Ermənistanda keçirilmiş erkən parlament seçkilərində Nikol Paşinyanın böyük fərqlə qalib gəlməsi fonunda bu ölkədə cəmiyyət arasında parçalanmanın dərinləşməsi müşahidə edilir. Paşinyan tərəfdarları ilə Ermənistanın ikinci prezidenti Robert Köçəryanı dəstəkləyənlər arasında qarşılıqlı ittiham və tənqidlər artır. Hesab edilir ki, bu gedişlə erməni cəmiyyətində qarşıdurmalar daha da dərinləşəcək.
Digər tərəfdən belə görünür ki, Köçəryan özü də cəmiyyətdə bu qütbləşmənin dərinləşməsində maraqlıdır. O, hakimiyyəti yeni parlament seçkiləri ilə də hədələyir: “Hakimiyyət eyni üslubda işləyərsə, Ermənistanı yeni erkən parlament seçkiləri gözləyir. Parlament mübarizəni gücləndirəcək, amma küçə döyüşlərini əvəz etməyəcək, mübarizə üçün bütün imkanlarımızı isə səfərbər edəcək”. Xatırladaq ki, seçkidən sonra Köçəryan rəqibini qələbə münasibətilə təbrik etməyib. Əksinə, o, səsvermənin nəticələrini qəbul etmədiklərini bildirib. Bu, Ermənistanda qarşıdurma üçün səbəb ola bilər.
Erməni siyasi icmalçı Samvel Ohanesyan bu fonda bildirir ki, Serj Sarkisyan və Köçəryan, hətta ikisi birlikdə belə, Nikol Paşinyan kimi “zəif” sayılan rəqibi məğlub edə bilmədi: “Amma bu hələ başlanğıcdır – quldur Robik və Serjik təslim olmaq fikrində deyil. Robik və Serjikin bu cür biabırçı uduzması onu göstərir ki, erməni xalqı quldurlardan, terrorçulardan bezib. İnsanlarımızın yadından çıxmayıb ki, bu iki quldurun hakimiyəti dövründə biznesi olanlar qazanclarının yarısını onlara verməli olurdu. Orduda əsgərlər alçaldılırdı, “dedovşina” baş qaldırmışdı. Əsgərləri zorlayırdılar. Avropaya inteqrasiya cəhdləri batırılırdı. Amma biz gördük ki, hətta ölkənin ağır siyasi vəziyyətində belə, bu quldurların spekulyasiya etmək cəhdləri heçə endi. Onlar özləri üçün ən əlverişli bir anda məğlub oldular. İndi Paşinyan Ermənistanın siyasi və iqtisadi dalandan çıxarılması üçün titanik işlər görməlidir. Amma quldur Robik və Serjik Paşinyanı mümkün qədər ağrılı vurmaq üçün gizli şəkildə təxribatlar təşkil edəcəklər”.
Köçəryan düşərgəsinə yaxın olan separatçı Senor Asratyan isə məsələyə fərqli yanaşır: “Erməni xalqı yenə məğlub oldu, ancaq bu dəfə xarici və ya daxili bir düşmənə deyil, özünə… Heç kimin fikrinə məhəl qoymadan “seçilmiş” hökumətin ölkəni tamamilə məhv edəcəyi zaman buna əmin olacaqsınız. Onda da gec olacaq. Hələ ki bunlar baş verməyib, qələbənizə bir az sevinə bilərsiniz”. Ermənistanda yaşayan fəal və "Qadın Resurs Mərkəzi" QHT-nin həmtəsisçisi Lara Aqaronyan isə Köçəryan tərəfdarlarını ölkədə vəziyyəti qarışdırmağa cəhddə ittiham edir: "İyunun 20-də keçirilən parlament seçkiləri bir daha oliqarxlara, korrupsiyalaşmış sabiq liderlərə qarşı bir səsvermə idi. Ümid edirəm ki, bu dəfə Ermənistandakı siyasi partiyalar, elitalar, o cümlədən diaspor da birdəfəlik açıq mesaj alacaq. Qalanı demokratiyanın yeganə yol olmasına əmin olmaq üçün hamımızın üzərində işləməli olduğu bir şeydir". Digər erməni ekspert Lev Baqramyan isə Ermənistanda keçmiş siyasi liderlərin hakimiyyətə gəlməsini istəyən diaspor nümayəndələrini sərt tənqid edir: "Diaspordakı bəzi ermənilərin ikiüzlülüyünün həddi-hüdudu yoxdur. Demokratiyalarda yaşayıb inkişaf etsələr də, Ermənistanda korrupsiyalaşmış və məsuliyyətsiz liderlər istəyirlər. Onlar təhlükəsizlikdə yaşayırlar, amma Ermənistan üçün müharibə təbliğ edirlər". Bəzi təhlilçilərə görə, 20 iyun erkən parlament seçkilərinin nəticələri Qarabağ məsələsinin həllində müsbət rol oynaya bilər. Erməni ekspert Onnik Krikoryan bu xüsusda bildirir: "Görünən odur ki, Paşinyan artıq, doqquz maddəlik atəşkəs razılaşmasının icrası da daxil olmaqla, daxili və xarici siyasət hədəflərini irəli sürmək mandatına malikdir. Əminəm ki, çoxları istəməyərək ona səs verdi, amma məsələ budur ki, onlar səs verdilər".
Daha bir erməni ekspert Varujan Qeqamyanın da məsələyə yanaşması maraqlıdır: “Bu andan başlayaraq hamı bir-birini müxalifətin məğlubiyyətində ittiham etməyə başlayacağına görə, əvəzində nəyə sahib olduğumuzu və nə etmək lazım olduğunu qeyd etməyi təklif edirəm. Ermənistanda əhalinin 25 faiz səsi ilə kapitulyant yenidən seçildi. Təxminən 20 faiz insan onun əleyhinə səs verib, 50 faiz isə sadəcə olaraq iştirak etməyib. Ermənistan qarşıdakı aylarda Türkiyə və Azərbaycanla ikinci kapitulyasiya sənədini imzalayacaq, bununla rəqib nəhayət Qarabağı, Sünikin türk dəhlizini, Tavuş və Ararat vilayətinin anklav ərazilərini alacaq”. Moskva Dövlət Universitetinin Asiya və Afrika Araşdırmaları İnstitutundan ekspert Mehmet Perinçek də Paşinyanın partiyasının qalibiyyətini Qarabağ münaqişəsi prizmasından dəyərləndirib: "Paşinyan Ermənistandakı seçkiləri böyük fərqlə qazandı. Revanşist müxalifət, qatı Türkiyə-Azərbaycan düşmənləri parlamentə girsələr də, iqtidardan olduqca uzaqdırlar. Xalq təcavüzkar siyasətlərə səs vermədi. Qarabağ probleminin tam həlli Paşinyan hökumətilə daha asan olacaq".
Müharibəni uduzan Nikol Paşinyana Ermənistan cəmiyyətinin yenidən etimad göstərməsini, ekspertlərin fikrincə, təbii qəbul etmək olar. Belə ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatı Paşinyan da imzalayıb. Həmin sənəd Ermənistan ordusunun Azərbaycan ərazisindən tamamilə çıxmasını özündə ehtiva etdiyi kimi, regional əməkdaşlığa da üstünlük verir. Odur ki, Ermənistan cəmiyyəti Nikola yenidən etimad göstərməklə işğala qarşı, əməkdaşlığa tərəfdar olduqlarını göstərmiş oldu.
Samirə SƏFƏROVA