Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan İrəvandakı yekun mitinqdə deyib ki, “Zəngəzur dəhlizi olmayacaq… Ermənistan hansısa dəhlizlə bağlı müzakirə aparmayıb və aparmayacaq”.
Mətbuatın yazdığına görə, N.Paşinyan Zəngəzur dəhlizinin açılması ilə bağlı bəyanatları da təkzib edib: “Ermənistanın suveren ərazisində kommunikasiyaların açılması ilə bağlı hər hansı dəyişikliyi tam şəkildə istisna edirik”.
Paşinyan hətta Azərbaycan və Türkiyə liderlərinin Ermənistan ərazisindən koridorla bağlı bəyanatlarını “absurd” adlandırıb: “Biz öz mövqeyimizi çox dəqiq ifadə etmişik. Regionun iqtisadi kommunikasiyaları açılmalıdır. Bu kommunikasiyadan ölkələr bərabər imkanlar əldə etməlidir, 11 yanvarda Moskvada qəbul edildiyi kimi. Ermənistan bu bəyanatın müddəalarını həyata keçirməyə hazırdır”.
Qeyd edək ki, Azərbaycanın qərb sərhədləri ilə Naxçıvan arasında birbaşa quru yolunun açılması 10 noyabr və 11 yanvar bəyanatlarında əksini tapıb.
“Zəngəzur dəhlizi olmayacaq” - deyən Paşinyan deyəsən yenə də Azərbaycanı dəmir yumruğu işə salmağa təhrik edir.
“Buna hansısa bir qüvvə mane olmağa çalışarsa, qarşısında təkcə Azərbaycanı deyil, qardaş Türkiyəni, Rusiyanı və Qərb dövlətlərini görəcək”
AVCİYA-nın vitse-prezidenti, professor, siyasi şərhçi Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Paşinyanın nə deməsindən, nə sərsəmləməsindən asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq. Paşinyanın bu bəyanatının heç bir əsası yoxdur və Zəngəzur dəhlizinin açılmasına təsir edəcək gücdə deyil. Azərbaycan və Türkiyə rəhbərlərinin ortaya konkret iradə qoyduğunu deyən M.Zülfüqarlı hesab edir ki, Rusiya rəhbərliyi də bu dəhlizin açılmasına heç bir əngəl törətməyəcək. Paşinyana gəlincə, M.Zülfüqarlı deyir ki, seçkiyə bir-iki gün qalıb və buna görə də Paşinyan özünü “prinsipial” göstərmək istəyir ki, xalqın səsini qazansın. “Seçkiyə bir-iki gün qalıb, seçki keçiriləcək. Ermənistan əvvəllər prezident respublikası olsa da, sonradan parlamentli respublikaya keçiblər, özləri də bunun ağır nəticələrini gördüklərini etiraf edirlər. Yəni parlamentli respublika Ermənistanda xaosa, qarşıdurmaya daha çox şərait yaratdı. Xüsusilə də 44 günlük müharibədə Azərbaycan xalqının qələbəsindən sonra bu xaos daha da dərinləşdi. Qaldı Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı dediyi sözlərə, bu, növbəti sayıqlamadan başqa bir şey deyil. Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı əvvəlki danışığı ilə seçkiyə bir-iki gün qalmış danışığı arasında müqayisə aparsaq görərik ki, bu, öz dediklərini təkzib etməklə məşğuldur. Çünki 10 noyabr sazişinə imza atılıb və orada bilavasitə dəhlizin açılması məsələsi də qəti şəkildə qoyulub. Özü də burada xüsusilə Rusiyanın da marağı olduğuna görə Ermənistan bundan geri çəkilə bilmədi, qol çəkdi. İndi isə bu cür populist çıxışlar seçki marafonunun sonuna yaxın seçicilərin “hörməti”ni qazanmaq, seçicilərdən səs almaq məqsədilə deyilmiş fikirlərdir ki, bunun da heç bir əsası yoxdur. Bilirsiniz ki, seçkidən bir gün əvvəl sükut günü olur, yəni bütün təbliğat, təşviqat qadağan olunur. Bu gün bir sutka qalır ki, onlar son sözlərini desinlər və bu sözlər də seçiciləri aldatmaq, onlara yalançı ümidlər verməyə hesablanıb. Bunun da heç bir əsası yoxdur”.
M.Zülfüqarlının sözlərinə görə, Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, Zəngəzur dəhlizi mütləq açılacaq. “Yəni Ermənistanın indiki və sonrakı rəhbərinin istəyib-istəməməsindən asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq. Çünki bu tək Ermənistanlıq deyil, iki ölkə arasındakı məsələ deyil, regional məsələdir. Türkiyə və Azərbaycan prezidentlərinin dediyi kimi, Zəngəzur dəhlizinin açılmasında regionda olan bütün dövlətlər, hətta Avropa ölkələri də, ABŞ da bu dəhlizin açılmasında maraqlıdırlar. İkincisi, biz 10 noyabr bəyannaməsinə görə ermənilərə Laçın dəhlizindən istifadə etməyə icazə vermişik. Amma tutalım, Ermənistanda sabah hansısa bir radikal qüvvə hakimiyyətə gəlib Zəngəzur dəhlizinin açılmasına problem yaratsa, biz də Laçın dəhlizini bağlaya bilərik. Yəni biz humanistlik edib bunlara bu cür köməklik göstəririk, Ermənistanla Qarabağ arasında Laçın dəhlizi vasitəsilə gediş-gəlişə icazə veririk, hətta öz ziyanımıza olsa da. Çünki buradan terrorçular da gedirlər. Başsız qalmış Ermənistanda seçki ərəfəsi bu cür sərsəm bəyanatlarla xalqı çaşdırmağa çalışırlar. Bunun da heç bir əsası yoxdur. Seçkidə kimin seçilməsindən asılı olmayaraq, Zəngəzur dəhlizi mütləq açılacaq və buna hansısa bir qüvvə mane olmağa çalışarsa, qarşısında təkcə Azərbaycanı deyil, qardaş Türkiyəni, Rusiyanı və Qərb dövlətlərini görəcək. Çünki bu dəhliz yalnız Türk dünyasını deyil, Qərbi Avropa ilə Şərqi Çini, İranı və başqa Şərq ölkələrini, Mərkəzi Asiya ilə Avropanı birləşdirən bir dəhliz olacaq. Bundan da hamı qazanacaq. Hətta hər zaman deyildiyi kimi, Ermənistan özü də qazanacaq, populist çıxışlar edən siyasətçilər isə tarixin arxivinə atılacaq” - deyə M.Zülfüqarlı vurğuladı.
İradə SARIYEVA