Azərbaycan və Türkiyənin Cənubi Qafqazda regional əməkdaşlıq formatının yaradılması təşəbbüsü ciddi müzakirə mövzusu olaraq qalmaqdadır. Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan ötən həftə Azərbaycan Milli Məclisindəki çıxışında bu məsələdən bəhs edib. Bildirib ki, format çərçivəsində əməkdaşlığın formalaşması nəticəsində Ermənistan özünün yaratdığı mühasirə şəraitindən çıxmış olacaq.
Ərdoğan altı ölkədən - Rusiya, Türkiyə, İran, Azərbaycan, Gürcüstan və Ermənistandan ibarət (istənildiyi təqdirdə) bir platformanın yaradılmasını dəstəklədiyini bildirib. Bunun üçün Ərdoğana görə, Moskva ilə Tiflis arasındakı münasibətlərin yaxşılaşdırılması vacibdir: “Biz altı ölkə bir araya gəlsək, bölgədə sakitlik və hüzur bərpa olacaq. Burada yalnız Gürcüstanın özü ilə bağlı sualları vardı. Gürcüstan baş nazirinin son Türkiyə səfərində bunu mən onunla danışdım. Dedim, bu, Gürcüstanın da xeyrinə olacaq. Biz Türkiyə olaraq Ermənistanla aramızda olan sıxıntılara rəğmən, Azərbaycandakı qardaşlarımızla olan sıxıntıların da aradan qalxmasını istəyirik. Bu format sizin də Rusiya ilə bağlı sıxıntılarınızın aradan qalxmasına vəsilə olacaq. Dedim ki, Gürcüstan üçün faydalıdır, gəlin edək. Rusiya ilə çətinliklərin öhdəsindən gəlməyinizi istəyirik. Yaxşı olacağını söylədim, bölgənin sülhə ehtiyacı var. Ermənistan Azərbaycanla olan problemlərini həll etdikcə, biz də Türkiyə olaraq lazım olan addımları atacağıq”.
Ərdoğanın açıqlamasından belə məlum oldu ki, Gürcüstan və Ermənistan da mövqe bildirsə, 6-lıq formatı yarana bilər. Maraqlıdır, Gürcüstan bunu niyə istəmir və ləngidir?
“Ermənistanın yeni hakimiyyətinin Zəngəzur dəhlizinin reallaşmasına razılıq verəcəyi istisna deyil”
Məsələyə münasibət bildirən politoloq Elşən Manafovun fikrincə, Tiflisin bu məsələdə tələsməməsi əsasən Gürcüstanın Rusiya ilə olan problemləri ilə bağlıdır: “Ərdoğanın 6-lıq formatı Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhün təmin olunmasına töhfə verə bilər. Bu mənada, bölgə dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsinə təkan verəcək. O cümlədən, bölgə dövlətləri arasında yeni tip münasibətlərin formalaşmasına kömək edəcək. Altılıq formatının yubanması daha çox Rusiya-Gürcüstan münasibətlərində yaşanan problemlərlə əlaqədardır. Ancaq Gürcüstanın özünün Qərbə birtərəfli inteqrasiya siyasəti onun Rusiya ilə ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında razılığa gəlmək istiqamətində addımlar atmasına mane olmamalıdır. Xüsusilə Saakaşvilinin hakimiyyətdən getməsindən sonra Gürcüstan iqtidarı Rusiya ilə ikitərəfli münasibətlərin genişləndirilməsi və münasibətlərdə etimadın daha da artırılması istiqamətində müəyyən addımlar atdı. Ancaq, hər halda, Gürcüstanın ərazi bütövlüyü ilə bağlı təhdidlər qalır. Rusiya Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” tanıyıb. Ona görə də Tiflis 6-lıq formatına elə də isti yanaşmır. Rusiya-Gürcüstan münasibətləri yoluna düşsə, o zaman 6-lıq formatının gerçəkləşməsi sürətlənə bilər. Ermənistanın yeni hakimiyyətinin Zəngəzur dəhlizinin reallaşmasına razılıq verəcəyi istisna deyil. Əsas Gürcüstan-Rusiya münasibətləridir. Ərdoğan da bütün bunların fərqindədir”.
Politoloq hesab edir ki, 6-lıq formatı reallaşsa, regiona sərmayə axını güclənəcək.
Vidadi ORDAHALLI