“Rossiya Seqodnya” BİA və RT telekanalının baş redaktoru Marqarita Simonyanın 8 yaşlı qızı və 7 yaşlı oğlu türkləri öldürməyə çağırıblar. Bunu əks etdirən videonu Simonyan öz “Facebook” səhifəsində paylaşıb.
Həmin videoda onun qızı Maryana və oğlu Baqrat “Zartnir, lao!” (“Oyan, oğul!”) erməni millətçi mahnısını ifa edirlər. Simonyan paylaşımının mətn hissəsində “Ermənistandakı bügünkü seçkilərə həsr olunur” sözlərini yazıb.
Ekspertlər deyirlər ki, Simonyanın öz övladlarını revanşizm və nifrət ruhunda böyütməsi və onları bir türk düşməni kimi yetişdirməsi təsadüfi deyil. Onlar hesab edirlər ki, Rusiya dövlət rəsmiləri, əlaqədar qurumlar mütləq şəkildə bu işin üstünə düşməlidirlər.
Simonyan kimi daşnak xislətli birisinin öz uşaqlarını yalnız faşist ruhunda böyütmək iqtidarında olduğunu deyən ekspertlərin sözlərinə görə, bu, Rusiyanın əlaqədar qurumları tərəfindən nəzarətdə saxlanmalıdır.
“Heç şübhəsiz ki, Rusiya rəsmiləri də Simonyanın və ailəsinin revanşizmə yol açan çağırışlarına reaksiyasız qalmamalıdırlar”
“Müasir İnkişaf” Birliyinin rəhbəri, politoloq Mübariz Göyüşlü “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Simonyanın uşaqlarının etdiyi çağırış bir türk uşağı, yaxud bir müsəlman ailənin övladı tərəfindən edilsəydi, indi bütün dünya ayağa qalxmışdı. Ermənilər edəndə bu kimi halların dünya tərəfindən “görülmədiyini”, “eşidilmədiyini” deyən Mübariz Göyüşlünün sözlərinə görə, ermənilər dünyanın hansı nöqtəsində yaşamalarından asılı olmayaraq, uşaqlarını antitürk ruhda böyüdürlər: “Ermənilər yüz il bundan əvvəl də övladlarını “türk sənin düşmənindir” ruhunda böyüdürdülər, bu gün də o mənfur yolu davam etdirirlər. XXI əsrdə belə, ermənilər uşaqlarını “türkləri öldürün” ruhunda yetişdirirlər. Simonyanın necə bir faşist olduğu məlumdur, onun kimiləri övladlarını “türkləri öldürün” “tərbiyəsi” ilə böyüdə bilirlər. Təsəvvür edin ki, bir türk, bir islam uşağı bunu edir, onda bütün dünya ayağa qalxır, amma indi bu sözləri erməni uşaqları dediyi üçün dünya kar və kor olub. Hesab edirəm ki, o videoya dərhal reaksiya olmalı idi. Müşahidələr açıq göstərir ki, dostluq, sülh və əmin-amanlıq içində yaşamaq, birgəyaşayış prinsipləri ermənilər üçün deyil”.
Onların uşaqlarını ailədə körpəlikdən revanişist ruhda böyütdüklərini deyən M.Göyüşlünün sözlərinə görə, onlara indidən faşizm, nasizm ruhu aşılanır. Bunun isə ermənilərin öz ziyanına işlədiyini deyən M.Göyüşlü hesab edir ki, 7-8 yaşlı uşaqlara “türkləri öldürün” kimi neqativ və qəbuledilməz məsələlərin təlqin edilməsi erməni toplumunun kimliyini bir daha ortaya qoyur: “7-8 yaşlı uşaq nə bilir ölüm nədir, öldürmək nədir? Amma, görün, Simonyan kimi faşistlər necə nifrət təbliğatı aparırlar ki, övladları türk düşmənliyini ortaya qoyurlar. Rusiya mediasında önəmli vəzifə tutan, Rusiyanın informasiya təbliğat imkanlarına təsir edə bilən M.Simonyan kimi birisi görün ailəsində necə antitürk təbliğatı aparıb ki, uşaqları qatı türk düşmənçiliyi ruhunda böyüyür. Bu da onu göstərir ki, ermənilərlə birgə yaşamaq çox çətindir, biz bunu istəsək də, onlar buna imkan verməyəcəklər. Dünya görməlidir ki, biz necə qatil, canavar, faşist düşüncəli bir toplumla yanaşı yaşayırıq, biz hər dəfə onlara güzəşt edirik. Bunu dünya görməlidir. Heç şübhəsiz ki, Rusiya rəsmiləri də Simonyanın və ailəsinin revanşizmə yol açan çağırışlarına reaksiyasız qalmamalıdırlar”.
İradə SARIYEVA