İran Azərbaycanla tranzit imkanlarını dəmiryolu və dəniz vasitəsi ilə inkişaf etdirmək niyyətindədir - Səfir

img

İran Azərbaycanla dəmiryol və Xəzər dənizi vasitəsi ilə tranzit yollarını inkişaf etdirmək niyyətindədir. Bunu Trend-ə özəl açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

S.A.Musəvinin sözlərinə görə, Azərbaycan-İran münasibətləri yüksələn xətlə inkişaf edəcək. İranın prinsipial siyasəti bütün qonşularla, xüsusilə Azərbaycanla səmimi münasibətləri davam etdirməkdir, çünki İran və Azərbaycan arasında bütün sahələrdə çoxlu ortaq bağlar mövcuddur: “İki ölkə arasında əsas məqsəd ticarət dövriyyəsinin artırılması, iqtisadi münasibətlərin inkişaf etdirilməsidir”.

İran səfiri deyib ki, hazırkı prezident Həsən Ruhaninin hökuməti son vaxtlar Azərbaycanla münasibətlərin inkişafı istiqamətində ciddi addımlar atıb. Ötən 3-4 həftə ərzində İranın üç naziri – xarici işlər naziri Məhəmməd Cavad Zərif, yol və şəhərsalma naziri Məhəmməd Eslami və energetika naziri Rza Ərdəkanian Azərbaycana səfər edib. Qarşılıqlı olaraq Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev də İrana səfərlər edib:

"Azərbaycan və İran münasibətlərində üstün cəhətlərdən biri iki ölkənin tranzit yollardır. Bu tranzit yolların inkişaf etdirilməsi ilə əlaqədar bir sıra addımlar atılmaqdadır. Tranzit yolların inkişaf etdirilməsi ilə iki ölkənin ticarət dövriyyəsinin 2-3 dəfə artacağı proqnozlaşdırılır. İki ölkə arasında ticarət və iqtisadiyyat üçün böyük perspektiv müşahidə olunur.

Şimal-Cənub dəhlizi çərçivəsində İran Azərbaycanla tranzit imkanlarının təkcə quru yolu ilə həyata keçirilməsi ilə kifayətlənmək istəmir. İran Azərbaycanla dəmiryol və Xəzər dənizi vasitəsi ilə tranzit yollarını inkişaf etdirmək niyyətindədir. İki ölkənin ticarət münasibətlərində çeşidlilik formalaşmaqdadır. Bütün bunlarla iki ölkə arasında həm ticarət dövriyyəsi, həm də tranzit imkanları artacaq".

Son xəbərlər