Azərbaycanın apardığı diplomatiya, təcrid siyasəti və İlham Əliyevin Ermənistan hakimiyyətlərinin faşist mahiyyəti barədə bəyanatları Ermənistanda son seçkidə xalqın seçiminə necə təsir etdi?
Aydın Quliyev: “Azərbaycan faktoru bu dəfə artıq seçki gününə qədər öz işini gördü”
“Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev “Trend”ə şərhində deyib ki, Ermənistanın tarixində bu seçkinin nəticələrinin əsas xüsusiyyətlərindən biri qonşu Azərbaycan dövlətinin özünün iqtisadi, siyasi güc faktorları ilə bu prosesə həlledici təsir göstərə bilməsindədir: “Məlumdur ki, Azərbaycanın siyasəti və Prezident İlham Əliyevin müəyyən bəyanatları zaman-zaman Ermənistanın daxili proseslərinə əhəmiyyətli dərəcədə təsir edib. Xüsusilə 2018-ci ildə Sarkisyanın siyasi səhnəni rüsvayçı məğlubiyyətlə tərk etməsində Prezident İlham Əliyevin Ermənistan cəmiyyətinin rəyini formalaşdırmaq gücündə olan bəyanat və təhlilləri həlledici rol oynadı. Məhz bu təsir faktorunun nəticəsi idi ki, erməni cəmiyyəti Sarkisyanın saxta seçkisinin nəticələrini qəbul etmədi və ona yeni hakimiyyət postuna sahiblənməyə imkan vermədi. Prezident İlham Əliyevin “Ermənistan xunta-faşist rejimidir”, “ölkə Sarkisyanın klan-mafiya diktaturasının girovudur” və sair kimi bəyanatları 2018-ci ildəki seçkisonrası proseslərin taleyini həll edən və Sarkisyanın devrilməsini şərtləndirən əsas faktorlardan oldu. Ermənistanda 20 iyun seçkilərinin bu kontekstdə maraqlı və fərqli cəhəti odur ki, Azərbaycan faktoru bu dəfə artıq seçki gününə qədər öz işini gördü. Bu seçki gününə qədər Ermənistan cəmiyyətində əksəriyyətə məlum idi ki, Azərbaycanla kapitulyasiya aktı imzalasa da, Paşinyan seçkidə ən yüksək qələbə şanslarına malikdir. Ermənistanda çoxları əmin idi ki, Azərbaycanla ən realist və praqmatik siyasəti məhz Paşinyan aparır. 20 iyun seçki prosesləri erməni cəmiyyətini elə bir siyasi şüur müstəvisinə gətirdi ki, Azərbaycanla yeni müharibə çağırışlarının ölkəni real fəlakətə apardığını əksəriyyət dərk etdi. Artıq seçkiyə qədər Ermənistan cəmiyyəti əksərən əmin olmuşdu ki, erməni dövlətinin normal inkişaf yolu yalnız Azərbaycanla sülh prosesindən keçir”.
Sahil İsgəndərov: “...Ermənistanın təcavüzkar siyasət aparmasının əleyhinə çıxır”
Politoloq Sahil İsgəndərov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı apardığımız 44 günlük Vətən müharibəsində Paşinyanın rəhbərlik etdiyi Ermənistanın məğlubiyyətinə baxmayaraq, erməni cəmiyyəti, istənilən halda, yenə də daha çox Paşinyana və onun tərəfdarlarına etimad göstərdi: “Ermənistan cəmiyyətinin növbədənkənar parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasına etimad göstərməsi (təxminən 54 faiz səs toplaması - S.İ.) onu göstərir ki, Ermənistan cəmiyyəti, əlbəttə, Paşinyana qədər Ermənistanda mövcud olmuş konkret təcavüzkar siyasətin birmənalı olaraq tərəfində duran Sarkisyan və Köçəryan cütlüyünü rədd edir. Baxmayaraq ki, Köçəryanın başçılıq etdiyi blok ikinci yerə çıxıb və ikinci siyasi qüvvə kimi parlamentə keçir. Amma, istənilən halda, Paşinyanın partiyasından təxminən iki dəfə geri qalması onu göstərir ki, Azərbaycanın Ermənistanın təcavüzkar siyasətinə xitam verilməsi, eyni zamanda, münaqişənin həllinə qədərki dövrdə Ermənistanı bütün regional layihələrdən təcrid vəziyyətdə saxlamaqla