Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 24-də saat 14:30-dan başlayaraq Berd rayonunun Ayqedzor kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Belə həlledici məqamda Ermənistanın atəşkəsi pozması nə ilə bağlıdır? Bunu ordu daxilindəki revanşistlərin təxribatı, yoxsa Paşinyanın öz öyunu saymaq olar?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanda mühüm proses baş verib: “Ölkədə keçirilən seçkilərin nəticəsində xalq Paşinyana yenidən Ermənistanı idarə etmək üçün mandat verib. Müharibəni uduzan bir siyasi rəhbərin belə uğura imza atması çox təəccüblü görünür. Ancaq dərindən düşündükdə, burada təəccüblü nəsə yoxdur. Çünki Ermənistan cəmiyyəti bu səsi heç də Paşinyanın şəxsinə deyil, onun tutduğu yola verib. Paşinyan müharibə etməyəcəyini bəyan edir. Deməli, erməni cəmiyyəti bu seçimi ilə həm də revanşist çağırışlara yox deməyi bacardı. Ancaq bu heç də o demək deyil ki, Ermənistanda revanşist əhvalda olanların kökü tam kəsilib. Belə adamlar əsasən güc strukturları və orduda çox qalıb. Müharibədən dərhal sonra Paşinyan onları təmizləməklə bağlı addım ata bilmədi. Çünki həssas dönəmdi, proseslər onun əleyhinə cərəyan edə bilərdi. Bir neçə ay erməni ordusunun qərargah rəisi ilə aralarında qarşıdurma yaşandı. Nəticədə Paşinyan qalib çıxdı. Bu faktın özü sübut edir ki, orduda Paşinyanın iradəsinə tabe olmayan revanşistlər qalmaqdadır”.
Ekspertin sözlərinə görə, hazırkı məqamda aranın qarışması, Azərbaycanla münasibətlərin yenidən hərbi yolla araşdırılması Paşinyana sərf etmir: “Çünki Paşinyan hakimiyyətdə tam oturmaq üçün sakitlik istəyir. Bundan sonra o, ordudakı revanşistlərin təmizlənməsi prosesinə start verəcək. Ardınca isə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək, hətta sülh sazişinə də imza atacaq. Deməli, sərhəddəki təxribatın törədilməsində Paşinyan izini axtarmaq sadəlövlük olardı. Bunları edənlər “Qarabağ klanı”nın orduda qalan tör-töküntüləridir. İstəyirlər aranı qarışdırıb, Paşinyan hakimiyyətinə problem yaratsınlar”.
Məhəmmədəli QƏRİBLİ