Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra bu ölkənin qonşu dövlətlər, xüsusən də Azərbaycan və Türkiyəyə münasibətdə hansı siyasət yürüdəcəyi indi əsas müzakirə predmetlərindən birinə çevrilib. Çünki regionda sülh və təhlükəsizliyin bərqərar olması, Ermənistanın özünün gələcək taleyi bu məsələdən birbaşa asılıdır. Belə görünür ki, erməni cəmiyyəti özü də bu reallığın fərqindədir. Ən azından ona görə ki, seçkilərin nəticələri erməni xalqının müharibədən, qonşularla problemlər yaşanmasından bezdiyini göstərdi. Otuz il davam edən işğal siyasəti Ermənistanı təcrid edərək, ciddi sosial-iqtisadi problemlər yaratdı. Azərbaycanın həyata keçirdiyi təcrid siyasəti nəticəsində Ermənistan regiondakı inkişaf proseslərindən, qlobal layihələrdən kənarda qaldı, bu ölkə xarici ianələrdən asılı vəziyyətə düşdü. İndi Ermənistan cəmiyyəti bununla barışmaq istəmir və bu səbəbdən Nikol Paşinyanın yenidən hakimiyyətdə qalmasına razılıq verdi.
Bakı sülh sazişi üzərində işləməyə hazırdır...
Məlumdur ki, 20 iyun seçkilərində Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası səslərin 53,92 faizini toplayıb. Bununla yeni parlamentdə Nikol Paşinyanın partiyası 72 yer, Robert Köçəryanın bloku isə 27 yer alacaq. Ölkənin əsas qanununa görə, parlamentdə iki müxalifət partiyası yer almalıdır. Ancaq digər partiya və bloklar seçki baryerini aşmayıb. Konstitusiyaya əsasən, bu şəraitdə ən çox səs toplayan partiya və ya siyasi blok üçüncü partiya olaraq parlamentə düşür. Bu halda Serj Sarksyanın siyasi bloku 6 mandatla parlamentdə təmsil olunacaq. Bununla Paşinyan təkbaşına hökumət formalaşdıra biləcək, xarici siyasətdə müxalifətdən asılı olmayan mövqe sərgiləmək imkanı qazanacaq. Məhz bu durmda Paşinyan Azərbaycan tərəfinin çağırışlarına da müsbət cavab verə bilər.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "TRT World"a müsahibəsində bu çağırışlar haqda yenidən maraqlı nüanslara toxunub: “Otuz il ərzində ilk dəfə olaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması imkanı yaranıb və Bakı sülh sazişi üzərində işləməyə hazırdır. Biz reallığa fokuslanmalıyıq. Reallıq isə belədir: müstəqillik qazandıqdan sonra ilk dəfədir ki, Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq üçün unikal şansı yaranıb". O bunu belə izah edib ki, artıq Azərbaycan ərazilərinin işğal faktı aradan qaldırılıb, əks halda başqa bir ölkənin ərazisini zəbt etmiş ölkə ilə sülh haqqında danışmaq olmazdı: “Ortada təxminən 30 illik düşmənçilik, işğal, itkilər, müharibənin ağır nəticələri var. Ancaq inanırıq ki, biz gələcəyə baxmalıyıq. Bilirsiniz, bu bizim üçün asan deyil, çünki baş verənlərin hamısı təzədir, yaddaşımızdan silinməyib". Nazir qeyd edib ki, Azərbaycan lideri də münasibətlərin normallaşmasının vacib olduğunu deyib: "Azərbaycan sülh razılaşması üçün Ermənistanla birgə işləməyə hazırdır. Biz elə bunu təklif edirik. Ermənistandan da eyni siyasi iradə və real addımlar gözləyirik”. Ancaq, nazirin sözlərinə görə, Bakı hələ ki öz təklifinə cavab almayıb. Hesab edilir ki, indi bölgədə yeni yaranmış reallıqlar Ermənistanın son şansıdır. Qarşıdan gələn dövrdə Ermənistan hakimiyyəti konstruktiv mövqe nümayiş etdirəcəyi halda, yeni imkanlardan bəhrələnə bilər. Bunu erməni cəmiyyəti də tələb edir.
