Seçkiyə bir gün qalmış Ermənistanda vəziyyət gərgin olaraq qalır. 10 noyabr razılaşmasından 7 aydan çox vaxt keçsə də, cəmiyyətdə çaşqınlıq, qeyri-müəyyənlik davam edir. Çox az sayda mətbuat ara-sıra konstruktiv mövqedən çıxış edərək cəmiyyəti düzgün seçim etməyə çağırır.
Bu arada erməni mediası yazır ki, ölkə həlledici seçim qarşısındadır: “Gəlin məsələyə obyektiv baxaq. Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətini yaxşılaşdıracaq. Ən azından, iqtisadi inkişaf baxımından irəliləyiş olacaq. Rusiya bu gün heç kimə kömək etmək iqtidarında deyil. Rusiya regional gücdən regional tüfeyliyə çevrilib. Maksimum pulu ancaq “qunduz yeyənlər”in (Marqarita Simonyan nəzərdə tutulur) saxlanmasına yetir.
Fransa isə, əzizlərim, buradan çox uzaqdır. Onların işi zaman-zaman mırıldamaqdır. Kimsə paralel olaraq üzünə bir şillə alır. Ancaq məsələ bunda deyil. Əslində, Ermənistan tək qalıb. Bu reallığa uyğun olaraq, bu ölkənin siyasi elitasının iki yolu var: a) Köçəryanla intihar; b) Azərbaycanın şərtlərini qəbul edib, iqtisadi üstünlüklər əldə etmək. Beləliklə, seçim sizindir: ya insan kimi yaşamaq, ya da acınacaqlı həyat sürmək”.
Erməni mediasıına xas olmayan belə bir çağırış maraq doğurur. Adətən, ölkə mətbuatı kin püskürür. Baxmayaraq ki, imkanları arzularına adekvat deyil. Buna rəğmən, məsələyə praqmatik mövqedən yanaşanların da olduğu məlum olur.
“Çıxış yolu Türkiyə və Azərbaycanla normal münasibətlərin qurulmasından keçir”
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xebar.com-la bölüşən AMİP sədri Arzuxan Əlizadənin sözlərinə görə, seçim ermənilərindir: “Əvvəla Ermənistan uğrunda müəyyən geosiyasi mübarizə gedir. Rusiya istəyir ki, ona yaxın olan qüvvələr hakimiyyətə gəlsin və bu ölkə tam Kremlin vassalı olsun. Qərb Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır. Ancaq Rusiya ikili oyun oynayır. Kreml anlayır ki, erməni cəmiyyəti Köçəryana nifrət edir. Bu isə hər şeyin Rusiyanın istəyindən asılı olmadığını göstərir. Buna rəğmən, Köçəryana açıq dəstək göstərilir. Erməni cəmiyyətinin ağlı varsa, düzgün seçim etsin. Çünki onlar gördülər ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edərkən heç bir ölkə açıq şəkildə buna qarşı çıxa bilmədi. Ona görə ki, beynəlxalq hüquq Azərbaycanın tərəfində idi. Digər tərəfdən, istənilən separatizm dünya üçün təhdid mənbəyidir. Fransa erməniləri nə qədər sevsə də, bu ölkənin Cənubi Qafqaz ölkələrinə real təsir imkanları yoxdur. Praktiki olaraq hərbi baxımdan Ermənistanda təmsil olunmur. Ermənistanın açıq dənizə də çıxışı olmadığından, uğur qazanmaq imkanları yoxdur. Belə bir situasiyada çıxış yolu Türkiyə və Azərbaycanla normal münasibətlərin qurulmasından keçir. O üzdən, Ermənistan işğalçılıq iddialarından əl çəkməlidir”.
Partiya sədri hesab edir ki, erməni cəmiyyəti düzgün seçim etməsə, bundan itirən Ermənistan olacaq.
Vidadi ORDAHALLI