Qarabağ münaqişəsinin indiki durumuna Rusiyanın həlledici töhfəsi müzakirə mövzusuna çevrildi…

Elşən Mustafayev: “Bütün bunlar o anlama gəlmir ki, Rusiya bölgədə və problemin gələcək tənzimlənməsində ürəyi istədiyini edə bilər”

img

Qarabağda münaqişə Rusiyanın həlledici töhfəsi sayəsində dayandırılıb. Regionda sülhə və təhlükəsizliyə etibarlı şəkildə zəmanət verən rusiyalı sülhməramlılar humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün çox iş görür.

 

Bu barədə RF prezidenti Vladimir Putin Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva Konfransının iştirakçılarına videomüraciətində deyib. RF prezidenti qeyd edib ki, Rusiya möhkəm tarixi, mədəni, insani əlaqələrlə bağlı olduğu qonşu ölkələrin təhlükəsizliyi və tərəqqisi naminə öz üzərinə götürdüyü məsuliyyəti heç vaxt yaddan çıxarmır.

O deyib: “Biz ümumi qitəmizdə regional münaqişələrin dayandırılmasına, sülhün və sabitliyin möhkəmlənməsinə bundan sonra da kömək etmək niyyətindəyik”.

Rusiya dövlətinin başçısı, həmçinin, Suriya münaqişəsinin nizamlanması barədə xatırladaraq qeyd edib ki, Türkiyə və İranla Astana formatı çərçivəsində siyasi-diplomatik fəaliyyət BMT-nin himayəsi altında Suriya münaqişəsinin nizamlanması prosesini başlamağa imkan verdi.

Putinin Qarabağ münaqişəsinin dayandırılmasında müstəsna rolunu xüsusi qeyd etməsi fikri ilə razılaşmaq olarmı?

Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Putinin açıqlamasından bir çox nəticələri çıxarmaq olar: “O, münaqişənin dayandırıldığını, bir sözlə, bitdiyini deyir. Bu, faktiki olaraq, bizim rəsmi mövqeyimizə uyğundur. Çünki biz də bəyan edirik ki, münaqişə yoxdur, tarixin arxivinə göndərilib. Ermənilər isə öz havadarlarının dəstəyilə belə rəy yaratmağa çalışır ki, münaqişə tam bitməyib. Bunu status əldə etmək üçün edirlər. Putin birmənalı olaraq münaqişənin bitdiyini bəyan edirsə, deməli, status doğrudan da gorbagor olub. Rusiyanın prosesdəki fəallığını unutmaq olmaz. Cünki biz gördük ki, üçtərəfli razılaşmanın əldə olunmasında da Rusiyanın vasitəçiliyi oldu. Münaqişənin yaradılmasında da Rusiyanın rolu danılmaz idi. Çünki bu konflikt onun nüfuz dairəsində idi. Rusiya problemin nizama salınmasında digər gücləri də kənara qoydu. Həmsədrlərin prosesə təsiri tam neytrallaşdırıldı. Ən sonda isə sülhməramlı kontingenti ilə özünün Cənubi Qafqazdakı mövcudluğunu daha da möhkəmlətdi. Lakin bütün bunlar o anlama gəlmir ki, Rusiya bölgədə və problemin gələcək tənzimlənməsində ürəyi istədiyini edə bilər. Rusiya bu dominant rolundan istifadə edib, erməniləri müdafiə etməməlidir. Öz təsir gücündən doğan məsuliyyətini hiss etməlidir ki, bölgədə davamlı sülhə təminat versin. Postkonflikt dönəmi ilə bağlı addımların atılmasını təmin etmək lazımdır. Rusiya Ermənistana təzyiq göstərib, onu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər