Məlum olduğu kimi, Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində səslərin sayılması prosesi başa çatıb. Ermənistanın Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası səslərin 53.9 %-ni toplamaqla qalib gəlib. Ermənistanın eks-prezidenti Robert Köçəryanın “Ermənistan” bloku isə 21 % səs toplayıb.
Qeyd edək ki, Nikol Paşinyan Sünik və İrəvan da daxil olmaqla, Ermənistanın bütün bölgələrində qalib gəlib.
Bildiyimiz kimi, Rusiya tərəfi Ermənistanın sabiq prezidenti R.Köçəryanı dəstəkləyirdi və onun hakimiyyətə gəlməsi üçün bütün gücünü səfərbər etmişdi. Rusiyanın Qərbin dəstəklədiyi N.Paşinyanı deyil, özünün dəstəklədiyi R.Köçəryanı hakimiyyətdə görmək istədiyi məlumdur. Amma, göründüyü kimi, seçkilərin qalibi Qərbin dəstəklədiyi, qərbpərəst siyasət yürüdən N.Paşinyan oldu.
Paşinyanın növbədənkənar parlament seçkisində qələbəsini Qərbin Rusiya üzərində qələbəsi saymaq olarmı?
“Paşinyanın seçkidə qələbə çalması təkcə Qərbin üstünlüyü deyil, həm də Rusiya mifinin, Putin mifinin darmadağın olmasıdır”
Siyasi şərhçilər hesab edirlər ki, Qərb bu seçki ilə növbəti dəfə Rusiyaya öz gücünü göstərə bildi.
Tanınmış siyasi şərhçi, professor Qulu Məhərrəmli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, seçkilərlə bağlı yaxşı olan R.Köçəryanın partiyasının məğlubiyyətə uğramasıdır, bununla da başda Xocalı canisi Köçəryan olmaqla “Qarabağ klanı” məğlubiyyətə uğradı. “Seçkinin müsbət tərəfi isə Paşinyanın partiyasının qalib gəlməsidir ki, o, hökuməti müstəqil, təkbaşına qura biləcək. Bu, Ermənistanın gələcəyi üçün çox ciddi addımdır. Bəli, Paşinyan Qərbin proyekti hesab olunur, onun demokratiya sahəsində, insan haqları ilə bağlı atdığı addımlar Qərbdə ciddi məsələlər kimi qiymətləndirilir. Paşinyanın qalib gəlməsi ilə bağlı indi proqnozlar çox verilir. Əsas ciddi proqnozlardan biri bu olacaq ki, Rusiya tərəfdən törədilən bütün təxribatlara, atılan addımlara baxmayaraq, Paşinyan qərbyönümlü siyasətini davam etdirəcək. Ona görə də onun qalib gəlməsinin region üçün də diqqətçəkən məqamları var. Bu, birinci növbədə, Türkiyə ilə Ermənistanın münasibətlərinin sahmana salınmasıdır. Qərbyönümlü siyasət olacaqsa, mütləq Türkiyə elementi orada aktiv iştirak edəcək”.
Q.Məhərrəmlinin sözlərinə görə, digər tərəfdən, Azərbaycanla Ermənistan arasında gözlənilən zəruri danışıqların və diplomatik münasibətlərin qaydaya salınmasına ciddi ehtiyac var və bu sahədə də müəyyən addımlar atıla bilər.
Q.Məhərrəmli hesab edir ki, ən nəhayət, Zəngəzur dəhlizinin açılması, Azərbaycanla sərhəd məsələsinin qaydaya salınması kimi məsələlərdə də müəyyən irəliləyişlər ola biləcək. Birinci nöbvədə, Ermənistan xalqı üçün bu seçkinin faydalı olduğunu deyən siyasi şərhçinin sözlərinə görə, bu seçkidə revanşistlərin qalib gəlməməsi diqqəti çəkir: “Bu seçkinin nəticəsində məlum oldu ki, Paşinyan, deyildiyi kimi, çox sadə fiqur deyil. Düşüncəmə görə, Qərbin dəstəklədiyi Paşinyanın hakimiyyətdə qalması, əlbəttə ki, Rusiyanı müəyyən dərəcədə narahat edəcək.
Xalqın əksəriyyəti Rusiyanın qəzəbindın qorxmadı, Putin mifini yerə vurdu, müharibəyə və dolayısı ilə Qarabağ avantürasına “yox” dedi. Regionda yeni müharibə ehtimalı sıfıra düşdü, revanşizm aktuallığını itirdi. “Qarabağ klanı” biabırcasına məğlub oldu.
Məlum oldu ki, Paşinyan düşünüldüyü qədər də sadə fiqur deyil. O, Rusiyadan qaynaqlanan müharibənin acı nəticələrini, ölkəyə və xalqa hansı zərbələr vurulduğunu görüb-yaşadığından, qərbyönümlü siyasətini davam etdirəcək, bu kontekstdə Türkiyə və Azərbaycanla münasibətlər yaxşılaşacaq. Bakı ilə sərhəd məsələləri və Zəngəzur dəhlizi problemi tezliklə həll olunacaq, nəqliyyat xətləri işləyəcək. Bununla yanaşı, İrəvan-Moskva münasibətlərində gərginlik artacaq, Rusiya Qarabağ kartını fəallaşdıracaq. Qərbin iştirakı ilə birbaşa Azərbaycan-Ermənistan dialoqu başlasa, hər iki ölkə Rusiya təhlükəsini minimuma endirə biləcək”.
Q.Məhərrəmli deyir ki, bütün hallarda, Qarabağ kartı Rusiyanın əlində aktivləşəcək, ondan tərəflərə təzyiq kimi istifadə etməyə çalışacaq.
Q.Məhərrəmli hesab edir ki, şərti mənada Qərb Paşinyanın qalibiyyəti ilə Rusiya üzərində qələbə qazandı: “Bəli, şərti mənada, bunu Qərbin Rusiya üzərində qələbəsi kimi qəbul etmək olar. Çünki Rusiya bütün gücü ilə, Rusiyaya bağlı olan qüvvələrin köməkliyi ilə Köçəryanı hakimiyyətə gətirməyə çalışırdı və Paşinyanın seçkidə qələbə çalması təkcə Qərbin üstünlüyü deyil, həm də Rusiya mifinin, Putin mifinin darmadağın olmasıdır. Bunu biz birmənalı nəzərə almalıyıq. Bir də nə olursa-olsun, müharibədən məğlub çıxan Ermənistan bütün gücünü toplayıb revanşist qüvvələri rədd etdi”.
Q.Məhərrəmli qeyd etdi ki, əlbəttə, erməni ideologiyası və onun təhlükəsi qalır, bu bizi arxayınlaşdıra bilməz, Azərbaycan öz siyasətinin konturlarına baxmalı, korrektə etməli, eyni zamanda, özünün regiondakı üstünlüyünü saxlamalıdır.
İradə SARIYEVA