“Armeniasputnik.am” saytının yaydığı məlumata görə, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan zəngəzurluları hədələyib. Mənbə yazır ki, Paşinyan Vaykdakı çıxışı zamanı yeni hədələr səsləndirib.
Paşinyan deyib: “Mənə məlumatlar gəlir ki, bəziləri insanları hədələyərək deyirlər ki, mənim mitinqlərimə qatılsalar, cəzalanacaqlar. Həmin adamlar zəngəzurlulardır. O zəngəzurlulara deyirəm: belə etməyin, yoxsa, mavi çəkicimlə başınızı əzərəm”.
Paşinyan zəngəzurlulari hansı səbəbdən hədələyir? Yəqin bir müddət əvvəl Zəngəzurda hücuma məruz qaldığını xatırlayıb.
Məlumatlara görə, bir neçə gündür Paşinyan mitinqlərdə xalqdan alacağı “dəmir mandatın” simvolu kimi vaxtaşırı çəkic nümayiş etdirir.
“Paşinyan hədə-qorxu yolu ilə səs qazanmaq istəyir”
Paşinyanın zəngəzurluları “mavi çəkic”lə hədələməsinin səbəblərini şərh edən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli hesab edir ki, Paşinyanın artıq hədələyici dildə danışması təsadüfi deyil: “Xüsusilə də Zəngəzur məsələsi ilə bağlı Paşinyan olduqca çox həssas bir mövqe nümayiş etdirir. Məsələ burasındadır ki, Paşinyan son günlərə qədər opponentlərinin mövqeyinə qarşı gəlib və Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu ortaya qoyub. Amma son günlər verdiyi bəyanatda Zəngəzur dəhlizinin açılmasının əleyhinə olduğunu deyib. Halbuki, Paşinyan özü dəfələrlə dəhlizin açılmasının vacibliyini vurğulayıb. Sonra gördü ki, zəngəzurlular və onların dəstəklədikləri siyasi qüvvələr dəhlizin açılmasına qarşı çıxırlar, indi o özü də bu yolda olduğunu bəyan edib. Paşinyan üçün indiki Ermənistanın tərkibinə daxil olan Qərbi Zəngəzur əhalisinin səsini qazanmaq çox vacib olduğu üçün onların mitinqlərə gəlməməsindən çox narahat olduğunu ortaya qoyur. Onları könüllü şəkildə mitinqlərə gətirə bilmədiyi üçün hədə-qorxuya keçib və güc nümayiş etdirəcəyini deyir. Zəngəzurlular başdan Paşinyana qarşı olublar, bundan da onun opponentləri istifadə ediblər. Bilirsiniz ki, bir müddət əvvəl Paşinyan Zəngəzura səfər edərkən də problemlə üzləşmişdi. Həmin bölgənin, Mehrinin, Gorusun əhalisi Paşinyana müxalif olanlar, xüsusən də Sarkisyan və Köçəryan tərəfindən məhz Paşinyana qarşı qaldırılıb. Hər nə olursa-olsun, bütün hallarda yenidən hakimiyyətə qayıtmaq istəyən Paşinyan ona səs verməyəcək əhali ilə seçkiqabağı hədələyici dillə danışır. Əslində, bu, seçkiyə hesablanmış “güc”ün nümayişidir ki, Paşinyan hədə-qorxu yolu ilə səs qazanmaq istəyir”.
F.Ələkbərli qeyd etdi ki, Azərbaycan torpağı olan Zəngəzurun bir hissəsi vaxtilə qanunsuz olaraq ermənilərə verildiyi üçün burada erməni əhali yaşayır və burada yaşayanlar da Paşinyandan narazıdırlar. 100 il bundan əvvəl zorla Ermənistan SSR-in tərkibinə daxil edilən həmin ərazimizdə dəhlizin açılması aktualdır və reallaşacaq. “Bu dəhlizin açılması, əslində, Naxçıvanla Zəngilan arasında quru yolun yaranması xüsuilə də Paşinyana müxalif olanlar tərəfindən narahatlıqla qarşılanır. Onlar nə olursa-olsun, bu koridorun açılmamasından yanadırlar. İndi Paşinyan da onlarla bu fikri bölüşür. Ona görə də əvvəlki bəyanatlarının tamam əksini söyləyir. Paşinyan indidən ona görə hədə dili ilə danışır ki, zəngəzurlular “mavi çəkic”dən qorxub ona səs versinlər. Reallıq odur ki, Paşinyan seçkiləri qazanmaq üçün şəkildən-şəkilə düşür, dünən dediyini bu gün təkzib edir, xalqa “çəkic gücü” nümayiş etdirir” - deyə F.Ələkbərli qeyd etdi.
İradə SARIYEVA