Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ifşaedici açıqlama verib. O, keçmiş xarici işlər naziri Ara Ayvazyanın işğaldan azad edilmiş ərazilərin mina xəritələrini Azərbaycana verməyə əngəl yaratdığını açıqlayıb.
Bu haqda “Azadlıq” radiosunun erməni xidmətinə danışan Qriqoryan qeyd edib ki, A.Ayvazyan Azərbaycana mina xəritələrinin verilməsinə və əvəzində erməni hərbçilərinin qaytarılmasına əngəl yaradırdı: “Ayvazyan bizim tərəfdaşlarımıza deyirdi ki, bizim artıq verdiyimiz mina xəritələri mövcud deyil. Və o, istefa verən kimi bu məsələ həll olundu”.
Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, Ayvazyan nəinki yalan danışırdı, eləcə də bütün prosesə mane olurdu. Keçmiş nazirin təhlükəsizlik məsələlərini həll etmək istəyi yox idi, Ayvazyanın məqsədi ancaq Nikol Paşinyanın siyasi komandasına problemlər yaratmaqdan ibarət idi: “Sizdə belə sual yaranmır ki, nəyə görə bu problem uzun müddət həll olunmurdu, ancaq o istefa verib danışıqlarda iştirakını dayandıran kimi həll olundu?”.
Ermənistanın əsirlərin geri qaytarılması üçün minalanmış ərazi xəritələrini təhvil verməyə davam edib-etməyəcəyi barədə suala cavab olaraq Qriqoryan bildirib ki, Ermənistan rəhbərliyi istənilən konstruktiv hərəkətə analoji şəkildə cavab verməyə hazırdır. Eyham vurub ki, digər minalanmış ərazilərin xəritələri də qaytarıla bilər.
Məlumat üçün qeyd edək ki, A.Ayvazyan mayın 27-də istefa verib. Onun istefasından bir neçə gün sonra Ermənistan Ağdamın minalanmış ərazilərinin xəritəsini ABŞ və Gürcüstanın vasitəçiliyi ilə Azərbaycana verib, əvəzində Azərbaycan 15 erməni hərbçisini geri qaytarıb.
Belə məlum olur ki, A.Ayvazyan sözügedən prosesi yubadıb. Maraqlıdır, ümumilikdə, bundan sonra mina xəritələrinin verilməsi sürətlənə bilərmi?
“Bu, Ermənistanın digər rayonlar üzrə mina xəritələrini də Azərbaycana verməsi prosesini sürətləndirəcək”
Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynlinin fikrincə, bu açıqlama onu göstərir ki, Paşinyan hökuməti kifayət qədər inamlı hərəkət etməkdə davam edir: “Onun fəaliyyətində Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün bəlli siyasi iradənin işartıları görünür. Necə ola bilər ki, böyük ərazilərə mina basdırırlar, amma Ayvazyan xarici həmkarları ilə görüşdə yalandan, həyasızcasına mina xəritələrinin olmadığını bəyan edir? Amerikaya qaçan polkovnikin dediyinə görə, 17 maşından çox minanı tək Kəlbəcər və Laçına döşəyiblər. Bundan daha çox minanı isə Füzuli, Ağdam, Zəngilan və digər rayonlara basdırıblar. Hərbidə piyadalar və tank əleyhinə basdırılan minalar xəritəyə alınır. Basdırılan yerin koordinatları müəyyənləşdirilir. Bu mənada, Ayvazyanın ifşası onun humanist dəyərlərdən xeyli uzaq olduğunu göstərdi. O, tam təsadüf nəticəsində xarici işlər naziri olub. Tədricən həqiqət üzə çıxır. Ağdamla bağlı mina xəritələri üzə çıxdı. Deməli, digər ərazilərlə də bağlı mina xəritələri var. Bu xəritələr də Azərbaycana verilməlidir. Ayvazyanın ifşası Ermənistanın digər rayonlar üzrə mina xəritələrini də Azərbaycana verməsi prosesini sürətləndirəcək. Zəngilan, Cəbrayıl rayonlarının mina xəritələri bu günlərdə Azərbaycana təhvil verilməlidir. Ermənistanda seçki eyforiyası arxada qalıb. Bundan sonra daha normal əlaqələr qurmaq olar”.
Politoloq bu istiqamətdə proseslərin müsbət məcrada inkişaf edəcəyini güman edir.
Vidadi ORDAHALLI