“Azərbaycanla Ermənistan arasında 15 erməninin mina xəritələri müqabilində dəyişdirilməsini yüksək qiymətləndiririk”. Bunu Avropa Şurası Parlament Assambleyasının sessiyası çərçivəsində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun sualına cavabında deyib.
Onun sözlərinə görə, münaqişə bölgəsindən olan bir şəxs kimi minaların fəsadlarının 50 il, bəzən daha uzun davam etdiyini, uşaqların, günahsız insanların həyatına son qoyduğunu yaxşı bilir: “Əlbəttə, saxlanılan şəxslərin taleyi hər kəs üçün narahatlıq doğurur. Amma biz mina xəritələrini də unutmamalıyıq. Bu xəritələrin verilməsi və minaların təmizlənməsi insanların öz evlərinə qayıtmasını sürətləndirəcək. Buna görə də mən tərəflər arasında həyata keçirilmiş bu razılaşmanı dəstəkləyirəm və gələcəkdə də bu cür razılaşmaların olacağına ümid edirəm”.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Baş katibə sualla müraciət edərək soruşub:
“2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanat Ermənistanla Azərbaycan arasındakı münaqişəyə son qoyaraq, bölgəmizdə davamlı sülh üçün nadir fürsət oldu.
İndi hər iki ölkənin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət əsasında beynəlxalq aktorların Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına və etimadın qurulmasına dəstək verməsi vacibdir. Bu baxımdan, Avropa Şurasının iki üzv dövlət arasında barışığın təşviqi üçün hansı addımlar atacağını bilmək istərdim”.
Göründüyü kimi, AŞ Baş katibi mina xəritələrinin Azərbaycana verilməsini diversantlarla bağlı məsələdən daha prioritet sayıb. Bu yanaşmanı necə dəyərləndirmək olar?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə bildirdi ki, AŞ baş katibinin bu yanaşması obyektivlikdən xəbər verir: “Bilirsiniz ki, bir neçə gün əvvəl 15 erməni diversantının təhvil verilməsinin müqabilində Ermənistan Ağdam rayonu üzrə minalanmış sahələrin xəritəsini bizə təqdim etdi. Azərbaycanın azad edilmiş ərazisinin hazırda ermənilər yaşayan hissəsində Rusiya Müdafiə Nazirliyi, azərbaycanlıların yaşadığı hissədə isə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir. Bu müsbət haldır. Digər tərəfdən, diversantlar Ermənistana Gürcüstan sərhədində təhvil verilib. Əvvəllər sülhməramlıların komandiri birbaşa İrəvan-Bakı reysi ilə Bakıya gəlib əsirləri Ermənistana aparırdı. Bu dəfə Rusiyanın kənarda qalması artıq onu göstərir ki, Qərb müəyyən vasitələrlə prosesə qoşulmağa çalışır. Qərbin prosesə qatılması ilə bölgədə balansın yaradılması Azərbaycanın Rusiya “sülhməramlıları”ndan tam olaraq asılı vəziyyətdə qalmaması üçün önəmli məsələdir. Ancaq həmin mübadilədən sonra Paşinyan, sanki alver edirmiş kimi bildirdi ki, əllərində olan minalanmış sahələrin kiçik bir hissəsinin xəritəsini veriblər. Yəni alverin mümkünlüyünün anonsunu verdi. Rəsmi Bakı bu işdə özü birbaşa olaraq səy göstərməli, ABŞ, Avropa İttifaqı və ATƏT-lə əlaqələr quraraq digər ərazilərin də mina xəritələrini almağa nail olmalıdır. Artıq Ermənistanda hakimiyyət Paşinyanaın əlində qalıb. O, bu prosesi tamamlaya bilər. AŞ-nın mövqeyindən görünür ki, Qərbin özü üçün xəritələrin verilməsi daha prioritetdir. Paşinyan da Qərbə yaxın siyasətçi sayılır. Düşünürəm ki, tezliklə ona Qərb tərəfindən də xəritələrin verilməsilə bağlı ciddi təzyiqlər olacaq”.
Məhəmmədəli QƏRİBLİ