Əliyev-Putin danışığında 10 noyabr və 11 yanvar bəyanatlarının “praktik aspektləri” ifadəsi...

Elşən Manafov: “Paşinyan hakimiyyəti Zəngəzur dəhlizinin, nəhayət, açılması ilə bağlı addımlar atacaq”

img

Məlum olduğu kimi, Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarının həyata keçirilməsinin praktiki aspektləri nəzərdən keçirilib. Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası üzrə üçtərəfli formatda işin fəallaşdırılmasına xüsusi diqqət yetirilib.

İkitərəfli gündəliyin cari məsələlərinin müzakirəsi gedişində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan-Rusiya strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsi əzmində olduqlarını qarşılıqlı surətdə təsdiq ediblər. Bununla belə, dövlət başçıları müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Maraqlıdır, iki ölkə başçısının telefon danışığında “bəyanatların həyata keçirilməsinin praktik aspektləri” ifadəsi nə deməkdir? Burada söhbət konkret nədən gedir? Ermənistanda seçkilər keçirildiyinə görə ola bilərmi ki, kommunikasiyaların açılması ilə bağlı konkret addımların atılmasına start verilsin?

  • “Rusiya sözügedən məsələlərlə bağlı moderator olduğundan...”

Məsələyə münasibət bildirən politoloq Elşən Manafov bununla bağlı bir sıra məqamlara toxundu: “Bir qayda olaraq, prezidentlərin telefon danışıqlarında ikitərəfli maraq doğuran məsələlər müzakirə edilir. Bu gün danışıqlardakı mövzular da bölgədə təhlükəsizlik, inteqrasiya imkanlarının genişləndirilməsi ilə bağlı problemlərin həllini özündə ehtiva edir. Rusiyanın moderatorluğu ilə qəbul edilmiş bəyanatlar bölgədə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülh müqaviləsinin imzalanmasını ehtiva etməlidir. Rusiya sözügedən məsələlərlə bağlı moderator olduğundan, bu məsələlərin həllinin Moskva ilə razılaşdırılmasına ehtiyac var. Güman edirəm ki, Ermənistan da Rusiyanın bölgədəki maraqlarını nəzərə alacaq. Rusiya ilə uzlaşdırılmış şəkildə siyasət həyata keçirəcək. Ən azından, Paşinyan Moskva razılaşmasına imza atan hüquqi və siyasi şəxsdir. Bu mənada, həmin razılıqların həyata keçirilməsində daha çox o maraqlı olmalıdır. İstisna deyil ki, yaxın perspektivdə Paşinyan hakimiyyəti Zəngəzur dəhlizinin, nəhayət, açılması ilə bağlı addımlar atacaq. Bölgədə digər maraqlı dövlətlər də var. Türkiyənin bölgə ilə bağlı maraqları var. Bütün bu proseslər Rusiyanın da ciddi nəzarəti altındadır. Bu mənada, güman edirəm ki, müəyyən proseslər gedə bilər”.

Politoloq iki ölkə başçısının telefon danışığında müəyyən razılaşmaların əldə olunmasını da istisna etmədi.

Vidadi ORDAHALLI

Son xəbərlər