Ermənistan hökuməti Türkiyə istehsalı olan məhsulların ölkəyə gətirilməsi ilə bağlı tətbiq edilən qadağanın müddətini uzadıb. Bu barədə müvafiq qərar Ermənistan hökumətinin keçirilən iclasında qəbul edilib.
Qərara əsasən, iyulun 1-dən etibarən Türkiyə məhsullarının Ermənistana gətirilməsi qadağası daha 6 ay müddətinə uzadılıb. Ermənistan iqtisadiyyat naziri Vaan Kerobyan embarqo sayəsində Türkiyədən idxalın 70 faiz azaldığını və praktik olaraq hazır məhsulların gətirilməsinin tam dayandırıldığını söyləyib.
Məlumat üçün qeyd edək ki, 2020-ci ildə bununla bağlı qərar layihəsi hazırlanıb və qərar ötən il dekabrın 31-dən 6 ay müddətinə qüvvədə olub.
O da məlumdur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanı 6-lıq formatında görmək istəyir. Ərdoğan bu günlərdə Milli Məclisdə çıxışı zamanı bir daha bunu gündəmə gətirdi: “Bütün baş verənlər Azərbaycanla birlikdə Ermənistan üçün də yeni bir dönəmin başlanğıcıdır. Misal olaraq, Zəngəzur dəhlizində işləməyə başlayacaq dəmir yolu ilə ermənilər də asan şəkildə Moskvaya və bütün dünyaya gedə biləcəklər. Bununla da öz-özlərinə tətbiq etdikləri blokadadan azad ola biləcəklər. Qardaşımla birlikdə təklifimizi etdik. Təklif etdik ki, altı ölkə birgə platforma quraq: Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan. Bu platformanın yaradılması ilə artıq bölgədə bir sükut meydana gəlsin, düşmənliklər ortadan qalxsın”.
Seçkilərdə revanşistlərin böyük nisbətdə məğlub olması müqabilində Ermənistanın bu addımı nə deməkdir?
“Revanşistlər qələbə qazansaydılar, hardasa bu qərarı anlamaq olardı”
Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, Ermənistan hakimiyyətinin bu addımı gülünc və məntiqsizdir: “Əvvəla Ermənistan bazarı çox kiçikdir. Belə bir ölkənin Türkiyə kimi böyük dövlətin məhsullarını idxal etməkdən imtina etməsi heç bir əhəmiyyət kəsb etmir. Ona görə də Ermənistan hakimiyyətinin belə bir qərar verməsi gülüncdür. Əslində, məlum qərarı Ermənistan hökuməti uzatmamalı idi. Ancaq Paşinyan bu qərarı verməklə, bir növ, öz seçicilərinin iradəsinə zidd addım atdı. Məsələ ondadır ki, 20 iyun seçkilərində erməni seçiciləri revanşistlərə etimad göstərmədilər. Revanşistlər qələbə qazansaydılar, hardasa bu qərarı anlamaq olardı. O mənada ki, belə bir qərarın sosial sifariş olması təsəvvürü yaranardı. Ancaq nəzərə alsaq ki, erməni cəmiyyəti mövcud hakimiyyətə səs verdi, o zaman cəmiyyətin istəyini düzgün dəyərləndirmək lazım idi. Çünki bu o demək idi ki, cəmiyyət 10 noyabr və 11 yanvar razılaşmalarından irəli gələn məsələlərin həllini istəyir. Bu o deməkdir ki, erməni cəmiyyəti bütün qonşularla münasibətlərin qurulmasının tərəfdarıdır. Ölkə əhalisi təcriddən, iqtisadi sıxıntılardan bezib. Türkiyə ilə sərhədlərin açılmasını istəyir. Ona görə də Paşinyanın Türkiyəyə yönəlik bu “jesti” onun nə qədər dayaz təfəkkürə malik siyasətçi olduğunu göstərdi”.
V.Rəhimzadə onu da qeyd etdi ki, ölkə rəhbərliyinin bu addımı Ermənistanın ziyanına işləyəcək.
Vidadi ORDAHALLI