Ermənistandakı növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın qərargahında olduğu üçün Xankəndidə etirazla qarşılaşan separatçıların başçısı Araik Arutyunyan iyunun 22-də özü də bilmədən ciddi bir faktı etiraf edib.
Xankəndidən Nikol Paşinyanın İrəvandakı qərargahına getməsinin səbəblərini izah etməyə çalışan Araik Qarabağdakı erməniləırin Ermənistana möhtac olduqlarını deyib: “Ermənistanla əlaqələr qurmadan 35 min “vətəndaşın” sosial probleminin həllini necə təsəvvür edirsiniz?” deyən separatçıların başçısı bununla Paşinyana dəstəyini izah etməyə çalışıb. Bununla da Araik Arutyunyan hazırda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə 35 min erməninin yaşadığını etiraf edib. Halbuki, Rusiya Müdafiə Nazirliyi və separatçıların daha əvvəl yaydığı məlumatlarda bu rəqəm iki dəfə və daha çox şişirdilirdi. Rusiya Müdafiə Nazirliyi sonuncu dəfə 52700 erməninin Qarabağa qaytarıldığını bildirmişdi. Xankəndidəki separatçılar və rəsmi İrəvan isə, hətta bir qədər də irəli gedərək, 105 min erməninin Qarabağa qayıtdığını iddia edirdi.
Araik Arutyunyan 35 min rəqəmini səsləndirməklə həm Rusiya Müdafiə Nazirliyinin, həm də rəsmi İrəvanın yalanını ifşa edib.
Hazırda Qarabağda yaşayan ermənilərin sayı nə qədər olar?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə bildirdi ki, 10 noyabr 2020-ci il tarixində 3 dövlət - Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanan birgə Bəyanatın 7-ci maddəsi Dağlıq Qarabağ regionuna məcburi köçkünlərin dönüşü ilə bağlı məsələləri tənzimləyir: “ Sənəddə deyilir: “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”.
Ötən qısa müddət ərzində razılaşmanın sözügedən müddəasının həyata keçirilməsi məqsədilə beynəlxalq humanitar missiyanın təşkil olunması haqqında məlumat yoxdur. Ancaq 44 gün davam edən müharibə zamanı münaqişə zonasını tərk etmiş ermənilərin geri qayıtmasına dair müxtəlif mənbələr tərəfindən fərqli rəqəmlər səsləndirilir. İlk növbədə, tərəflərin razılığı ilə regionda yerləşdirilən Rusiya Sülhməramlı Qüvvələrinin fəaliyyəti ilə bağlı yaradılmış informasiya resursunda gündəlik icmallar bölməsində 52 min şəxsin Xankəndi və ətraf ərazilərə qaytarıldığından bəhs edilir. Lakin haqlı olaraq sual meydana çıxır: Dağlıq Qarabağda işğala qədər və sonra yaşayan əhalinin demoqrafik, sosial və etnik-milli tərkibinin dinamikası necə dəyişib?
30 il əvvəl Qarabağda azərbaycanlıları etnik təmizlənməyə məruz qoyan təcavüzkar Ermənistanın işğalçılıq siyasəti bölgənin erməni əhalisinə qarşı da demoqrafik soyqırımla nəticələnib. Ermənistanda demoqrafik çöküşün yaşanması BMT səviyyəsində bəyan edilib. BMT-nin hesablamalarına görə, Ermənistan əhalisi hər il 8 min nəfər azalma tendensiyasına malikdir. 1991-ci ildə qondarma “müstəqillik” səsverməsində 108. 615 nəfər seçici səs verib. 2017-ci ildə səs vermək hüququ olan şəxslərin sayı 103.818 nəfər olub. 2020-ci il qondarma prezident seçici siyahısında isə 76.728 nəfərin adı olub. Bu onu göstərir ki, hətta qondarma qurumun rəsmiləri tərəfindən elan olunan rəqəmlər də əhali artımının tənəzzülünü təsəvvür etməyə imkan verir. Yəni 30 il ərzində səsvermə hüququ olanların sayı nəinki artıb, əksinə 108 mindən 103 minə enib. Bütün bunlar onu göstərir ki, Araik Arutyunyan doğrudan da, özü də bilmədən ermənilərin real sayı barədə həqiqətə uyğun rəqəm səsləndirib. Hətta mən deyərdim ki, hazırda Qarabağdakı ermənilərin sayı 35 mindən də azdır”.
Məhəmmədəli QƏRİBLİ