Ermənistanda iyunun 20-də keçirilən parlament seçkilərindən sonra yerlərin necə bölüşdürüləcəyi məlum olub. Baş nazir, “Vətəndaş müqaviləsi” partiyasının lideri Nikol Paşinyan Facebook-da bildirib ki, partiyası 105 yerlik parlamentdə azı 71 yer qazanıb. Bu, konstitusion çoxluq deməkdir və Paşinyana təkbaşına hökumət formalaşdırmağa tam imkan verir.
Robert Köçəryanın “Ermənistan” bloku 27 mandat alacaq, “Şərəf duyuram” bloku isə 6 mandata ümid edə bilər. Hələlik Robert Köçəryan və Serj Sarkisyanın, eləcə də digər müxalifət liderlərinin seçkilərin nəticələrinə dair bəyanatları yoxdur. Bununla belə, seçkilərdə ciddi pozuntular qeydə alınmadığı üçün onların nəticələrin legitimliyini tanıması qaçılmaz hesab edilir. Lakin Paşinyanın ünvanına xarici ölkə başçılarından hələlik təbriklər daxil olmayıb.
Paşinyan rəqibləri üzərində qazandığı bu qəti qələbə ilə özünün aparacağı islahatları daha sürətli həyata keçirmə fürsəti yaxalamış oldu. Səsvermənin ilkin nəticələri açıqlanan kimi onun erməni ictimaiyyətinə verdiyi mesaj da bundan sonra sərt tədbirlərə əl atacağını göstərir. O, ötən gecəki qələbə çıxışında “önümüzdəki günlərdə ölkənin siyasi həyatının gələcəyi və ictimai potensialının konsolidasiyası ilə bağlı fikirlərini anlamaq üçün seçkilərə qatılan bütün sağlam qüvvələrlə məsləhətləşmələrə başlayacağını bildirsə də, rəqiblərinə qarşı amansız olacağını da gizlətmədi: “Ermənistan xalqı son üç ildə ikinci inqilabı etdi. Birincisi şiddətli olmayan, məxməri, populyar bir inqilabdısa, 2021-ci ildə şiddətsiz, yenə populyar, ancaq bu dəfə polad inqilab oldu”. Paşinyan “polad inqilab” deyərkən, aparmağı düşündüyü islahatlara qarşı çıxanları polad kimi sərt yumruqla zərərsizləşdirməyi nəzərdə tutur və son seçki təşviqatı kampaniyasında da bunu açıq şəkildə dilə gətirmişdi. Hətta çıxışlarının birində əlində tutduğu çəkiclə Rusiyanın 5-ci kolonuna səslənərək, onlara sözügedən əmək alətinin iki mühüm təyinatı barədə fəlsəfi fikirlərini çatdırmışdı. Demişdi ki, bənna çəkicinin 2 funksiyasından biri mıxçanı aid olmadığı deşikdən çıxartmaq, digəri isə onu girməli olduğu deşiyə pərçimləməkdir. Başqa sözlə, Paşinyan bu nitqi ilə rəqiblərinə döyə-döyə aid olduqları deşiyə soxacağının açıq mesajını vermişdi. Beləcə, “polad inqilab nəzəriyyəsi”nin əsl mahiyyətinə işıq tutmuşdu. Bununla Ermənistan cəmiyyəti həm də müharibəyə, revanşist tələblərə yox demiş oldu. Sülhə, gələcək stabilliyə səs verdi. Seçkiöncəsi bəzi xarici dairələr və Ermənistanın özündəki namizədlər Ermənistanın gələcək taleyinin küçələrdə həll ediləcəyini bəyan etmişdilər. Radikal müxalifət seçkilərin nəticələrini tanımırsa, Ermənistanda vətəndaş qarşıdurması ola bilərmi?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistandakı seçkilərdə gözlənilən baş verdi: “Hətta deyərdim ki, Paşinyanın belə fərqlə qələbə çalacağını kimsə təxmin etmirdi. Proqnozlarda koalision hökumət, təkrar seçkilərdən bəhs edilirdi. Ortadakı nəticələr fərqli mənzərə yaradıb. Paşinyan həm təkbaşına iqtidar olmaq şansını qazandı, həm də rəqiblərini 3 dəfə fərqlə geridə qoydu. Paşinyanın zamanında Ermənistan acı məğlubiyyət dadıb. Buna baxmayaraq, Ermənistan cəmiyyəti yenidən onu hakimiyyətdə görmək istədi. Bu amil Ermənistandakı ab-havanı təyin edən indikator rolunu oynaya bilər. Deməli, bütün bunlara rəğmən, Ermənisatandakı sadə xalq müharibə yox, davamlı sülh istəyir. Məhz buna görə də Paşinyana növbəti şansı verdilər. Müxalifətin addımları heç nəyi dəyişməyəcək. Tərəfdarlarını ilk küçəyə səsləyən Paşinyan oldu. Yəqin ki, qalib tərəf böyük izdihamlı mitinq təşkil edəcək. Müxalifətin acı məğlubiyyətindən sonra küçələrə çox adam çıxmayacaq. Bir-iki etiraz mitinqi olar, bununla da məsələ öz həllini tapacaq. Təxmin edilir ki, belə mandatı əldə edəndən sonra Paşinyan sərbəst şəkildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olacaq. 10 noyabr və 11 yanvar razılaşmalarının yerinə yetirilməsi üçün Paşinyanın ciddi addımlar atması gözlənilir”.
Məhəmmədəli QƏRİBLİ