Ermənistanda keçirilən seçkilərdə Nikol Paşinyanın qalib gəlməsi ən çox Rusiyada təəccüb doğurub. Ruslar Ermənistanın müharibədə məğlub olmasından çıxış edərək Paşinyanın bu cür üstünlük əldə edəcəyini gözləmirdilər.
Bu arada Rusiya mətbuatı Ermənistanda müxalifətin məğlub olmasını ortada yeni simanın olmaması ilə əlaqələndirib: “Paşinyandan əvvəl ölkəni idarə edən, başda Köçəryan olmaqla, “Qarabağ klanı”nın digər nümayəndələri Ermənistanda daha çox rədd edilirlər. Bu insanlar erməni xalqı tərəfindən korrupsiyada, cəmiyyətin yorulduğu diktatorluq vərdişlərində günahlandırılırlar. Erməni müxalifətinin problemi ondadır ki, Paşinyanla döyüşərkən yeni simalar tapa bilmədi. Ona görə də Paşinyan üçün rahat oldu. Ermənilər indi onu həm məğlubiyyətə, həm də alçaldıcılığa görə bağışlamağa hazırdırlar. Bu, kənardan nə qədər məntiqsiz, gülünc, mazoxist görünsə də, insanların seçimi belədir. Ölkənin qonşuları – həm tərəfdaşları, həm də düşmənləri bu seçimlə hesablaşmaq məcburiyyətində qalacaqlar. Və erməni xalqına bir şey tövsiyə etmək olar – illüziyalardan ən qısa müddətdə qurtulmaq. Zillət və güzəştlər bitməyəcək. Bəlkə də yeni başlayırlar – müharibəni itirən bütün dövlətlərin və xalqların payı budur. İstisna və möcüzə yoxdur”.
O da qeyd olunub ki, Rəsmi İrəvan, gec-tez, Bakı üçün həm sərhəd məsələlərində, həm də Naxçıvanı Azərbaycanın qalan hissəsi ilə birləşdirən Ermənistan ərazisindən keçməli olan nəqliyyat dəhlizi boyunca güzəştə getməli olacaq.
Belə məlum olur ki, erməni müxalifətinin ən böyük səhvi Köçəryan kimi mənfi reputasiyaya malik şəxslərə stavka etməsi olub. Bu da məğlubiyyəti qaçılmaz reallığa çevirib.
“Paşinyan Qarabağ danışıqlarında Moskvanın moderatorluğunu qəbul etdi və bu amillə hesablaşdı”
Məsələyə münasibət bildirən “Səs” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin fikrincə, Ermənistanda keçirilən seçkilərdə Rusiyanın yalnız Köçəryana stavka etdiyini iddia etmək doğru deyil: “Düzdür, ilk baxışdan üzdə bu belə görünürdü, amma reallıq heç də belə deyildi. Ermənistanda keçirilən seçkilərə Qərblə Rusiyanın kontekstində baxsaq, daha real mənzərə yaranar. Burada tərəflərdən biri qalib gəlməli idi. Ermənistanda insan amili bu gün üçün o qədər də önəmli deyil. Müxalifət yeni sima tapsaydı belə, nəyisə dəyişə bilməzdi. Köçəryanın məğlub olması o deməkdir ki, bir növ, Rusiya stavkanı Paşinyana etdi. Düzdür, üzdə bu belə görünmürdü. Rusiya kanallarında Köçəryanın müsahibələri təşkil edilirdi və s. Paşinyana ona görə stavka edildi ki, 10 noyabr bəyanatında onun imzası var. Rusiya da həmin razılaşmanın həyata keçirilməsində maraqlıdır. Baxmayaraq ki, Paşinyan hakimiyyətə “Sorosun uşağı” kimi gəlmişdi, amma son dönəmlərdə Rusiyanın maraqlarını nəzərə alırdı. Üstəlik, Rusiya Köçəryan tərəfdarlarının Ermənistanda elə də çox olmadığının fərqində idi. Paşinyan yaxşı bilir ki, ölkənin iqtisadi inkişafını təmin etmək qonşularla normal münasibətlərin qurulmasından və regional layihələrdə iştirakdan keçir. Yoxsa, Ermənistanda heç kəs qalmayacaq. Çünki geopolitik kontekstdən məsələyə yanaşdıqda biz görürük ki, Ermənistan regionda təcrid olunmuş vəziyyətdədir. Kapitulyasiya aktından sonra Paşinyan real vəziyyəti bilir və bunu dəyərləndirməyə çalışır. Ona görə də Paşinyan ikili oyuna getdi. Bir tərəfdən Qərbin adamı kimi onların istəklərini yerinə yetirdi, digər tərəfdən Rusiya reallığını qəbul etdi. Hakimiyyətə gəldiyi ilk vaxtlarda Rusiyaya açıq şəkildə tabe olmaq istəmədi. Onun bu addımları Ermənistanı ağır vəziyyətə saldı. Müharibədən sonra isə Rusiya ilə hesablaşdı. Qarabağ danışıqlarında Moskvanın moderatorluğunu qəbul etdi və bu amillə hesablaşdı”.
Politoloq hesab edir ki, Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğu üçün onun reallaşması qaçılmazdır.
Vidadi ORDAHALLI