Mina xəritələrini verməməsi Ermənistana baha başa gəlir...

img

İşğaldan azad olunmuş torpaqların minalardan təmizlənməsi üçün müvafiq xəritələrin hamısının Azərbaycana verilməməsi dünya miqyasında Ermənistanı getdikcə daha çox tənqid hədəfinə çevirir. Bu hal Avropa Şurası Parlament Assambleyasının plenar iclasında özünü yenidən qabarıq büruzə verdi. Burada Ermənistanın mina xəritələrini verməməsi bu ölkə ilə bağlı yenidən sərt fikirlərin səslənməsinə gətirib çıxardı.

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç məsələyə münasibət bildirərkən qeyd etdi ki, indi ən əsas məsələ məhz Azərbaycan torpaqlarının minalardan təmizlənməsidir. Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının minalardan təmizlənməsi üçün mina xəritələrinin Azərbaycana verilməsi prioritet məsələdir: "Avropa Şurası Ermənistanın mina xəritələrini Azərbaycana verməsi və erməni əsirlərin qaytarılmasını alqışlayır. Münaqişə uzun müddət davam etdiyindən, azad edilmiş ərazidə çoxlu sayda mina mövcuddur. Onlar aşkarlanmayanadək əhalinin geri qaytarılması mümkün olmayacaq. Ermənistan və Azərbaycanı bu işi davam etdirmək üçün dəstəkləməyə hazırıq. "Avropa Şurası Azərbaycan və Ermənistan arasında baş verən hərbi münaqişədən sonra Bakıya və İrəvana işçi qrup göndərib. Bu münaqişə ilə məşğul olmaq ATƏT-in Minsk Qrupuna həvalə olunub və Avropa Şurası bu məsələdə Minsk Qrupunu bundan sonra da dəstəkləyəcək. Avropa Şurası, öz növbəsində, münaqişədən sonrakı ərəfədə iki ölkə arasında inamın yaranması və gücləndirilməsi üçün əlindən gələni etməyə hazırdır".

İtaliyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Mariya Rizzotti də mina xəritələri ilə bağlı Ermənistanı sərt tənqid edənlər sırasında yer alır. O qeyd edir ki, artıq AŞPA saytında dərc olunan və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən kütləvi şəkildə yerləşdirilmiş mina xəritələrinin verilməsinin təcililiyini tələb edən bəyanata imza atıb: “Hesab edirəm ki, 30 illik işğaldan sonra sülh bəyannaməsinin imzalanması Qarabağda yenidənqurma işləri üçün çox vacibdir”. Ermənilərin mina xəritələrini təcili surətdə verməli olduqlarını bildirən Rizzotti qeyd edib: “Mina xəritələrindən danışanda gözlərim önündə ilk canlanan həmin ərazilərdə oynayan uşaqlar olur. Orada oynayan uşaqların, orada yenidənqurma işlərində iştirak edən günahsız insanların, bərpa prosesinə qatılan xarici şirkətlərin nümayəndələrinin basdırılmış minalardan həlak və ya əlil olması qəbuledilməzdir. Piyada əleyhinə minalardan istifadə beynəlxalq konvensiyalarla qadağandır. Münaqişə baş vermiş digər ölkələrdə uşaqların mina partlayışlarından necə həlak olduqlarını görmüşük və bir daha belə hallara yol vermək olmaz. Hər hansı bir ölkənin mina xəritəsini verməməsi ucbatından həmin dəhşətli səhnələrin təkrarlanmasına yol verə bilmərik. Azərbaycan respublikasının prezidenti çıxışlarında sülhdən, eləcə də Qarabağı birlikdə yenidən qurmaqdan, Qarabağda birgə sülh şəraitində yaşamaqdan danışır. Bu, Ermənistan üçün də böyük imkanlar yaradır. Bu gün Bakıda, bütün digər dini icmalar kimi, 20 minədək erməni yaşayır. Bu, Azərbaycanın çoxmədəniyyətliliyinin və tolerantlığının nümayişidir. Qarabağ münaqişəsi dini münaqişə deyildi. Azərbaycan dünyəvi müsəlman ölkəsidir. Azərbaycan bir sıra Qərb ölkələrindən əvvəl qadınlara səsvermə hüququ verib. Azərbaycan yüksək dəyərlərini və bütün etnik qruplara hörmətlə yanaşdığını nümayiş etdirib. Təsəvvür edə bilmirəm ki, mina xəritələrini necə verməmək olar”. Rizzotti vurğulayıb ki, 30 il ərzində beynəlxalq təşkilatların - Avropa Şurasının, BMT-nin işğal edilmiş ərazilərin azad olunması ilə bağlı çoxsaylı qətnamə və qərarları olub: “Təəssüf ki, diplomatiya müharibənin etdiyini edə bilmədi. Azərbaycan xalqı müharibə yolu ilə torpaqlarını qaytardı və illər əvvəl doğma yurdundan didərgin düşən insanlara torpaqlarını qaytardı.

Artıq münaqişə bitib. İndi Qarabağda azərbaycanlı və erməni icmaları arasında sülhün bərqərar olması haqqında düşünmək lazımdır”.

AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak da mina xəritələrinin verilməməsinə görə Ermənistanı sərt tənqid edənlər sırasındadır: “Avropa Şurası Katibliyinə müraciət edəcəyəm. Əgər razılıq olarsa və Azərbaycan tərəfi də buna etiraz etməzsə, vəziyyəti öz gözlərimlə görmək üçün azad edilmiş ərazilərə, Ağdama getmək istəyirəm. İlk dəfədir ki, Azərbaycan üzrə həmməruzəçi belə bir bəyanata öz imzasını qoyur. Səbəb çox sadədir. Münaqişənin başa çatması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli Bəyanat imzalanıb. Bu Bəyanatda iki çox mühüm bənd var. Birincisi, Ermənistan mina xəritələrini təhvil verməlidir, Azərbaycan isə düşmənin əsgərlərini geri qaytarmalıdır”. O bildirib ki, mina xəritələrinin verilməsi çox vacibdir, çünki minalar dinc insanların ölümünə səbəb olur. Bütün dünyaya bəyan edirik ki, ərazilərin minalanmasını dayandırın. Bu səbəbdən də Azərbaycanın bu xəritələri əldə etməsi mühüm əhəmiyyət daşıyır. Artıq sülhün bərqərar olmasının, iki dövlətin yanaşı, dinc yaşamasının vaxtı çatıb. Bunun üçün qarşılıqlı etimad, inam formalaşdırılmalıdır. İyunun 12-də əldə edilmiş belə razılaşmaların gələcəkdə də mümkün olacağına inanıram. Avropa Şurası Katibliyinə müraciət edəcəyəm. Əgər etiraz olmazsa, Azərbaycan tərəfi də buna etiraz etməzsə, mən vəziyyəti öz gözlərimlə görmək üçün azad edilmiş ərazilərə, o cümlədən Ağdama getmək istəyərəm”.

Nahid SALAYEV

 

Son xəbərlər