Azərbaycan və Türkiyənin istədiyi "altılıq platforması” yaradılır

img

Azərbaycan Prezidenti İlham Əliyev və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın İkinci Qarabağ müharibəsindən sonra gündəmə gətirdiyi əsas məsələlərdən biri də "altılıq” adlandırılan platformanın yaradılmasıdır. Bu platformada Azərbaycan, Gürcüstan, Türkiyə, İran, Rusiya və Ermənistanın iştirak edəcəyi gözlənilir. 

Belə bir platformanın reallaşmasına hazırda Gürcüstan və qismən Ermənistan tərəddüdlə yanaşır. Lakin bundan əvvəl Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan belə platformaya ölkəsinin qatılmasının mümkünlüyünü bildirib. Bundan başqa, indi Gürcüstanın da məsələyə getdikcə optimist yanaşdığına dair məlumatlar səslənir. Türkiyə prezidenti ölkəmizdə olarkən bildirib ki, Gürcüstanın baş naziri ilə Ankarada may ayında keçirilən görüşündə Tiflisi bu layihənin vacibliyinə inandırmağa çalışıb: “Belə bir platformanın məqsədi bölgədə sabitlik yaratmaq, düşmənçilikləri ortadan qaldırmaqdır. Tək Gürcüstanın bu mövzuda sualları var idi. Son Türkiyə səfərində gürcü baş nazirlə danışdım və dedim ki, bu, Gürcüstanın da lehinə olacaq, gəlin bu addımı ataq”. Ekspertlər qeyd edir ki, sözügedən platforma regionda sülh və təhlükəsizliyin dayanıqlı olmasını şərtləndirəcək. Misal olaraq bildirilir ki, İkinci Dünya müharibəsindən sonra davamlı və ardıcıl münaqişələr yaşayan Fransa və Almaniya arasındakı münasibətlərin normal məcraya dönməsi üçün iqtisadi platforma yaradıldı və effektiv oldu. Həmin platforma nəticəsində dünyanın ən güclü iqtisadi mərkəzlərdən biri olan Avropa İttifaqı yarandı. Hazırda Avropada etnik problemlər, dövlətlərin bir-birinə qarşı ərazi iddiaları və digər ziddiyyətlər olsa da, iqtisadi münasibətlər bunların silahlı münaqişəyə çevrilməsinin qarşını alır. Cənubi Qafqazda yaradılacaq platformanın Avropa İttifaqı kimi perspektivli olacağını demək tez və çətin olsa da, hər halda, regionda təhlükəsizliyin təminatı üçün başqa bir alternativ variant yoxdur. Belə ki, Türkiyə başda olmaqla, Azərbaycan və Gürcüstana qarşı ərazi iddiaları olan Ermənistan region ölkələrinin həyata keçirdiyi layihələrə inteqrasiya olunmazsa və işğalçı ölkənin iqtisadiyyatında dayanıqlı inkişaf meylləri olmazsa, dünya gücləri tərəfindən yenidən bölgə dövlətlərinə qarşı istifadə olunacaq. Bunu Ermənistanın özündə də başa düşürlər. Bu fonda İrəvanda qeyd edilən platformaya müsbət münasibət var.

Gürcüstana gəlincə, burada Avropaya inteqrasiyaya dəstək verən qeyri-hökumət təşkilatlarının alyansı olan Atlantika Şurasının vitse-prezidenti Batu Kuteliya bildirir ki, ölkə ictimaiyyətindən hakimiyyətə basqı var ki, bu platformaya qoşulmasın: “İctimaiyyət və ekspertlər bu barədə hakimiyyətə təzyiq edir. Ekspertlər Gürcüstanın təhlükəsizlik məsələsinə görə narahatdır. Burda əsas məqam Rusiyadır. Türkiyə və Azərbaycanla strateji münasibətləri yaxşı saxlamaq Gürcüstanın marağındadır. Burda adı keçən digər dövlətlərlə də Gürcüstanın münasibətləri yaxşıdır. Amma Rusiya Gürcüstanın torpaqlarını işğal edib və Gürcüstanla bağlı işğalçı maraqları var. Gürcüstanın strateji marağı Avroatlantika məkanına inteqrasiya etməkdir və altılı platformaya qatılmaq Gürcüstanın maraqların uyğun gəlmir”. Lakin ekspertlər Tiflisin Bakı nümunəsindən istifadəsinin aktuallaşdığını bildirir. Belə ki, Gürcüstandan fərqli olaraq, Azərbaycan həm Qərb, həm də Rusiya ilə münasibətləri yaxşı saxlamaq yolunu seçib və regionda sözügedən dövlətlərlə əməkdaşlıq Azərbaycanın marağındadır. Gürcüstan da bu təcrübədən istifadə edə bilər. Bu gün Gürcüstan Azərbaycan və Türkiyəni əlaqələndirən əsas tranzit məntəqəsidir. Eyni zamanda İranın da Ermənistan vasitəsilə Gürcüstan üzərindən Avropaya çıxış planı var. Gürcüstan regional əməkdaşlıqda kilid ölkələrdən biridir. Xüsusilə də dəniz limanları ilə. Bu baxımdan, Gürcüstan platformaya qoşularsa, çox qazanc əldə edə bilər. Digər tərəfdən Gürcüstana NATO-ya üzvlük vəd edilsə də, hələ ki, bu baş vermir və bu fonda Gürcüstanın da bir gün fikrini dəyişib altılı platformaya qoşulması mümkündür. Gürcü ekspert Batu Kuteliya isə deyir ki, Gürcüstan hakimiyyətinin mövqeyini proqnoz etmək çətindir, çünki hakimiyyətin xarici siyasəti dəyişkəndir. Bununla belə, "altılıq platforması” regionda təhlükəsizlik baxımından da önəmlidir. Regionda təhlükəsizlik problemlərinin həlli isə xarici investisiyaların, müasir texnologiyaların bölgəyə gəlməsini və xaricə kapital axınının dayandırılmasını şərtləndirəcək. Həmçinin, "altılıq platforması”nın coğrafi üstünlükləri də var ki, bu da gələcəkdə Avrasiyanın iqtisadi mərkəzi olmağa böyük imkanlar yaradır. ABŞ başda olmaqla, Qərb ölkələrinin də "altılıq platforması”na  müsbət yanaşacağını təxmin etmək olar. Eləcə də Avropa İttifaqı da qonşuluğunda təhlükəsiz bir regionun qurulmasına dəstək verə bilər. Bütün bunlar Gürcüstanın qeyd edilən platformaya qoşulmasını sürətləndirmək iqtidarındadır.

Ramil QULİYEV

 

Son xəbərlər