Ermən diplomatlar Nikol Paşinyanı bir nəfər kimi rədd ediblər. Bu barədə ermənilərə məxsus “Mediaport” teleqram kanalı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, diplomatlar Paşinyanı boykot edirlər: “MSK artıq elektron yolla səs vermiş seçicilərin seçki nəticələrinə sahibdir. Elektron yolla səsvermədə 287 seçicidən 284-ü iştirak edib”.
“Mediaport”un mənbəyinin məlumatına görə, Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” ittifaqı 168 səs alıb, diplomatlar “Şərəfim var” ittifaqına 112 səs veriblər və Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası cəmi 4 səs alıb”. Bəlli olur ki, xaricdəki erməni diplomatları Paşinyana etimad göstərmirlər.
“Bu, diplomatların ona göstərdikləri etimadsızlığın əyani göstəricisidir”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, belə bir tablonun yaranması biabırçılıq olmaqla yanaşı, bir sıra mətləblərdən xəbər verir: “Adətən, ölkəni xaricdə təmsil edən diplomatlar hakimiyyətin mövqeyindən çıxış edirlər. Bu, seçkilər zamanı özünü göstərir. Məlum olur ki, Paşinyanla ölkəni təmsil edən diplomatlar arasında böyük uçurum var. Bu, diplomatların Nikola göstərdikləri etimadsızlığın əyani göstəricisidir. Onlar Paşinyanın Ermənistana rəhbərlik etməsini ölkə üçün utanc hesab edirlər. Paşinyan 3 ildir ölkəyə rəhbərlik edir. Bu, o qədər də kiçik dövr deyil. Ötən müddət ərzində Paşinyan əvvəlki hakimiyyətə yaxın olan müəyyən diplomatları vəzifələrindən uzaqlaşdırıb. Onlardan biri də sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan idi. Vatikanda səfir işləyən Minasyan sonra Paşinyanın başına böyük bəla oldu. Onunla bağlı bir sıra kompromatları mətbuata ötürdü və s. Erməni diplomatları ilə Paşinyanın münasibətlərinin kəskinləşməsi yeni deyil. Paşinyan baş nazir olduğu ilk dövrdə Ermənistanın xarici ölkələrdəki səfirlərini bir neçə dəfə kəskin tənqid etdi. Onların qarşısında həlli mümkün olmayan öhdəliklər qoydu. Məsələn, bir dəfə Paşinyan diplomatlarla görüşündə belə bir tələb qoydu ki, fəaliyyət göstərdikləri ölkələrin biznes dairələrinin Ermənistana sərmayə qoymasını təşkil etsinlər. İş adamlarını investisiya qoymağa təşviq etsinlər. Hansı ki, belə məsələləri inzibati metodlarla tənzimləmək mümkün deyil. Diplomatik korpuslar bu kimi işlərdə həlledici rola malik olmurlar. Ona görə ki, xarici investor hara sərmayə qoymaq üçün perspektivlidirsə, ora vəsait qoyur. Bu baxımdan, Ermənistan xarici sərmayədarlar üçün cəlbedici ölkə sayılmır. Çünki resursları məhduddur, açıq dənizə çıxışı yoxdur, ölkə bazarı kiçikdir, qonşuları ilə münaqişə vəziyyətindədir və s. Hesab edirəm ki, diplomatlarla bağlı səsvermənin nəticələri Paşinyana böyük siqnaldır”.
Partiya funksioneri onu da qeyd etdi ki, bir müddət sonra Paşinyanın buna görə həmin diplomatları geri çağıracağı güman olunur.
Vidadi ORDAHALLI