Ermənistanın yeni parlamentində üç siyasi qüvvə təmsil olunacaq. Bunlar Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi”, ikinci prezident Robert Köçəryanın "Ermənistan" bloku və üçüncü prezident Serj Sarkisyanla Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın "Şərəfim var" blokudur.
Sonuncu blok tələb olunan 7%-lik baryeri keçə bilməyib və cəmi 5.23% səs qazanıb. Bununla belə, qanuna əsasən, yalnız iki siyasi qüvvə baryeri keçərsə, ən çox səs toplayan üçüncü qüvvə də mandat alır. Beləliklə, Paşinyanın partiyasının 71, Köçəryanın "Ermənistan" blokunun 29, Sarkisyanın blokunun isə 7 mandatı olacaq.
Ermənistan seçkilərində diqqətçəkən məqam odur ki, seçici fəallığı elə də yüksək olmayıb. Seçicilərin hardasa 50 faizi seçkidə iştirak etdi. Belə ki, səsvermə hüququ olan 2 milyon 578 min vətəndaşdan 1 281 174 və ya 44,4 % səsvermədə iştirak edib. Seçici fəallığı 49,4% olub. Ötən il müharibədə uğradığı məğlubiyyətdən sonra ölkədə yaşanan təbəddülatları nəzərə alsaq, bu çox aşağı rəqəmdir. Bu o deməkdir ki, ölkədəki seçicilərin yarısı nə hakimiyyətdə olan qüvvələrə, nə də müxalifətə inanır.
“Üç il əvvəl ona yekdilliklə səs verənlər gördülər ki, aldanıblar”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun fikrincə, Paşinyanın qələbəsi o demək deyil ki, cəmiyyətin böyük kəsimi onu dəstəkləyir: “Zatən, seçkilərdən əvvəl keçirilən sorğularda seçicilərin heç bir tərəfə səs verməyəcəkləri bəlli idi. Çünki mövcud alternativlər yeni heç nə təqdim etmirdilər. Erməni cəmiyyəti revanşistlərə səs vermədi. Çünki onların hakimiyyəti dövründə Ermənistanın necə ağır duruma düşdüyü hər kəsə bəllidir. Bununla belə, səsverməyə qatılmayan seçicilər Paşinyana da stavka etmədilər. Ona görə ki, Paşinyanın populist vədləri özünü doğrultmadı. Üç il əvvəl ona yekdilliklə səs verənlər gördülər ki, aldanıblar. Ancaq məsələ ondadır ki, budəfəki seçkidə alternativ seçim imkanı yox idi. Çünki revanşistlərə səs versəydilər, ölkə daha ciddi fəlakətlə üzləşəcəkdi. Digər müxalif qüvvələrin perspektivi olmadığından, onlara stavka etmədilər. İstənilən halda, bu o deməkdir ki, seçici hüququ olanların böyük hissəsi Paşinyandan narazıdır. Söhbət səsvermədə iştirak etməyən və revanşistlərə səs verən seçicilərin ümumi sayından gedir. Sadəcə, daha uyğun alternativ olmadığından, seçkiyə getməməyi üstün tutublar”.
Partiya sədri hesab edir ki, Paşinyan parlamentdə yetərincə mandata sahib olsa da, xalq etimadı aşağı olduğundan, onun üçün işləmək çətin olacaq.
Vidadi ORDAHALLI