Kreml Ermənistandakı parlament seçkiləri ilə bağlı vəziyyəti yaxından izləyir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib:
“İrəvandan gələn məlumatları çox yaxından izləyirik. Ermənistan Mərkəzi Seçki Komissiyasının seçkilərin baş tutması ilə bağlı verdiyi məlumatları alqışlayırıq. Əlbəttə ki, Paşinyanın partiyasının inamlı qələbə qazandığını görürük”. Onun sözlərinə görə, Kreml erməni xalqının qərarının ölkənin davamlı inkişaf yoluna çıxmasına kömək etməsini arzulayır.
Xatırladaq ki, iyunun 20-də Ermənistanda erkən parlament seçkiləri keçirilib. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası bütün 2008 seçki məntəqələrinində səslərin sayılmasından sonra qalib gəlib. Seçkilərə 25 siyasi qüvvə - 21 partiya və 4 blok qatılıb. Səsvermə hüququ olan 2 578 milyon vətəndaşdan 1 281 174 və ya 49.4% səsvermədə iştirak edib. Rusiyadan Paşinyanın qələbəsinə başqa reaksiya da gəlib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Ermənistandakı növbədənkənar parlament seçkisinin nəticələrinin ölkənin inkişafına və Moskva ilə gələcək əlaqələrin möhkəmləməsinə kömək olacağına ümid edir: “Ümid edirik ki, seçki prosesinin nəticələri Ermənistanın mütərəqqi inkişafına, Rusiya-Ermənistan münasibətlərinin daha da möhkəmlənməsinə, eyni zamanda bütün Cənubi Qafqaz bölgəsində sülh, təhlükəsizlik və sabitliyin təmin olunmasına öz töhfəsini verəcək, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının tam icrası yerinə yetiriləcək”.
Moskvanın Paşinyanın qələbəsinə ciddi dəstək ifadə etməsi olduqca maraqlı görünür. Çünki bu seçkilərdə Moskva üçün favorit namizəd Köçəryan sayılırdı. Rusiyanın Paşinyanın qələbəsinə verdiyi tərəddüdsüz dəstəyin kökündə hansı amillər dura bilər?
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiyanın özünü başqa cür aparmağa heç haqqı da çatmır: “Rusiya Ermənistanda çox ciddi zərbə aldı. Onun müəyyən etdiyi və tam dəstək verdiyi namizəd Ermənistanda əzici məğlubiyyətə uğradı. Moskva istəyərdi ki, başqa cür davransın, amma çox dərinliyə getmədi. Rusiya anlayır ki, xalq böyük gücdür. Ortaya iradə qoyanda ona kimsə qalib gələ bilməz. Ermənistan əhalisi yenə Paşinyanı seçdi. Baxmayaraq ki, Rusiyanın Ermənistana ciddi təsir imkanları qalmaqdadır. Həmin ölkənin sərhədlərini Rusiya qoruyur. Rusiyanın Ermənistanın daxilində böyük hərbi bazası mövcuddur. Bununla yanaşı, Ermənistan iqtisadiyyatının Rusiyadan böyük asılılığı var. Bütün bunlara rəğmən, Rusiya öz adamını hakimiyyətə gətirə bilmədi. Mən deyərdim ki, bu seçki Rusiyanın Cənubi Qafqazda rolunu zəiflədən mühüm addım sayılacaq. Sübut olundu ki, xalqın iradəsinə heç bir qüvvə təsir edə bilməz. Rusiya yenə öz kartından istifadə edəcək. Ana müxalifətin nümayəndəsi kimi Köçəryanı əlində saxlayacaq. Ondan Paşinyana təzyiq rıçaqı kimi uzun müddət istifadə edəcək”.
Məhəmmədəli QƏRİBLİ