“Biz hərbi əməkdaşlığımızı genişləndirməli və tərəfdaşlığımızı gücləndirmək üçün birgə hərbi təlim və başqa təşəbbüslər planlaşdırmalıyıq”. Bu barədə Prezident İlham Əliyev Pakistanın Quru Qoşunları komandanı, ordu generalı Qamar Caved Bacvanı qəbul edərkən bildirib.
Ölkə başçısının sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq hüquq və ədaləti fəal şəkildə müdafiə edir: “Mən Bakıda keçirilən sammitdə şəxsən iştirak etdiyinə və Qoşulmama Hərəkatı çərçivəsində bizim təşəbbüsləri dəstəklədiyinə görə Pakistanın Prezidentinə çox minnətdaram. Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq uğurla inkişaf edir. Biz müdafiə və müdafiə sənayesi sahələrində çox yüksək səviyyəli tərəfdaşlıq nümayiş etdiririk. Sizin bizim ölkəmizə səfəriniz bunun daha bir göstəricisidir. Biz Pakistanın müdafiə sənayesi məhsullarına çıxışımız olduğuna görə məmnunuq. Bildiyiniz kimi, biz bu məhsulları alırıq, bu da bizim hərbi potensialımızı gücləndirir. Düşünürəm ki, qarşıdakı illərdə biz hərbi əməkdaşlığımızı genişləndirməli və tərəfdaşlığımızı gücləndirmək üçün birgə hərbi təlim və başqa təşəbbüslər planlaşdırmalıyıq”.
Bu arada Azərbaycanla Pakistan arasında birgə təlimlərin keçirilməsi barədə razılıq əldə olunub.
“Xüsusən də dağlıq ərazilərdə döyüş aparmaq qabiliyyətinə görə...”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmli iki ölkə hərbi birləşmələrinin keçiriləcək təlimlərinə müsbət prizmadan yanaşdı: “Əvvəla Azərbaycanla Pakistan arasında yüksək səviyyəli münasibətlər mövcuddur. İki ölkə bütün platformalarda bir-birini dəstəkləyir. Bu onu göstərir ki, Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq yüksək səviyyədədir. Hərbi əməkdaşlıq, ümumiyyətlə, bir neçə istiqamətdə, həm təcrübə mübadiləsi, həm də kadrların hazırlığı məsələsində reallaşdırılır. Azərbaycanın Silahlı Qüvvələrinin Hərbi Akademiyasında strateji tədqiqatlar, dövlət müdafiəsində idarəetmə akademik kursunda bir neçə pakistanlı zabit təhsil alaraq məzun olub. Pakistanın güclü ordusu var. Nəzərə almaq lazımdır ki, Pakistan ordusu praktiki döyüş təcrübəsinə malikdir. Ordu ölkədə böyük nüfuza malikdir. Pakistanla keçiriləcək birgə hərbi təlimlər ordumuzun döyüş qabiliyyətini daha da artıracaq. Xüsusən də dağlıq ərazilərdə döyüş aparmaq qabiliyyətinə görə Pakistan Silahlı Qüvvələri ciddi təcrübəyə malikdir. Pakistan ordusunun özünəməxsus hərbi ənənələri var. Hesab edirəm ki, bütün bunlardan faydalanmaq ordumuzun xeyrinə olacaq. O baxımdan birgə hərbi təlimlərin keçirilməsi vacibdir”.
Hərbi ekspert hesab edir ki, bu təlimlər sayəsində ordumuz yeni-yeni təcrübələr əldə edəcək.
Vidadi ORDAHALLI