Rusiyalı hərbi ekspert İqor Korotçenko məsələnin bu tərəfinə nəzər salaraq bildirir ki, Ermənistan əhalisi qisas almaq fikrini rədd edib, insanlar normal həyat şəraiti və dövlətin inkişafını istəyir. O bildirib ki, bu yalnız qonşu dövlətlərlə mehriban qonşuluq münasibətləri ilə mümkündür: “İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, minalanmış ərazilərin xəritələrinin verilməsi və bütün məsələlərin həlli, sərhədin delimitasiyası və demarkasiyasından sonra Ermənistan yeni şərtlərdə hərtərəfli inkişaf edəcək”. Korotçenkonun sözlərinə görə, erməni xalqı seçimini etdi və bu seçim intiqam almaq deyil, dinc inkişafa tərəfdar olmaqdır: “Seçki nəticələri Köçəryanın rəhbərlik etdiyi revanşist qüvvələrə böyük bir zərbədir. Bunlar öz problemləridir. Aydındır ki, Ermənistan indiki mövqeyində intiqam almağı xəyal etməməlidir”.
Azərbaycan və Türkiyə ilə yaxınlaşma olmadan Ermənistan tənəzzülə məhkumdur…
Ermənistan Azərbaycanla sülh razılaşması üçün, şübhəsiz ki, ilk növbədə ölkəmizə qarşı ərazi iddialarından vaz keçməlidir. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü bu ölkə tərəfindən tanınmalıdır. Rusiyalı siyasi şərhçi Maksim Yusin vurğulayır ki, bunun əksi Ermənistanın özü üçün ciddi problem olacaq: “Paşinyandan əvvəl ölkəni idarə edən, başda Köçəryan olmaqla, “Qarabağ klanı”nın digər nümayəndələri Ermənistanda daha çox rədd edilir. Bu insanlar erməni xalqı tərəfindən korrupsiyada, cəmiyyətin yorulduğu diktatorluq vərdişlərində günahlandırılır. Erməni müxalifətinin problemi ondadır ki, Paşinyanla döyüşərkən yeni simalar tapa bilmədi. Ona görə də Paşinyan üçün rahat oldu. Ermənilər indi onu həm məğlubiyyətə, həm də alçaldılmağa görə bağışlamağa hazırdırlar. Bu, kənardan nə qədər məntiqsiz, gülünc, mazoxist görünsə də, insanların seçimi belədir. Ölkənin qonşuları – həm tərəfdaşları, həm də düşmənləri – bu seçimlə hesablaşmaq məcburiyyətində qalacaqlar. Və erməni xalqına bir şey tövsiyə etmək olar – illüziyalardan ən qısa müddətdə qurtarmaq. Əks halda zillət və güzəştlər bitməyəcək. Rəsmi İrəvan gec-tez Bakı üçün həm sərhəd məsələlərində, həm də Naxçıvanı Azərbaycanın qalan hissəsi ilə birləşdirən Ermənistan ərazisindən keçməli olan nəqliyyat dəhlizi boyunca güzəştə getməli olacaq. Bunlar Paşinyanın hərbi əməliyyatların dayandırılması ilə bağlı müqavilələr bağlayaraq qəbul etdiyi güzəştlərdir. Bu məqamlara riayət olunmalıdır. Paşinyana seçkidə qələbə qazandıran insanlar bəlkə özləri də bilmədən bunun üçün səs verdilər”.
Digər rusiyalı politoloq Yevgeni Satanovski də bildirir ki, Paşinyan Bakı ilə razılıqlara əməl etməlidir: “Ermənistan dünyada Rusiyadan başqa, çətin ki, kiməsə lazımdır, Paşinyanın isə Moskva ilə münasibətləri mürəkkəbdir. Çətin ki, bu münasibətlər gələcəkdə daha aydın olsun. Bu səbəbdən Bakı İrəvan üzərində üstünlüyünü daha da artıracaq”. Politoloqun fikrincə, Rusiya sülhməramlıları Qarabağda əbədi deyil və ümumiyyətlə, bu dünyada heç nə, heç kim əbədi deyil: “Rusiyanın hərbi iştirakı olmasa, Qarabağda ermənilərin iştirakı da olmayacaq”.
Ekspert qeyd edir ki, bu gün, əslində Ermənistanda yaşanan xaos sadəcə müharibədə məğlub olmağın yox, illərlə erməni insanının təcrid siyasətindən əziyyət çəkərək sosial vəziyyətlərinin ağırlaşmasının da əyani təzahürüdür. Bu baxımdan, Ermənistan artıq dərk etməlidir ki, işğalçılıq siyasətinin nəticəsi necə olur. Paşinyan isə 2020-ci il 10 noyabr bəyanatına imza atmış şəxsdir və o, artıq müharibənin onlara nə verdiyini gözəl bilir. Bu reallıqlar kontekstindən çıxış edərək, Ermənistan da Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmağa çalışmalıdır. Bu da erməni xalqına və regiona müsbət dividendlər qazandıracaq. Nəqliyyat dəhlizlərinin açılması, iqtisadiyyatın dirçəlməsi nəticəsində güzəranı yaxşılaşan Ermənistan dərk edəcək ki, firavan gələcəyin ən real yolu qonşu ölkələrlə əməkdaşlıqdan keçir.
Rus sülhməramlıları olmasa, nəinki Qarabağda, heç Ermənistanda da erməni qalmayacaq...
Ermənistanın region ölkələri ilə əməkdaşlığında, onun üçtərəfli razılaşmaların şərtlərini yerinə yetirməsində Rusiya da maraqlı tərəfdir. Rusiyanın Geosiyasi Ekspertiza Mərkəzinin direktoru Valeri Korovin bildirib ki, Moskva Qafqazda yeni müharibə istəmir, əməkdaşlıq münasibətlərinin qurulmasında maraqlıdır:
“Ermənistan hakimiyyəti Rusiyanın bu mövqeyini nəzərə almağa məcburdur. Çünki Paşinyanın sərt çərçivəyə salındığı aydındır: daxildən əhalinin, xaricdən isə Qərbin təzyiqi altındadır. Onun üçün yeganə fürsət pəncərəsi Rusiya istiqamətindədir. Rusiya isə nəqliyyat dəhlizlərinin inkişafında və 44 günlük müharibənin nəticələrinə əsasən imzalanan müqavilənin bəndlərinin həyata keçirilməsində maraqlıdır. Paşinyanın infrastruktur layihələri və nəqliyyat dəhlizləri ilə bağlı razılaşmaları yerinə yetirməkdən başqa yolu yoxdur”.
Bu fonda Rusiya prezidenti Vladimir Putin də Beynəlxalq Təhlükəsizlik üzrə 9-cu Moskva konfransı iştirakçılarını salamlayarkən bildirib ki, məhz Rusiyanın həlledici töhfəsi ilə Dağlıq Qarabağda münaqişə dayandırılıb: "Rusiya sülhməramlıları regionda sülh və təhlükəsizliyi etibarlı şəkildə təmin edirlər. Humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün xeyli işlər görülür". Putinin sözlərinə görə, Rusiya qonşu ölkələrin təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıdığını heç vaxt unutmur və bundan sonra da münaqişə regionlarında vəziyyətin deeskalasiyasına, ümumi qitəmizdə sülh və sabitliyin möhkəmləndirilməsinə kömək göstərmək niyyətindədir. Beləliklə, Putinin bu sözlərindən bəlli olur ki, Ermənistan həqiqətən də indiki halda Rusiyaya borcludur və rus sülhməramlıları olmasa, nəinki Qarabağda, heç Ermənistanda da erməni qalmayacaq. Bu səbəbdən, Rusiyanın da istədiyi kimi. Ermənistan Azərbaycanla sülh razılaşması imzalamağa və regionda nəqliyyat dəhlizlərini, o cümlədən Zəngəzur dəhlizini açmağa məcburdur. Əks təqdirdə Ermənistanı daha acınacaqlı vəziyyət gözləyir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.