Şuşada tarixi abidələrin, xalqımıza məxsus maddi-mədəni irsin bərpasının başlanması prosesindən Ermənistanın və ermənipərəst qüvvələrin, erməni separatçılarının narahatlıq, əndişə keçirdikləri məlumdur. Sözsüz ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərdəki tarixi abidələri bərpa etmək istiqamətində addımlar atır.
Abidələrimizin bərpa prosesindən qıcıqlanan separatçıların növbəti cinayətlərə, saxtalaşdırma kampaniyasına əl atdıqları bildirilir. Məlumatlara görə, hazırda Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə separatçılar qədim alban-türk irsinə qarşı növbəti saxtalaşdırma aparırlar.
Əldə etdiyimiz məlumatlara görə, hazırda separatçılar Xocavənddəki Amasar kilsəsini və Xocalıdakı Əsgəran qalasını “bərpa edirlər”.
Beynəlxalq Memarlar Akademiyası Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü, mədəni irsin araşdırılması üzrə ekspert Faiq İsmayılov bizimlə söhbətində bildirdi ki, separatçılar nəinki hazırda yaşadıqları ərazilərdə abidələri “bərpa” edir, hətta Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərimizə, meşələrimizə saxta xaç daşlar yerləşdirir, bunu isə sülhməramlılar “görmürlər”.
“Separatçılar Əsgəran qalasını “bərpa etmək”lə özlərini guya türk-islam, müsəlman memarlığına, tarixinə “hörmət edən” bir tərəf kimi...”
Qafqaz Tarixi Mərkəzinin rəhbəri Rizvan Hüseynov bildirdi ki, II Qarabağ müharibəsində rəzil olan Qarabağdakı separatçı qüvvələr, eləcə də Ermənistan hakimiyyəti yeni təxribatçı addımlar atmaq istəyirlər. “Hərbi, siyasi gücləri olmadığı üçün kimlərinsə məsləhəti ilə maddi-mədəni irsə qarşı saxtalaşdırmanı davam etdirməklə Qarabağda öz dayaqlarını möhkəmləndirmək istəyirlər. Separatçılar mədəniyyət, maddi irs məsələsindən “yumşaq güc” kimi istifadə edərək, bu cür saxtakarlıqlar edirlər. Bu da ermənilərin öz ağlı deyil, havadarlarının təkidi, planı əsasında bunu edirlər. Onların havadarları kimdir, hansı ölkədəndir, bunu da araşdırmaq lazımdır. Bunlar istəyirlər ki, özləri üçün yeni bir oyun qursun, yeni bir dayaqlar tapsınlar ki, gələcəkdə özlərini Azərbaycana “yaxşı bir tərəfdaş” kimi sırısınlar.
Bu Amaras monastırı separatçılar üçün belə əziz idisə, nə üçün onu bu 28-30 il müddətində bərpa etməyiblər?
Ona görə etməyiblər ki, Amaras monastırının ermənilərə heç bir aidiyyəti yoxdur, bu, qədim alban monastırıdır, alban kilsəsinin təməl mərkəzlərindən biri olub. Bunu hamı bilir. Separatçılar öz havadarlarının göstərişi ilə kilsələr üzərində bir oyun başladıblar. İstər Xudavəngdə, istər Qanzasar kilsəsində, yaxud da neytral ərazidə yerləşən Amarasda bu cür saxtakarlıqları edirlər. Amaras tam neytral əraziyə düşür və Azərbaycan istədiyi vaxt orada nəzarəti ələ ala bilər. Erməni separatçılarının kilsənin və qalanın “təmir-bərpası”nı həyata keçirməklə özlərini “tarixə, maddi-mədəni irsə hörmət göstərən xalq” kimi göstərmək istəyirlər”.
Əsgəran qalasına gəlincə, R.Hüseynov qeyd etdi ki, burada da məqsəd başqadır və bu qalanın “təmir-bərpa edilməsi”ndə başqa çalarlar var. “Separatçılar Əsgəran qalasını “bərpa etmək”lə özlərini guya türk-islam, müsəlman memarlığına, tarixinə “hörmət edən” bir tərəf kimi göstərmək istəyirlər. Piar-aksiya kimi keçirdikləri bu məsələdən özlərinə İslam dünyasından, beynəlxalq təşkilatlardan bonus qazanmaq məqsədi güdürlər. Sözsüz ki, Azərbaycan çox ciddi şəkildə bu məsələyə qarışmalıdır. Ona görə ki, bu abidələr bizim abidələrdir. Bizim potensialımız, imkanlarımız, resurslarımız var ki, bu abidələri gələcəkdə özümüz istədiyimiz kimi bərpa edək. O ərazilər gələcəkdə onsuz da nəzarətimizə keçəcək” - deyə R.Hüseynov qeyd etdi.
İradə SARIYEVA