Paşinyan "Qarabağ Ermənistandır" qalmaqalına yenə qayıtdı - ancaq rəqiblərini vurmaq üçün…

Rəşad Bayramov: “Hələ mövqelərinin güclü olduğu vaxtda onlar belə düşünübsə, indiki halda vəziyyət daha kritik ola bilər”

img

Ermənistanın Qarabağın “müstəqilliyi”ni tanıması ilə bağlı açıqlamalar təhlükəlidir və müharibə səbəbidir. Bunu Ermənistan Baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan İctimai Televiziyanın efirində seçkilərlə bağlı keçirilən debatda deyib.

Paşinyan rəqiblərinin Ermənistan hökumətinin 44 günlük müharibə zamanı Qarabağın müstəqilliyini tanımaması ilə bağlı ittihamlarına da cavab verib:

“Çox maraqlı vəziyyətdir. Bizi qınayırlar ki, mənim dediyim “artsax Ermənistandır” ifadəsi müharibəyə təhrik etdi. Amma indi həmin adamlar soruşur ki, niyə “arsax”ı tanımırıq. Onlara görə o cümlə müharibəyə gətirib çıxarmışdısa, “artsax”ın tanınması müharibəyə səbəb olmayacaqdı? Bu gün də tanınma məsələsini təkrarlamağa davam edirlər. Hesab edirəm ki, bu mövqe müharibəyə gətirib çıxaracaq”.

Ermənistanda Qarabağın “müstəqilliyi”nin tanınması ilə bağlı məsələ niyə yenidən aktuallaşıb və bununla hansı məqsəd güdülə bilər?

Politoloq Rəşad Bayramov “Bakı Xəbər”ə bildirdi ki, Ermənistanda Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırışlar hər zaman olub: “Xüsusilə də işğal dönəmində bu məsələni daha tez-tez gündəmə gətirirdilər. Ermənistanda müxtəlif partiyalar bu məsələni aktuallaşdırmağa, hətta parlamentdə səsverməyə çıxarmağa çalışıb.

Bu vaxta qədər Ermənistan hakimiyyəti parlamentdə “Dağlıq Qarabağın müstəqlliyi ilə bağlı” sənədin səsverməyə çıxarılmasına imkan verməyib. Bunun iki səbəbi var: birinci səbəb odur ki, Ermənistan hakimiyyəti anlayıb ki, Dağlıq Qarabağın “müstəqilliyi”ni tanıyarsa, bu, Azərbaycanla danışıqların dayandırılması demək olacaqdı. Rəsmi Bakı Dağlıq Qarabağın “müstəqilliyini” tanıyan İrəvanla danışıqlar aparmayacaqdı. Bu isə müharibəyə aparan yol idi.

İkinci səbəb isə odur ki, İrəvan Dağlıq Qarabağın “müstəqlliyini” tanıyarsa, Ermənistan beynəlxalq aləmin, o cümlədən Rusiyanın dəstəyini itirəcəkdi. Azərbaycan BMT-də məsələ ilə bağlı səsvermə tələb edəcəkdi və bütün dövlətlər yenidən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə səs verməli olacaqdı. Hələ mövqelərinin güclü olduğu vaxtda onlar belə düşünübsə, indiki halda vəziyyət daha kritik ola bilər. Ermənistanda bəziləri düşünür ki, İrəvan Dağlıq Qarabağın “müstəqilliyini” tanıyarsa, başqa dövlətlər, o cümlədən Rusiya da bu prosesə qoşula bilər. Nümunə kimi də Kosovo, Abxaziya və Cənubi Osetiya göstərilir. Yəni Rusiya Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” tanıyıbsa, Dağlıq Qarabağın da “müstəqilliyini” tanıya bilər. Moskvanın Azərbaycanla münasibətləri belə addımın atılmasına imkan verməz. İkincisi, Moskva vaxtilə Kosovonun müstəqilliyi əleyhinə çıxaraq, bu bölgəni Serbiyanın ərazisi adlandırıb. Moskva Kosovo məsələsində bir cür, Dağlıq Qarabağ məsələsində fərqli siyasət ortaya qoya bilməz. Dağlıq Qarabağın “müstəqilliyini” yalnız özü kimi separatçı bölgələr, o cümlədən Abxaziya və Cənubi Osetiya tanıya bilər. Bu baxımdan da təklifi yersiz saymaq olar. Sadəcə, bu cür həssas mövzularla rəqiblər özlərinə seçkidə tərəfdar toplamağa çalışır”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər