ABŞ-ın Ermənistandakı səfirliyi Birləşmiş Ştatlar vətəndaşlarını qarşıdakı 2 həftə ərzində ehtiyatlı olmağa, ayıq-sayıqlıy nümayiş etdirməyə çağırıb. Səfirliyin xəbərdarlığında deyilir ki, Ermənistandakı ABŞ vətəndaşları qarşıdakı 2 həftə ərzində ehtiyatlı olmalı, insanların toplaşdığı yerlərdən uzaq durmalı və yaxınları ilə əlaqəni kəsməməlidir. Bu xəbərdarlıq iyunun 20-də keçiriləcək parlament seçkiləri ilə bağlıdır və səfirlik seçkisonrası iğtişaşları istisna etmir.
Bundan əvvəl Ermənistanda seçkisonrakı toqquşmalar barədə keçmiş prezidentlər Robert Köçəryan və Levon Ter-Petrosyan da xəbərdarlıq edib. Seçki kampaniyası zamanı baş nazir Nikol Paşinyan və onun əsas rəqibləri arasında çox sərt ritorika hökm sürməkdədir, tərəflər bir-birinə divan tutmaqla hədələyir. Paşinyan bir neçə gün əvvəl tərəfdarlarından birinin ona verdiyi çəkiclə dolaşaraq, seçkilərdə qalib gələndən sonra müxaliflərin başını “çəkiclə əzməklə” hədələyir. Bundan əvvəl isə o, rəqiblərini “asfaltda sürüməklə” qorxutmağa çalışırdı. Seçki kampaniyası iyunun 19-da sona çatır və bir gün öncə İrəvanın mərkəzində Paşinyan tərəfdarlarının böyük mitinqinin olacağı gözlənilir. Xəbərlərə görə, izdihama nail olmaq üçün Paşinyan inzibati resursları işə salıb. Ertəsi gün isə İrəvanın mərkəzində Köçəryan öz seçki kampaniyasına yekun vuracaq.
ABŞ-ın etdiyi xəbərdarlıqdan daha hansı nəticəni çıxarmaq olar?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanda daxili siyasi partlayış təhlükəsi var, vəziyyət az qala vətəndaş müharibəsinə keçmək həddindədir: “Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan və sabiq prezident Robert Köçəryanın tərəfdarları arasında kəskin antaqonizm mövcuddur. Bu düşmənçilik dayanmasa, nəyin olacağını təsəvvür etmək dəhşətlidir. Hər iki tərəf ölüm-qalım məsələsini həll edir. Seçkilərin gərgin keçəcəyini əvvəldən proqnozlaşdırmaq olar. Çünki Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsindən sonra Ermənistanda bütün sahələrdə, o cümlədən siyasi münasibətlərdə çox dərin böhran hökm sürür. Ermənistanda seçkilər yaxınlaşdıqca hər iki tərəf bir-birini dövlətə xəyanət etməkdə günahlandırır. Bununla çalışırlar ki, seçkilərdə önə keçsinlər. Əlbəttə, Ermənistan hakimiyyətinin siyasətinin mərkəzində hər zaman terrorizm dayanıb. Terror Ermənistanın dövlət siyasətidir. Bu siyasətin nəticəsidir ki, Ermənistan dövlət səviyyəsində Azərbaycana və Türkiyəyə qarşı çoxsaylı terror aktları həyata keçirir. Hər iki tərəfin də ətrafında yetəri qədər elektorat olmadığından, indiki mərhələdə yalnız və yalnız qarşılıqlı ittiham və hər hansı bir terror gözləmək mümkündür. Bu baxımdan da, ABŞ-ın etdiyi xəbərdarlıq tam əsaslıdır. Bununla ABŞ, eyni zamanda, Ermənistanda vəziyyəti qarışdırmaqda maraqlı olan dairələrə üstüörtülü mesaj verir. Demək istəyir ki, bütün proseslərdən xəbərdardır”.
Məhəmmədəli QƏRİBLİ