Ermənistandakı iqtisadi vəziyyəti çökdürməsi burada öz müsbət rolunu oynayıb. Bir çoxuna maraqlı gələ, təzadlı görünə bilər ki, necə olub Azərbaycanın Ermənistanın iqtisadiyyatını çökdürmə siyasəti pozitiv nəticə verib. Bu, əlbəttə, Ermənistan cəmiyyətinin özü üçün də ilk növbədə pozitivdir. Çünki Ermənistan xalqı gördü ki, artıq Ermənistanın təcavüzkar siyasətinin əhəmiyyəti yoxdur və bu təcavüzkar siyasət, ilk növbədə, sadə erməni xalqının rifahının əleyhinə çevrilib. Bax, məsələ budur. Ona görə də Azərbaycan Prezidentinin məhz Ermənistanda uzun müddət mövcud olmuş faşist mahiyyətli rejimin Ermənistan əhalisini bu vəziyyətə salması, səfalətə düçar etməsi, regional layihələrdən təcrid olunmasına gətirib çıxardığını dəfələrlə bəyan etməsi və bunu sübut etməsi bir daha göstərir ki, obrazlı desək, erməni xalqının başı artıq əhlət daşına dəyməyə başlayıb. Əslində, Ermənistanda bir çox insan Sarkisyan və Köçəryan hakimiyyətinin mahiyyətini yaxşı başa düşür. Bu mənada, Paşinyan hakimiyyəti dönəmində Ermənistanın müharibədə məğlubiyyəti, deyəsən, bu ölkədə yavaş-yavaş oyanma prosesi yaradıb. Yəni, sözün yaxşı mənasında, oyanma prosesi yaradıb. Paşinyan deyəndə ki, “bizim başqa yolumuz yoxdur, biz, istənilən halda, kommunikasiyaların açılması ilə razılaşmalıyıq və Azərbaycanla, Türkiyə ilə münasibətlərə yenidən baxıb onu qurmalıyıq”, artıq bu mənada, Ermənistan cəmiyyəti bunu dərk edib qəbul edirsə, demək, Ermənistan cəmiyyəti konkret olaraq həm Azərbaycanın gücünü, həm də Azərbaycanın apardığı xarici siyasət kursunun önəmliliyini artıq başa düşür. Ona görə də, düşünürəm ki, seçkilərdə Paşinyan və onun partiyası qalib gəliblər. Bu, birmənalı şəkildə, o deməkdir ki, görünür, Ermənistan cəmiyyəti artıq rəsmi İrəvanda baş nazir, yaxud prezident kürsüsündə oturanların, yüksək vəzifə tutanların, Ermənistanın təcavüzkar siyasət aparmasının əleyhinə çıxır. Hesab edirəm ki, bu kontekstdə, sözsüz, artıq neçə ildir Ermənistana hansısa kənar qüvvələrin, yaxud ölkənin daxilində olan etnofundamentalist qüvvələrin dəstəyilə faşizm mahiyyətli hakimiyyətin yaradılması siyasəti Ermənistana sərf etmir. Azərbaycan məhz bunu açıb ortaya qoya bildi və bundan sonra artıq, görünür, nəyin nə, kimin kim olduğunu dərk etməyə başladılar. Bu gün elə vəziyyətdədirlər ki, heç bir faşist mahiyyətli təcavüzkar siyasət yürüdən siyasi rəhbərliyin, konkret olaraq, Ermənistan xalqının rifahının xeyrinə işləmədiyini anlayırlar”.
Rövşən Rəsulov: “Prezident İlham Əliyevin dəfələrlə Ermənistandakı hakimiyyətlərin faşizm siyasətlərinə qarşı səsləndirdiyi bəyanatlarını da...”
Siyasi ekspert Rövşən Rəsulov mövzu ilə bağlı fikirlərini “Bakı-Xəbər”ə şərh edərkən qeyd etdi ki, İlham Əliyevin Ermənistan hakimiyyətlərinin faşist mahiyyəti barədə bəyanatları Ermənistanda son seçkidə xalqın seçiminə təsirsiz ötüşməyib: “Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın təcavüzkar mahiyyətinə qarşı müəyyənləşdirdiyi siyasətin əsas məramlarından biri bu idi ki, ilk növbədə, bu ölkəyə qarşı iqtisadi təcridetmə addımları atılsın. Əbəs deyil ki, Azərbaycan dövləti uzun illər öz iqtisadi potensialını, imkanlarını artırmaqla, eləcə də çoxşaxəli investisiya proqramlarını reallaşdırmaqla əsas gücü ordunun gücləndirilməsinə doğru yönəltmişdi”.
