORDAHALLI