“Sosial media saxta xəbərləri böyüdür. Süni intellekt bu problemi daha da artırır”. Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iyunun 19-da Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən Virtual Dünyada Məlumat Çirkliliyi və Saxta Xəbərlər” adlı panel sessiyasında deyib.
Xatırladaq ki, Türkiyənin Antalya şəhərində Antalya Diplomatiya Forumu (ADF) öz işinə başlayıb. Tədbir iyunun 18-dən 20-dək davam edəcək. Forumun birinci günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açılış nitqləri ilə çıxış ediblər.
Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov iştirak edir.
Prezidentin köməkçisi Hikmət Hacıyevin sosial şəbəkələrdə yayılan saxta xəbərlərlə bağlı narahatlığını necə izah etmək olar?
“Dünyanı qarışdırmaq istəyən mərkəzlər özlərinə əziyyət vermədən süni intellekti işə qoşub, həmin fəaliyyətlərini daha çoxtirajlı etməyi bacarırlar”
Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sosial media həqiqətən də saxta xəbərlərin əl-qol açıb oynadığı bir müstəvidir: “Bu məkanda xəbər yayımı ilə məşğul olanların böyük əksəriyyəti media qanunlarını bilməyən adamlardı. Bu gün əlində telefon olan istənilən bir şəxs xəbər yayan rolunda çıxış edə bilir. Burada saxta xəbərin qarşısını ala biləcək hər hansı məhdudiyyət qoyula bilmir. Hikmət Hacıyev bunu nəzərdə tutur. Süni intellektin bu məsələni genişləndirməsinə gəldikdə isə, bunun da ziyanlı tərəfləri var. Bilirsiniz ki, insanın birbaşa iştirakı olmadan sosial mediada xəbər yayımı var. Botlar, müxtəlif tətbiqlər vasitəsilə insanın iştirakı olmadan istənilən hərəkətlər edilə bilir. Saxta xəbərlərin geniş yayıldığı zamanda, dünyanı qarışdırmaq istəyən mərkəzlər özlərinə əziyyət vermədən süni intellekti işə qoşub, həmin fəaliyyətlərini daha çoxtirajlı etməyi bacarırlar. Hikmət Hacıyevin nəzərdə tutduğu digər məqam bununla bağlıdır”.
Məhəmmədəli QƏRİBLİ