Məlum olduğu kimi, Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində vətəndaş fəallığı çox zəif olub, təxminən 50 faiz.
Ermənistanın bir çox bölgəsində, o cümlədən də Armavir vilayətinin Parakar bölgəsində əhalini seçkiyə cəlb etmək üçün “səs verirsən, 30 min alırsan, pisdir?”, yaxud “gəl səs ver, 30 min al” rüşvətvermə kampaniyası aparılıb, onlar camaatı pul müqabilində səs verməyə sövq ediblər.
“Bigbrother” teleqram kanalının Ermənistanda seçki saxtakarlığı ilə bağlı yaydığı məlumatda bu kimi hallar haqda məlumat verilir. Bildirilib ki, sözügedən situasiyanın biri Armavir vilayətinin Parakar bölgəsində, Parakarda, 14/56 seçki məntəqəsində yaşanıb.
Belə ki, içəri girməyən ağ köynəkli bir şəxs qapıda dayanaraq, səsverməyə gələn seçicilərə rüşvət təklif edib: “səs verirsən, 30 min alırsan, pisdir?” deyib.
İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın əhalini rüşvət müqabilində seçkiyə cəlb etməsində qeyri-adi heç nə yoxdur, çünki bu ölkədə rüşvətvermə faktları kifayət qədərdir. Ermənistanda əhalinin 30 min müqabilində səsverməyə getməsinin növbəti saxtakarlıq göstəricisi olduğunu deyən S.Adıgözəlli hesab edir ki, beynəlxalq təşkilatlar buna göz yumublar: “Seçki ilə məşğul olan beynəlxalq təşkilatlar Ermənistanda keçirilən növbədənkənar seçkilərə qeyri-ciddi yanaşdıqları üçün bu kimi qanun pozuntularını qeyd etmirlər. Həqiqətən də Azərbaycanın qələbəsindən sonra Ermənistan dövləti, demək olar ki, çöküb. Erməni cəmiyyətinin nə hökumətə, nə müxalifətə, nə də digər siyasətçilərə inamı, etibarı qalmadığı üçün səsverməyə getmək istəməyib. Ermənistanda nə hakimiyyətə, nə də müxalifətə inanmayan xalqı seçkiyə yalnız rüşvət müqabilində cəlb etmək üsulu ermənilərə xas xüsusiyyətdir. Belə neqativ üsullar yalnız onların ağlına gələ bilər ki, camaata pul verib seçkiyə gətirsinlər”.
Paşinyanın seçkidə daha çox səs qazanmasının səbəbini şərh edən S.Adıgözəlli hesab edir ki, bu, seçicilərin daha pisin arasından bir az pisi seçməsidir. O qeyd etdi ki, Ermənistanda seçici fəallığının olmadığını ört-basdır etmək üçün rüşvətverməyə əl atırlar və pulla seçkiyə gətirdiklərini “könüllü seçici” kimi qələmə verirlər. Müsahibimiz hesab edir ki, bəlkə də Ermənistanda, bütövlükdə, seçki baş tutmayıb, qazanılan səslər isə hərbçilərin, rüşvət müqabilində seçkiyə aparılanların hesabına olub: “Ermənistanda 30 min müqabilində vətəndaşlar seçkiyə cəlb edilməklə yanaşı, hərbçilər və dövlət idarələrində işləyənlər də zorla səsverməyə aparılıblar.
30 min alıb seçkilərdə səs verənlərə isə, nədənsə, beynəlxalq təşkilatlar reaksiya vermirlər, halbuki, ortada görüntülər də var. Ya beynəlxalq təşkilatlar bu seçkini ciddiyə almır, ya da Ermənistana göz yumurlar.
Ümumiyyətlə, Ermənistanda keçirilən seçkilərin nəticələri ilə bağlı hələ heç bir ciddi beynəlxalq təşkilat münasibət bildirməyib, sanki bu seçki dünyanı maraqlandırmır” - deyə S.Adıgözəlli qeyd etdi.
S.Adıgözəlli hesab edir ki, əhali seçkiyə etiraz etməklə həm də revanşist qüvvələrin hakimiyyətə gəlməsinə səs verməmiş olub. Ermənistanda keçirilən seçkilərdə kifayət qədər qanun pozuntusu olduğunu deyən S.Adıgözəlli hesab edir ki, seçki məntəqələrində partiyaların və blokların bir-birinə təzyiqindən tutmuş, silahlı toqquşmaya qədər bütün xoşagəlməzliklər baş verib, bu isə dünyanın “diqqətini çəkməyib”.
İradə SARIYEVA