Məlum olduğu kimi, Qarabağ münaqişəsi zamanı da, postmünaqişə dövründə də bir sıra beynəlxalq təşkilatlar, o cümlədən də UNESCO Azərbaycanın çağırışlarına min bir bəhanə ilə cavab vermək istəmirdi. Bu gün isə vəziyyət dəyişib, UNESCO özü işğaldan azad edilən ərazilərimizə missiya göndərməkdə maraqlı görünür.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva mətbuata bildirib ki, Azərbaycan UNESCO missiyasının Ağdam, Füzuli və Şuşaya səfər etməsini təklif edib.
O, həmçinin, qeyd edib ki, Azərbaycan UNESCO və BMTQAK-ın missiyasını qəbul etməyə tam hazırdır.
L.Abdullayeva Azərbaycanın “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə” 1954-cü il Haaqa Konvensiyasına uyğun olaraq, ölkəmizin münaqişənin təsirinə məruz qalmış ərazilərinə dəvət etdiyi UNESCO missiyası ilə bağlı son yeniliklər haqda danışarkən deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin UNESCO-nun baş direktoru Odre Azule ilə telefon danışığının davamı olaraq, son aylar ərzində Azərbaycan və UNESCO arasında videokonfrans formatında bir sıra görüşlər keçirilib: “2021-ci il iyunun 21-də baş tutmuş sonuncu görüş zamanı Azərbaycan tərəfi ölkəmizin UNESCO missiyasını qəbul etməyə hazır olduğunu bir daha vurğulamış və təşkilatı bu prosesi sürətləndirməyə çağırmışdır. Bu xüsusda, UNESCO missiyasının işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarına və Şuşa şəhərinə səfəri ilə bağlı müzakirələr aparılıb”
Tanınmış tarixçi-etnoqraf, mədəni irs üzrə araşdırmaçı Ənvər Çingizoğlu “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan dövləti bütün tərəfdaşları ilə uğurlu əməkdaşlıq nümunələri təqdim edib. UNESCO ilə də əməkdaşlıqda dövlətimizin hər zaman nümunəvi addımlar atdığını deyən Ə.Çingizoğlu hesab edir ki, bu təşkilatda ermənipərəst qüvvələr olmasaydı, indi UNESCO Azərbaycana çoxdan missiya göndərmişdi. UNESCO missiyasının azad olunmuş Ağdam və Füzuli, Şuşa şəhərinə səfəri effektiv olacaq: “Azərbaycan dövləti həm torpaqlarımız işğalda olduğu dövrdə, həm də torpaqlarımız işğaldan azad edildikdən sonra UNESCO-nun missiyasını bölgəyə dəvət edib, özü də dəfələrlə. Amma sizə də məlum olduğu kimi, UNESCO uzun illər bu səfərdən boyun qaçırıb. Bilirsiniz, Azərbaycan dəvət etməmişdən əvvəl onların özləri bizə müraciət etməli idilər. Çünki söhbət maddi-mədəni, tarixi irsin taleyindən gedir. Ermənilər Azərbaycan xalqının tarixi, maddi-mədəni, dini irsini dağıdıb, talan ediblər. Azərbaycanın Ağdam və Füzuli rayonları tamamilə məhv edilib, buradakı bütün tarixi, dini, mədəni abidələr yerlə yeksan edilib. Bu baxımdan, Azərbaycan tərəfin UNESCO-ya ermənilər tərəfindən viran qoyulan Füzuli və Ağdama missiya göndərməyi təklif etməsi imkan verəcək ki, qurum təmsilçiləri vəziyyəti görüb qiymətləndirsinlər. UNESCO Şuşaya, Ağdama və Füzuliyə missiya göndərərsə, öz tərəfsizliyini ortaya qoymuş olar. Təsəvvür edin ki, indiyə qədər bu təşkilatda çalışanları ermənipərəst mövqe və xristian təəssübkeşliyi sərgiləyən görmüşük. İndi gəlib görsünlər ki, Ermənistan Ağdamda, Füzulidə, Şuşada müsəlman abidələrinin başına hansı oyunlar açıb. Hesab edirəm ki, UNESCO Azərbaycanın təklifinə qarşılıq verməli və qərəzsizliyini dünyaya sübut etmək və öz statusuna sadiq olduğunu göstərmək üçün azad olunmuş ərazilərimizə gəlməlidir. UNESCO-nun missiyası Ermənistanın törətdiyi dəhşətləri öz gözləri ilə görməlidir, görəcəklər də. Səfərə gələrlərsə, bundan sonra görək UNESCO Ermənistana qarşı hansı sanksiyaların tətbiq edilməsinə qərar verəcək? Bu qərarı gözləyirik” - deyə Ə.Çingizoğlu qeyd etdi.
İradə SARIYEVA