İyunun 18-də “Gallup” Ermənistan nümayəndəliyi sosial sorğunun nəticələrini açıqlayıb. Nəticələrə görə, erməni seçicilərin 51,1 faizi iyunun 20-də keçiriləcək parlament seçkilərində iştirak edəcək.
Respondentlər “kimə səs verəcəksiniz” sualını belə cavablandırıblar: "Ermənistan" bloku - 28,7 faiz (lider Robert Köçəryan), Vətəndaş Müqaviləsi Partiyası - 25,2 faiz (Nikol Paşinyan), "Şərəfim var" bloku -10,8 faiz (Artur Vanetsyan), Çiçəklənən Ermənistan Partiyası – 5,4 faiz (Qagik Sarukyan), Maarifçi Ermənistan Partiyası - 5,2 faiz (Edmon Marukyan).
Qeyd edək ki, son iki partiya Paşinyanın partiyası ilə birlikdə hazırkı parlamentdə təmsil olunur.
“Gallup” son reytinqləri açıqladığı bir vaxtda Rusiyada yaşayan erməni milyarder-oliqarx Samvel Karapetyan (“Taşir”) qrupu da R.Köçəryana dəstəyini açıqlayıb. O cümlədən, Paşinyanın həmyerlisi, keçmiş baş qərargah rəisi Onik Qasparyan bütün hərbçiləri R.Köçəryana səs verməyə çağırıb. Qasparyan seçkilərə 2 gün qalmış yaydığı müraciətində Paşinyanın hakimiyyəti “manyakcasına, istənilən yolla idarəçiliyi əldə saxlamaq cəhdlərində” günahlandırıb. Qasparyana görə, məsuliyyətdən yayınan adam dövlət üçün təhlükədir və bu seçkilərdə hərbçilər R.Köçəryana, onun “peşəkarlardan” ibarət komandasına səs verməlidirlər.
Nə baş verir? Köçəryan qalib gələ bilərmi?
“Revanşistlər özlərini mələk qismində təqdim etmək istəyirlər, amma bu mümkün deyil”
Məsələyə münasibət bildirən millət vəkili, politoloq Elman Nəsirovun fikrincə, son sorğuda Köçəryanın önə keçməsi o demək deyil ki, revanşistlər qalib gələcək: “Əvvəla Ermənistanda çox qəliz və mürəkkəb seçkilər olacaq. Seçkidə 23 siyasi partiya və 4 blok iştirak edir. Əsas favorit siyasi təşkilat Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası olacaq. Ondan sonra Köçəryanın rəhbərlik etdiyi blok olacaq. Proseslərin gedişi göstərir ki, tərəflərin heç birinin birinci turda qalib gəlmək şansı yoxdur. Ancaq Paşinyan ikinci turda qalib olacaq. Bu baxımdan, “Gallup”un keçirdiyi sorğular real vəziyyəti tam şəkildə ifadə edə bilməz. Bir müddət əvvəl Paşinyana dəstək 22 faiz, Köçəryana dəstək 20 faiz idi. Çox qısa müddətdən sonra rəqəmlər Köçəryanın xeyrinə dəyişdirildi. Seçkiyə çox yaxın dövrdə bu cür sorğuların nəticələrinə inanmaq olmaz. Bunlar elektorata təsir göstərmək məqsədi daşıyır. Yəni seçkiyə iki gün qalmış seçici görsün ki, filan namizəd öndədir. O öndədirsə, deməli, səsi ona vermək lazımdır. Hansı ki, Ermənistanın bütün məşəqqətlərinin kökündə Köçəryan hakimiyyəti dayanır. Paşinyan 3 illik hakimiyyəti dövründə Ermənistanı bu cür acınacaqlı vəziyyətə sala bilməzdi. Prezident İlham Əliyev də çıxışlarında bəyan etdi ki, şanlı ordumuz Köçəryan və Sarkisyanın ordusunu məğlub edib. İndi onlar yenidən hakimiyyətə gəlmək istəyirlər.
Revanşistlər özlərini mələk qismində təqdim etmək istəyirlər, amma bu mümkün deyil. Çünki Ermənistan ictimaiyyəti də gözəl bilir ki, onlar revanşizm duyğuları ilə hakimiyyətə gəlmək istəyirlər. Onlar hakimiyyətə gəlsələr belə, heç nəyi geri qaytara bilməzlər. Çünki Ermənistan iqtisadiyyatı çöküb, 10 mindən çox fərari var. Üstəlik, ölkə parçalanmış vəziyyətdədir. Ona görə də nəyisə dəyişə bilməyəcəklər”.
Politoloq onu da qeyd etdi ki, seçkidən sonra ölkədə vətəndaş müharibəsi də baş verə bilər.
Vidadi ORDAHALLI