Ermənilər Azərbaycanın “ASAN xidmət” modelini də oğurladılar...

Azər Həsrət: “...modelimizi oğurlamaqla özünü aşağılamış olur”

img

Özünün heç nəyi olmayan, başqa xalqlardan, dövlətlərdən oğurladıqlarının hesabına meydana çıxan Ermənistan Azərbaycana məxsus kreativ xidmət modelini də oğurlayıb.

Yayılan məlumatlara görə, Ermənistan ideyası Azərbaycan Prezidentinə məxsus olan “ASAN xidmət” modelini də oğurlayıb. Belə ki, Gümrü şəhərində dövlət xidmətlərini bir məkanda birləşdirən ofisin açılışı olub.

“Modern.az” xəbər verir ki, ofisdə Şirak bölgəsində yaşayan ermənilər üçün 110 dövlət xidməti, o cümlədən, Ədliyyə Nazirliyi, polisin pasport-viza idarəsi, Əmək və Sosial Təminat Nazirliyinin Sosial Təminat Xidməti, Milli Arxiv və s. qurumların xidmətləri bir məkanda birləşir.

Dövlət xidmətlərini bir mərkəzdə birləşdirəcək sistemin qurulmasına ötən ildən başlanıb. Məqsəd vətəndaşların öz problem və ehtiyaclarını həll etmələri üçün bir qurumdan digərinə getmələrinin, vaxt itirmələrinin qarşısını almaqdır.

Xatırladaq ki, konsepsiya və stuktur baxımından Ermənistanda fəaliyyət göstərən dövlət xidmətlərinin birgə ofisi Azərbaycanda hələ 2012-ci ilin iyulunda yaradılmış “ASAN xidmət”lə eynilik təşkil edir.

  • “Oğurluq edən Ermənistan yaxşı bilir ki, “ASAN xidmət” modeli dünyada tanınan, təsdiqlənən, qəbul edilən bir Azərbaycan brendidir”

Siyasi şərhçi Azər Həsrət deyir ki, Ermənistanın “ASAN xidmət” modelini oğurlaması təsadüfi deyil. Bu ölkənin özünün heç nəyi olmadığı və oğurluq hesabına mövcudluğunu qoruduğunu deyən A.Həsrət qeyd edir ki, bu, erməni xislətidir, burada qeyri-adi bir şey yoxdur: “Ermənilər, Ermənistan dünyanın hər yerində yeni bir model varsa, tətbiq olunursa, sahibindən icazə almadan onu oğurlayırlar, mənimsəyirlər, bir müddət sonra hətta iddia edirlər ki, “bu, qədim erməni dəyəridir”. İstənilən bir şeyə onlar “qədim erməni” damğası vurub özlərini dünyaya təqdim edə bilirlər. Oğurluq edən Ermənistan yaxşı bilir ki, “ASAN xidmət” modeli dünyada tanınan, təsdiqlənən, qəbul edilən bir Azərbaycan brendidir.  “ASAN xidmət” modeli məhz dünyada bir Azərbaycan brendi kimi tanınır, qəbul edilir. Hətta bir sıra ölkələr gəlib Azərbaycanda “ASAN xidmət” təcrübəsini öyrəniblər, öz ölkələrində tətbiq etməyə başlayıblar, bunun üçün Azərbaycandan icazə də alıblar. Rəsmən Azərbaycanın brendi olduğunu bütün dünya qəbul edir, tanıyır. Ermənilər də bu və ya digər şəkildə “ASAN xidmət” modelindən yararlanmaq istəyirlərsə, yararlansınlar, amma bu brendin müəllif hüquqlarına da hörmət etmələri vacibdir. Edəcəklərmi, edirlərmi? Bu, əlbəttə, açıq suallardır. Əslinə qalanda təcrübədən çıxış etsək, uzun illərdir görürük ki, ermənilər nəinki Azərbaycandan oğurladıqlarına, ümumiyyətlə, hansısa başqa xalqdan, ölkədən oğurladıqlarına həmişə sayğısız yanaşıblar, həmişə müəllif hüquqlarını pozublar”.

A.Həsrət hesab edir ki, “ASAN xidmət” modelini oğurlayan Ermənistan Azərbaycanın müəllif hüquqlarına sayğısız yanaşır. Onun sözlərinə görə, əslində, Ermənistan normal bir dövlətə çevrilərsə, oranı idarə edənlər daha ağıllı davranarlarsa və Azərbaycanla münasibətləri yoluna qoysalar, “ASAN xidmət” kimi yüksək, üstün yeniliklərin tətbiqində Azərbaycan onlara kömək də edə bilər. “Amma, göründüyü kimi, onlar Azərbaycanla münasibətlərin normallaşmasına o qədər də isti yanaşmırlar, buna görə də ölkələrini, xalqlarını irəli aparmaq üçün çətinliklərlə üzləşirlər. Bu baxımdan, Ermənistan “ASAN xidmət” modelimizi oğurlamaqla özünü aşağılamış olur” - deyə A.Həsrət qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər