Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşməsinə və ölkəsinin verdiyi itkilərə baxmayaraq, rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının parlament seçkisindəki qələbəsi bu ölkədə prosesləri artıq daha maraqlı müstəviyə yönəltməkdədir. Belə görünür ki, Ermənistan əhalisinin əksər hissəsi seçkidə “Qarabağ klanı”nı rədd etdi. Bundan sonra Nikol Paşinyan elan edib ki, yeni hökuməti onun partiyası formalaşdıracaq: “Ümid edirəm ki, biz indi Ermənistanda 9 noyabrda başlanmış böhranın aşıldığını elan edə bilərik. Artıq biz tammiqyaslı işimizə qayıdırıq, amma şərait və vəziyyət indi kökündən dəyişib. Çünki Ermənistan bizim hökumətimizə, bu siyasi komandaya ölkədə qanunun və hüququn diktaturasını qurmaq üçün mandat verib. Xalq polad inqilabı həyata keçirib”.
Paşinyan beynəlxalq müşahidəçilərin seçkinin aqressiv ritorika mühitində keçdiyinə dair iradlarını qəbul etdiyini bildirib: “Ermənistan xalqı öz qərarını qəbul edib. O, yeni siyasi situasiya yaradıb. Bu situasiyanın birinci və sonuncu nöqtəsi belədir: mən bütün siyasi qüvvələrə, bu sadə nöqtənin bütün ictimai iştirakçılarına bu söyüşməyə son qoymağı təklif edirəm. Mən bütün tərəfdarlarımı söyüşə, lazımsız aqressiyaya, lazımsız düşmənçiliyə son qoymağa çağırıram, çünki biz ciddi problemlərlə üzləşmişik. Biz dövlətçiliyimizin qurulmasında bu ecazkar səhifəni açmalıyıq”. Nikol Paşinyan əlavə edib ki, bu onun xalq qarşısında götürdüyü öhdəliklərdən geri çəkilməsi demək deyil: “Ermənistanda qayda-qanun, məsuliyyətin qaçılmazlığı olacaq”. Düzdür, parlament seçkisində ikinci yerdə gələn keçmiş prezident Robert Köçəryanın bloku seçkinin nəticəsini tanımadığını və Konstitusiya Məhkəməsinə müraciət edəcəyini deyib. Amma Paşinyanı qələbə münasibətilə Qərb ölkələri, beynəlxalq təşkilatlar, sonda isə Rusiya təbrik etdikdən sonra Köçəryanın mövcud reallığı qəbul etməkdən başqa alternativi qalmayacaq. Bundan başqa, Nikol Paşinyanın açıqlamaları Köçəryanı və tərəfdarlarını heç də xoş günlər gözləmədiyini deməyə əsas verir. Paşinyan keçmiş hakimiyyət təmsilçilərini yenə oğurluqda ittiham edib: “Oğurlananların qaytarılmasına dair danışıqlara başlanmasına çağırıram. Bu, Ermənistan Respublikasının sosial-iqtisadi gündəliyinə xidmət edərdi”. Hesab edilir ki, Paşinyan rəqiblərini sıxışdırmaqda davam edəcək. Digər tərəfdən o, xarici siyasətdə artıq daha rahat hərəkət edə bilər. Türkiyədə Beynəlxalq Münasibətlər və Strateji Araşdırma Mərkəzinin rəhbəri Sinan Oğan qeyd edir ki, bundan sonra Azərbaycan-Ermənistan sərhədində daha çox sakitlik olması və 10 noyabr atəşkəs razılaşmasına daha çox əməl olunması mümkündür: “Atəşkəs pozulmasa, Ermənistanın blokadadan çıxması da mümkündür. Bu zaman isə Ermənistanda rifahın da olması mümkündür”. Sinan Oğanın fikrincə, Qarabağ müharibəsi ərzində Paşinyan gördü ki, bölgədə tamamilə qərbyönümlü siyasət yürütmək olmur və o, bundan sonra Rusiya və Qərb arasında balans saxlamağa cəhd edəcək. Erməni ekspert İşxan Verdyan da ümid edir ki, Paşinyan daha çox Azərbaycanla sülh yolu tutacaq: “Paşinyan özü deyir ki, o nə qərbyönümlüdür, nə də ki, rusiyayönümlü. Ermənistan yönümlüdür. Ümid edirəm ki, o bu bəyanatlara sadiq qalacaq, əvvəlki səhvlərindən nəticə çıxaracaq və başa düşəcək ki, Qarabağ məsələsi ilə oynamaq həmişə müharibə ilə nəticələnir. Yaxşı olar ki, o, region ölkələri ilə əməkdaşlıq etsin. Mən ona Türkiyəni diqqətdə saxlamağı təklif edirəm. Türkiyə özü Ermənistana kömək təklif edir, prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, Ermənistanla münasibətləri yaxşılaşdırmağa razıdır. Belə sözü Ermənistana deyən olmayıb, bu şansdan istifadə etmək lazımdır. Bu, Ermənistanı xilas edə, mövcud böhrandan çıxara bilər”.
İşxan Verdyan əlavə edir ki, Ermənistanda Paşinyan tərəfdarları sevinc içindədirlər, çünki onlar bütün nifrət çıxışlarına, maxinasiyaya sinə gərib, bu qələbəyə əzmlə, əziyyətlə nail oldular. O hesab edir ki, seçki demokratik keçdi və xalq öz sözünü dedi. Digər ekspertlərin də fikrincə, bu seçkinin nəticəsi göstərdi ki, erməni xalqı əməkdaşlıq istəyir. İstisna edilmir ki, Paşinyanın dönəmində Azərbaycanla sülh müqaviləsi imzalanması da mümkündür. Çünki sülh müqaviləsinin olmaması əməkdaşlığın həyata keçirilməsinə ciddi mane olur. Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana sülh müqaviləsinin imzalanması ilə bağlı təkliflərinə reaksiyanın olmaması daha çox seçkilərlə bağlı idi. Seçkilərdə qalib gələn Paşinyanın belə bir müqavilənin imzalanmasında maraqlı olacağı istisna deyil. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da bildirib ki, Ermənistan hakimiyyəti bu ölkədəki böhranın səbəbini təhlil edərək düzgün nəticə çıxaracağına inanır. Ekspertlər hesab edir ki, Paşinyan yeni hökumətində revanşist baxışlara malik siyasətçilərə və diplomatlara yer verməməlidir. Bu onun özü üçün faydalıdır. Ən əsası, Nikol Paşinyan bölgədə sülh və əməkdaşlıq istəyirsə, iki önəmli addımı atmağa da hazır olmalıdır. Birincisi, Nikol Paşinyan Azərbaycanın və Türkiyənin ərazi bütövlüklərini tanımalıdır. İkincisi, Nikol Paşinyan Zəngəzur dəhlizinin açılmasına mane olmamalıdır. Paşinyanın atacağı bu iki addımın qarşılığında Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasının və demarkasiyasının sürəti artacaq, Türkiyə-Ermənistan sərhədi açılacaq. Bundan başqa, İrəvanın Türkiyə və Azərbaycanla diplomatik münaqsibətlər qurması üçün perspektivi yaranacaq, Ermənistanın regional layihələrə qoşulması imkanları artacaq. Bunlar indi Ermənistan üçün olduqca mühümdür.
Nahid SALAYEV