Xəbər verildiyi kimi, İranın yeni prezidenti seçilib. Mühafizəkar namizəd İbrahim Rəisi seçkilərdə qalib gəlib. Qonşu ölkənin 13-cü prezidenti kimdir?
İbrahim Rəisi 14 dekabr 1960-cı ildə İranın Məşhəd şəhərində anadan olub. 1980-ci ildə dini təhsil alıb, karyerasını İslam İnqilabından sonra yeni hüquq sistemində qurmağa başlayıb. 1985-ci ildə yaşamaq üçün Tehrana köçüb və burada şəhər prokurorunun müavini vəzifəsinə təyin edilib. 1988-ci ildə, İran xalqının Mücahidləri Təşkilatının üzvləri də daxil olmaqla, hakimiyyət əleyhdarlarının edamının təşkilində iştirak edib. O, “ölüm komissiyaları” adlandırılan iclaslarda oturan və on minlərlə insanı edama göndərən dörd hakimdən biri olub.
1989-1994-cü illərdə Tehran prokuroru vəzifəsində çalışıb. 1994-cü ildə İranın Baş Müfəttişliyinin rəisi vəzifəsinə qədər yüksəlib. 2004-cü ildə İran prokurorunun müavini təyin edilib. 2005-ci ildə prezident Mahmud Əhmədinejad Raisiyə təhlükəsizlik naziri vəzifəsini təklif edib, lakin o, imtina edib. 2014-cü ilin avqust ayında İbrahim Rəisi İranın Baş prokuroru olub. 2016-cı ilin mart ayında bu vəzifədən istefa verib və İslam dünyasının ən zəngin fondlarından biri olan Astana-i Quds Rəzəviyə rəhbərlik etməyə başlayıb. 2017-ci ilin may ayında İran prezidentliyinə namizədliyini irəli sürüb, lakin hazırkı prezident Həsən Ruhaniyə məğlub olub. İranın yeni prezidenti mühafizəkar bir din xadimidir, Ali Lider Ayətullah Xamneyinin həmyerlisi, eyni zamanda yaxın adamı hesab olunur. Həmçinin, Qərb əleyhinə çıxışları ilə tanınan Rəisi iki il əvvəl ABŞ-ın sanksiya siyahısına daxil edilib.
Göründüyü kimi, İrandakı son seçkilərdə qatı mühafizəkar və Qərb üçün arzuolunmaz bir şəxs hakimiyyətə gəlib. Bu amil İranın gələcəyi üçün nə vəd edir?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onsuz da su çanağı suda sınmalıydı: “Mühafizəkarlar İran siyasətinin bütün aspektlərində sərt xəttin tutulmasını istəyirdilər. Hətta bunu etməyə nail də olurdular. Əvvəl onlara az da olsa müqavimət olurdusa, bu seçimdən sonra ümumiyyətlə olmayacaq. Yeni hakimiyyətə gələn şəxs daha anti-Qərb, anti-ABŞ və anti-İsrail mövqelidir. O, bu siyasətin davam etdirilməsinə rəvac verəcək. Mən çox təəssüf edirəm ki, siyasətdə naşı olan Bayden bütün bunların fonunda İrana qarşı sanksiyaların yumşaldılmasını istəyir. Artıq belə qənaətə gəlirəm ki, Bayden kimi siyasi diletantların öhdəsindən yeni seçilən prezident kimi dindarlar gələ bilər. Onsuz da İran dünyada təklənmiş vəziyyətdədir. Yeni prezident öz radikal mövqeyilə bütün dünyanı yenidən İrana qarşı qaldıracaq. Bundan sonra təklənmə məsələsi daha sərt forma alacaq. İrana qarşı sanksiyaları yumşaltmaq istəyən Bayden bu dəfə Konqresə yalvaracaq ki, sanksiyaların daha sərt formasını təşkil etsin. Yeni prezidentin dönəmində İran dövlətinin taleyi həll edilə bilər. Hətta vəziyyət o yerə çata bilər ki, İrandakı teokratik quruluşun dəyişməsi reallaşar. İran dünyanın bütün qaynar nöqtələrində oldu və öz maraqlarını qorudu. Nəticədə həmin yerlərin hamısı viran qaldı. Biz bunu Suriyada, İraqda, Yəməndə də gördük. Azərbaycanla bağlı siyasətdə ciddi kardinal dəyişiklik olmayacaq”.
Məhəmmədəli QƏRİBLİ