Ermənistan-Azərbaycan sərhədindəki hadisələr tərəflərin qarşılıqlı etimadının olmaması ilə izah edilməlidir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə deyib.
Onun fikrincə, Rusiya fəal yardım göstərməyə hazırdır: “Problemin uzunmüddətli həlli üçün iki ölkə arasındakı sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı işlərin başlanmasını görürük. Bu prosesə fəal yardım göstərməyə hazır olduğumuzu təsdiqləyirik”.
Zaxarova erməni jurnalistin Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa şəhərinə səfərinin “bölgədə kövrək sabitliyə qarşı təxribat” olduğu barədə açıqlamasını rədd etdi: “Dağlıq Qarabağla əlaqəli mövzuların Azərbaycanın (və ya Ermənistanın) üçüncü ölkələrlə ikitərəfli münasibətləri ilə qarışdırılmasını düzgün hesab etmirik. Ən son Azərbaycan-Türkiyə təmaslarına ən yüksək səviyyədə baxırıq. Hərbi əlaqələr də daxil olmaqla bölgədəki ikitərəfli əlaqələrin başqa dövlətlərə qarşı olmadığını düşünürük. Rusiya Ərdoğanın Şuşa ziyarətində və orada edilən açıqlamalarda problem görmür. Bakı ilə İrəvan arasında, İrəvanla Ankara arasında dialoqun normallaşdırılmasına yönəlmiş addımları qətiyyətlə dəstəkləyirik. Cənubi Qafqazdakı qarşılıqlı münasibətlər bölgədəki bütün ölkələrin maraqlarını nəzərə alaraq və tarazlaşdıraraq yaxşı qonşuluq prinsipləri əsasında inkişaf etməlidir”.
Zaxarova Ərdoğanın Şuşada bir Türkiyə konsulluğu açması ilə bağlı açıqlamasının təxribat olduğu və Rusiyanın barışıq missiyasına zidd olduğu iddialarını da rədd etdi: “Düşünürəm ki, ya birbaşa Dağlıq Qarabağla, ya da Azərbaycanın üçüncü ölkələrlə ikitərəfli münasibətləri ilə əlaqəli iki mövzunu qarışdırmaq səhvdir. Bu baxımdan son Azərbaycan-Türkiyə təmaslarını da ən yüksək səviyyədə qiymətləndiririk. Rusiya Ərdoğanın Şuşa ziyarətində və orada edilən açıqlamalarda problem görmür”.
Göründüyü kimi, Rusiya ermənilərin Ərdoğanın Şuşa şəhərinə səfəri ətrafında yaratmaq istədikləri “şouya” qoşulmur. Əksinə, bu kimi təmaslara müsbət baxır.
“Vətən müharibəsindən sonra Türkiyənin regionda əsas güc faktorlarından biri olduğunu Moskva qəbul edir və bununla hesablaşır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun fikrincə, Rusiyanın belə təmkinli mövqe sərgiləməsi Kremlin praqmatik maraqları ilə bağlıdır: “Əvvəla Ermənistan böyük dövlətlərin əlində alətdir. Lazım olanda ondan maşa kimi istifadə edirlər, olmayanda rezin əlcək kimi kənara atırlar. Tarixən ermənilər böyük dövlətlərin əlində bir vasitə olublar. Vətən müharibəsindən sonra Türkiyənin regionda əsas güc faktorlarından biri olduğunu Rusiya qəbul edir və bununla hesablaşır. Belə olmasaydı, o zaman iki ölkə hərbçilərinin iştirakı ilə Ağdamda monitorinq mərkəzi fəaliyyət göstərməzdi. Burada söhbət təkcə Azərbaycanla Rusiya arasında olan yaxın münasibətlərdən getmir. Söhbət həm də Gürcüstanın Türkiyə ilə olan geniş əlaqələrindən gedir. Nəzərə almaq lazımdır ki, 84 milyon əhalisi olan Türkiyənin Rusiya ilə olan iqtisadi-ticarət əlaqələri genişlənir. Rusiya Türkiyədə “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisini həyata keçirir və s. Üstəlik, Suriya, Liviya məsələləri var. Ərdoğan Şuşa səfərində Vladimir Putinin müharibənin dayandırılmasında oynadığı rolu qeyd etdi. Ona görə də erməni media təmsilçilərinin nə deməsi, hansısa provokasiya xarakterli suallar verməsinin heç bir əhəmiyyəti yoxdur. Rusiya regionda öz mövqeyini itirmək istəmir. Bu səbəbdən Vətən müharibəsinə mane olmadı. Düzdür, proseslərin sona qədər getməsinə imkan vermədi. Bunun da səbəbi Ermənistanı əlində saxlamaqla bağlı idi. Məsələ ondadır ki, Xankəndi əldən getsəydi, o zaman Ermənistanı Rusiyaya bağlayacaq faktor əldən çıxacaqdı. Bu səbəbdən Kreml müdaxilə etməli oldu. Ona görə də ermənilərin nə deməsindən asılı olmayaraq, regionda yeni reallıqlar yaranıb. Bu reallıqlara uyğun olaraq da proseslər gedəcək”.
Bu baxımdan, partiya sədri Zəngəzur dəhlizinin də açılacağını istisna etmədi.
Vidadi ORDAHALLI