Media ilə bağlı bir sıra məsul şəxslərin açıqlamalarından məlum olur ki, “Media haqqında” yeni qanun layihəsi artıq hazırdır. Bu sənədin yaxın zamanlarda Milli Məclisə təqdim edilməsi gözlənilir. Qanun layihəsinin kifayət qədər müasir sənəd olduğu bildirilir. “Media haqqında” qanun layihəsində medianın vəzifələri, media-cəmiyyət, media-hakimiyyət məsələləri, jurnalistlərin hüquqları kifayət qədər müasir tələblər əsasında qoyulur. Yeni qanun mediada yaranmış bəzi boşluqları tam aradan qaldırmaq gücündə olacaqmı?
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə bildirdi ki, indiyə kimi Azərbaycanda informasiya istehsalı və yayımını tənzimləyən qanunların kəmiyyəti çox yüksək olub: “Səthi hesablamalarıma görə, informasiyanın alınması, emalı və yayılmasına birbaşa aidiyyəti olan qanunların sayı təqribən 8, dolayısı ilə aidiyyəti olan qanunların sayı isə təqribən 7-dir, ümumilkdə ən azı 15 mənbə var.
Bu qədər mənbəni sona qədər oxumaq, öyrənmək, əxz eləmək, ortadakı məntiqi bağları tutmaq bəzən heç peşəkar KİV işçilərinə də nəsib olmur. Digər yandan, günümüzdə xəbər istehsalçılarının sırası təkcə peşəkarlardan ibarət deyil: vətəndaş jurnalistikası, sosial şəbəkə istifadəçiləri, bir sözlə, “yeni media” təmsiçiləri var. Onlar xəbər standartlarını öyrənmək üçün uzun-uzadı, çoxsaylı qanunları oxumaqda maraqlı görünmürlər. Mənbə bir olmalıdır, anlaşılan olmalıdır, əhatəli olmalıdır. Hər bir xəbər istehsalçısı onu oxuyub nəticə çıxara bilməlidir.
Başqa bir məqam odur ki, qanunların kəmiyyət çoxluğu bəzən ortada uzlaşma problemi yaradır, qanunlar ayrı-ayrı məsələlərə yanaşmada biri digərini inkar edir. “Məlumat azadlığı haqqında” qanunla “İnformasiya əldə etmək haqqında” qanun arasındakı münasibətləri bu baxımdan nümunə göstərə bilərik. Yaxud “KİV haqqında” qanunun 7-ci maddəsi ilə “Fövqəladə vəziyyət haqqında” qanunun 8-ci maddəsi arasındakı uyğunsuzluq ciddi problemdir. Bu cür nümunələrin sayı çoxdur. Bu durum mövcud qanunlara yenidən baxılması zərurətini yaradır. Mən həmişə tərəfdarı olmuşam ki, informasiya istehsalını tənzimləyən qanunlar təmərküzləşdirilməli və təkmilləşdirilməlidir”.
Ekspert hesab edir ki, kəmiyyətçə yüksək olan mövcud qanunlar “yeni media”nı əhatə etmir: “İnformasiya məkanında böyük paya malik olan “yeni media”nın həm hüquqi tənzimlənməsi, həm də özünütənzimləməsi sahəsində ciddi boşluq mövcuddur və mövcud qanunlar onları əhatə etmir. Hansı ki, media üzrə beynəlxalq monitorinq təşkilatları qeyd edirlər ki, hazırda internet informasiya resurslarının informasiya təminatındakı payı ənənəvi KİV-lərin payından az deyil, çoxdur. KİV-in internet üzərində strukturlaşan yeni tipləri meydana çıxıb, xəbər portalları, sosial şəbəkələr üzərində qurulan TV-lər yaranıb. Yeni medianın standartları mövcud KİV haqqında qanunda təsbit edilmədiyi üçün, hər bir fərd, hər bir yeni media təmsilçisi həmin strukturlaşmanı özünün arzu və istəklərinə, düşüncə və qabiliyyətinə, intellekt səviyyəsinə uyğunlaşdırır. Bu isə xaotik durum yaradır, hər kəsin öz bildiyini etməsi üçün zəmin hazırlayır.
Mən “Media haqqında” yeni qanun layihəsi ilə tanışam, onun ictimai müzakirəsində iştirak etmişəm. Qənaətim budur ki, həmin layihə yuxarıda sadaladığımız və yer məhdudiyyəti baxımından sadalaya bilmədiyimiz bütün boşluqları aradan qaldırır. Bütün növ media quruluşlarının strukturları, xəbər standartları barədə təsəvvür formalaşdırır, hərc-mərcliyi aradan qaldırır. Fikrimcə, layihənin müzakirəsi sürətləndirilməli, qanun tezliklə qəbul edilməlidir”.
Məhəmmədəli QƏRİBLİ