Şuşa Bəyannaməsi status məsələsinin ölüm hökmünə daha bir möhür vurdu

Qabil Hüseynli: “Bilməlidirlər ki, Rusiya onlara görə Qarabağda Türkiyə ilə üz-üzə gəlmək istəməyəcək”

img

Azərbaycan Qarabağ münaqişəsinin mövcud olmadığını deyir. Çünki özünə aid problemi şəxsi gücü ilə çözə bilib.  Dünyanın bəzi gücləri isə problemin tam həll edilmədiyini dilə gətirir. İddia edirlər ki, Qarabağda yaşayan ermənilərin status məsələsi müzakirə predmeti ola bilər. Ancaq bizim Prezident Qarabağın statusunun “gorbagor olduğunu” deyir. 

Buna baxmayaraq, bir neçə dəfə Rusiyanın XİN rəhbəri də statusla bağlı məsələyə toxunub və bunun sonrakı mərhələdə müzakirə edilə biləcəyini qeyd edib. Ancaq bəzi analitiklər düşünür ki, Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi Rusiyanın bu niyyətinə tam son qoyacaq.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada söylədi ki, bölgədə sülhün yaranması üçün Rusiya prezidenti Putin də ciddi çalışır. Demək, Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli əməkdaşlığı davam edir, heç bir qırılma, pozuluşma yoxdur. Başladılan proses, Cənubi Qafqaz da daxil olmaqla, böyük bir regionu müharibədən xilas edib, sülh mərhələsinə keçid uğurla davam edir.

Azərbaycan sərhədinin təhlükəsizliyinin qarantı olan müttəfiqlik Bəyannaməsi Qarabağda “status” arzularının da birdəfəlik dəfn edilməsi deməkdir, hətta “statusu” gələcəyə saxlayan Rusiya belə buna nail ola bilməyəcək. Qarabağda və bütün bölgədə güc balansı Bakının xeyrinə dəyişdi. Cənubi Qafqazda uzun illər tək güc olan Rusiya bölgəni Türkiyə ilə bölüşdü. İmzalanan sənədin status məsələsinin gorbagor olmasına daha bir möhür vurduğu ilə bağlı səslənən fikirləri nə dərəcədə əsaslı saymaq olar?

Politoloq Qabil Hüseynli  “Bakı-Xəbər”ə açıqlamasında  bildirdi ki, Qarabağın statusu ilə bağlı məsələni Azərbaycan birdəfəlik həll edib: “Bunu dəfələrlə Azərbaycan rəsmi səviyyədə bəyan edib. Buna baxmayaraq, ermənilər və onların havadarları dəfələrlə bu məsələni gündəmə gətirirlər. Ancaq Şuşa Bəyannaməsi regionla bağlı bir çox məsələlərə tam aydınlıq gətirdi. Bununla təsdiqləndi ki, həmin ərazidə Azərbaycana edilə biləcək hər hansı qəsdə Türkiyə də adekvat cavab verəcək. Yəni həmin razılaşma ilə Türkiyə həm də Qarabağın təhlükəsizliklə bağlı qarantyorluğunu üzərinə götürmüş oldu. Bu razılaşmanın əhəmiyyətilə bağlı çox danışılıb. Mən çox detallara varmaq istəmirəm. Şuşa Bəyannaməsi Qarabağın statusu ilə bağlı edilən və edilə biləcək cəhdləri birdəfəlik dəfn elədi. Bundan sonra ermənilər bu məsələni gündəmə gətirsələr belə, mənasızdır. Çünki onlar üçün bu, intihar anlamına gələ bilər. Belə cəhd yeni qarşıdurmaya gətirib çıxara bilər.  Ermənistanın Azərbaycanla müharibə edə biləcək gücü qalmayıb. Ola bilər ki, Rusiyaya arxayın olub, belə addımlar atsın. Ancaq bilməlidirlər ki, Rusiya onlara görə Qarabağda Türkiyə ilə üz-üzə gəlmək istəməyəcək. Getməyin heç bir uğur gətirməyəcəyinin fərqindədir. Şuşa Bəyannaməsi bölgədəki bütün məsələlərə aydınlıq gətirdi. Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini təsdiqlədi. Statusla bağlı hər hansı bir yeni yanaşma ortaya çıxarsa, onu da Türkiyə aradan qaldırmağa qadirdi. Yaxşı olar ki, Qarabağda yaşayan ermənilər bu reallığı dərk edib, normal Azərbaycan vətəndaşı kimi həyatlarına davam etsinlər”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər