Məlum olduğu kimi, İranda prezident seçkiləri keçirilir. Seçkiyə əvvəldən 7 namizəd qatılsa da, bəziləri namizədliyini geri çəkdiyindən, onların sayı 4 olub.
Rəy sorğularına görə, mühafizəkar, din xadimi İbrahim Rəisi seçkinin lideri sayılır, onun əsas rəqibi Mərkəzi Bankın keçmiş rəhbəri Əbdülnasir Həmmati hesab edilir.
Rəsmi məlumata görə, İranda 59 milyondan çox seçici var. Bu il 1 milyon 400 min nəfər səsvermədə ilk dəfə iştirak edəcək. İrandan kənarda yaşayan 3,5 milyon seçici isə ölkə xaricində səs verəcək. Dissidentlər və bəzi islahatçılar seçkini boykota çağırıblar. Onların fikrincə, İbrahim Rəisiyə ciddi rəqabət mühiti yaratmamaq üçün bəzi namizədlərin seçkiyə qatılması əngəllənib. Ali dini rəhbər Ayətullah Əli Xameneyi seçiciləri səsverməyə çağırıb: "Hər bir səs sayılır. Gəlin, səs verin və öz prezidentinizi seçin. Bu, ölkəmizin gələcəyi üçün vacibdir”.
İran nüvə layihəsi ilə bağlı ABŞ sanksiyaları ilə üzləşəndən bəri ağır iqtisadi vəziyyət içindədir və bu da iranlılar arasında narazılıqları genişləndirib. O üzdən, budəfəki seçki çox gərgin atmosferdə keçirilir.
Arasında 40 qadın olan 600 şəxs seçkidə iştirak etmək üçün qeydiyyatdan keçsə də, 12 üzvü olan Qəyyum Şurası yalnız 7 nəfərin namizədliyini təsdiqləyib. Seçkiyə bir neçə gün qalmış namizədlərin ikisi İbrahim Rəisinin, biri isə Əbdülnasir Həmmatinin xeyrinə namizədliyini geri çəkib. Namizədlərdən heç biri seçicilərin 50 faizinin səsini birinci turda ala bilməsə, ikinci tur olacaq.
Bütün hallarda, İranda seçkilərlə əlaqədar nə gözlənir?
“Bir tərəfdən sanksiyalar, digər tərəfdən pandemiya ölkədə iqtisadi vəziyyəti daha da pisləşdirib”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, ciddi yeniliklərin olacağı gözlənilmir: “Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Düzdür, budəfəki seçki gərgin atmosferdə keçirilir. Bir tərəfdən sanksiyalar, digər tərəfdən pandemiya ölkədə iqtisadi vəziyyəti daha da pisləşdirib. Fikrimcə, mühafizəkarları təmsil edən İbrahim Rəisi qalib olacaq. Bu dəfə elə də ciddi rəqabət yoxdur. Bununla yanaşı, İran Konstitusiyasına görə, prezident institutu həlledici qurum olmadığından, seçkilər nəticə etibarilə İranın ictimai həyatına elə də təsir göstərmək gücünə malik deyil. Yəni İran hökuməti, başda prezident olmaq şərtilə, ölkədə gedən çox ciddi proseslərə təsir göstərə bilmir. 1981-ci ildən İranda prezident seçkiləri keçirilir, seçilmiş prezidentlər İran həyatında hər hansı hadisənin aparıcısı olmayıblar. Zaman-zaman Məhəmməd Hatəminin dövründə ölkədə islahatların aparılması istiqamətində müəyyən cəhdlər oldu, amma bunlar, sadəcə, cəhd olaraq qaldı. Bu dəfə də nəsə dəyişməyəcək. Çünki əsas səlahiyyət Ali dini liderə məxsusdur”.
Şərqşünas onu da qeyd etdi ki, hansısa sürprizin olacağı güman edilmir.
Vidadi ORDAHALLI