İyunun 20-də Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri onu göstərdi ki, erməni xalqı revanşist meyllərə “yox” deyir. Onlar haqsız müharibələrdən bezib. Aprel döyüşləri zamanı Azərbaycan Ordusuna məğlubiyyət Sarkisyan rejiminin sonu oldu.
Ötən il baş verən Vətən müharibəsindəki məğlubiyyət isə revanşistlərin hakimiyyətə qayıdış yolunu birdəfəlik bağladı. “Qarabağ klanı”nın bütün qüvvələrini səfərbər etməsinə, xaricdən dəstək almasına baxmayaraq, o, iflasa uğradı və Ermənistanın siyasi arenasında tam küncə sıxışdırıldı. Bu nəticəyə gəlmək olar ki, 30 ildən artıq Ermənistanda ağalıq etmiş revanşıstləri bir seçki ilə də tarixin arxivinə göndərmək olarmış.
Hərbi-siyasi ekspert Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanda heç vaxt xalq hakimiyyəti olmayıb: “Ermənistanda son parlament seçkilərindən iki ildən bir qədər artıq vaxt keçməsinə baxmayaraq, yenidən seçkilərin keçirilməsi də xalqın istəyi və tələbi ilə olmadı. Bu dəfə Azərbaycanın tarixi Zəfəri ilə başa çatan 44 günlük müharibənin yaratdığı yeni reallıq Ermənistan hakimiyyətini buna məcbur etdi. Ona görə də bu gün Ermənistanda baş verənlər, xüsusən də ölkədə keçirilən parlament seçkiləri və onun nəticələri bizi o qədər də təəccübləndirməməlidir. Ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası seçkilərdə 53,92 faiz səslə qalib oldu. Əslində bu, Paşinyanın siyasi çəkisinin ağırlığının deyil, köhnə korrupsioner bir rejimin yüngüllüyünün, erməni cəmiyyətinin bu qaniçən rejimdən bezməsinin bəhrəsidir.
Bu seçkilər bir daha göstərdi ki, erməni xalqı yenidən Azərbaycanın “dəmir yumruğu”na tuş gəlmək niyyətində deyil. Çünki təbliğat-təşviqat dövrü ərzində Köçəryan-Sarkisyan cütlüyünün ağzından revanşizm alovları püskürürdü. Onlar insanları Qarabağı yenidən döyüş yolu ilə alacaqlarına ümidli etmək istədilər. Ermənistan vətəndaşı bir daha səbəbsiz yerə özgə torpaqlarında ölmək istəmir. Çünki qutudan Paşinyanın deyil, Köçəryanın çıxması Ermənistan üçün vətəndaş müharibəsi, eləcə də yeni müharibə vəd edirdi. Köçəryan-Sarkisyan cütlüyü seçki prosesindəki saxtakarlıqlardan asanlıqla qopan deyil. Onlar nəyəsə nail olacaqlarını sanmasalar belə, müəyyən təxribatlara əl atacaqlar. Ermənistanda “daxili didişmə” hər zamankı kimi qüvvədə qalacaq. Bizim üçün maraqlı olan məsələ isə Ermənistanın bundan sonra regionda özünü necə aparacağıdır. Azərbaycanın revanşistlərlə, radikal qüvvələrlə heç vaxt əməkdaşlıq etməyəcəyi birmənalıdır. Ona görə də Ermənistanda yeni formalaşacaq hakimiyyət 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın tələblərini daha qətiyyətlə icra edə biləcək bir siyasi iradə nümayiş etdirməlidir”.
Məhəmmədəli QƏRİBLİ