Onun sözlərinə görə, təkcə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanla Ermənistanın həbri güc, silah-sursat və müasir texnikalara əsaslanan potensialını müqayisə etsək, eyni zamanda, dünyanın bir sıra aparıcı həbri texnoloqlarının gəldikləri qənaətləri bir daha nəzərdən keçirsək, ortadakı nəhəng fərqi növbəti dəfə görmüş olarıq: “Əlbəttə, Ermənistan öz səhv, yanlış siyasəti səbəbindən regional iqtisadi layihələrdən təcrid vəziyyətində qaldı və bu gerçəklik İlham Əliyevin diplomatiya cəbhəsində əldə etdiyi qələbə təzahürüdür”.
Ekspert əlavə edib ki, Ermənistanda uzun illər rəsmi dövlət idarəçiliyi metoduna çevrilmiş faşizm ideologiyası “milli ideyaya” çevrilib: “Düzdür, istər bu gün, istərsə də əvvəllər müəyyən adekvat, sağlam düşüncəli erməni ictimaiyyətçiləri, siyasətçiləri olublar və onlar belə bir siyasi baxışın zərərli olduğunu dilə gətirərkən dərhal xalq düşməninə çevrilir, hətta onlara qarşı terror addımları da atılırdı. Burada Prezident İlham Əliyevin dəfələrlə Ermənistandakı hakimiyyətlərin faşizm siyasətlərinə qarşı səsləndirdiyi bəyanatlarını da xatırlaya bilərik. Ölkə başçımız öz fikirlərində qeyd edib ki, bu bəla aradan qaldırılmazsa, faşizm ideologiyası, bütövlükdə, Qafqaz regionuna, o cümlədən, postsovet məkanına öz zərərli toxumlarını səpə bilər. Biz dəfələrlə şahidi olmuşuq ki, Rusiyanın müxtəlif bölgələrində Qareginə, həm də daşnaklara “xatirə lövhələri” qoyulub və yalnız xalqın etirazlarından sonra bu biabırçı “lövhələr” məhv edilib.
Yaxud baxın, bu gün İrəvanın mərkəzində Hitlerin qaniçən nökəri olmuş faşist Qaregin Njdeyə abidə ucaldılırsa və onun aradan qaldırılması üçün heç bir tədbir görülmürsə, bunu başqa cür necə adlandırmaq olar?”.
Rövşən Rəsulov Ermənistandakı növbədənkənar parlament seçkilərinə və onun nəticələrinə də münasibətini açıqlayıb və qeyd edib ki, əslində, iqtidarını qorumağa müvəffəq olmuş Nikol Paşinyan ölkəni uzun illər talamış, yeyib-bitirmiş “Qarabağ klanı”na qalib gəlib. Habelə sadə erməni xalqı da 44 günlük müharibədən sonra dərk etdi ki, artıq “güclü erməni ordusu” deyilən bir əfsanə, ümumiyyətlə, yoxdur və müharibə baş verərsə, bu dəfə Ermənistan tamamilə dövlət funksiyasını itirəcək, məhv olacaq. Ona görə də istər R.Köçəryana, istərsə də S.Sarkisyana və onların dəstəkçilərinə səs vermədilər. İndi qalır köhnəlmiş və ermənilərin sonunu gətirmiş “miatsum” ideologiyasını tamamilə aradan qaldırmaq. Ümid edək ki, Paşinyan bunun öhdəsindən gələcək. Amma gələcəkmi?
“Başqa tərəfdən, bir atalar misalını da xatırlatmağın yeridir: “itlə dostluq elə, amma çomağını da yerə qoyma”. Hələ ki, üçtərəfi bəyanatlarda əldə olunmuş razılaşmaların zamanında, tələb edilən vaxtlarda məhz Ermənistan tərəfindən realizə olunmamasını müşahidə edirik. Üstəlik, Nikol Paşinyan nəqliyyat-kommunikasiyaların blokadadan çıxarılması prosesində yanlış mövqe nümayiş etdirir, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində inadkarlıq göstərir və s. Bütün bunlar isə Ermənistanın münbit gələcəyinə yenidən mənfi təsirlərini göstərir, əsasən də dəfələrlə Azərbaycan tərəfinin böyük sülh sazişi təkliflərinin get-gedə arxa plana keçdiyini göstərir. Yəni seçim yenə də Ermənistanındır, istəyirlərsə bundan sonrakı dövrlərdə inkişaf və tərəqqi olsun, bu zaman Azərbaycanın təkliflərini qəbul etməlidirlər, əks halda, Prezident İlham Əliyevin də vurğuladığı kimi, “dəmir yumruq” hazır vəziyyətdədir və İrəvan Bakının heç də zarafat etmədiyini dərindən anlamalıdır”, - Rövşən Rəsulov sonda qeyd edib.
İradə SARIYEVA