İlham Əliyev müsəlman ölkələrə növbəti dəfə "Ermənistandan ehtiyatlı olun" mesajı verdi…

Tural İrfan: “Onlar bu xəyanət yolu ilə iki qardaş ölkənin müttəfiqlərini öz tərəflərinə çəkmək istəyirlər”

img

Ermənistanın İslam ölkələri ilə münasibətlərini gücləndirmək cəhdlərini müşahidə edirik. Bunu Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda ikinci Zirvə toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Biz müharibə zamanı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən nümayiş etdirilən qətiyyətli mövqeyi yüksək qiymətləndiririk. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış edib. Xüsusilə mən müharibənin ilk günlərindən bizə siyasi dəstək ifadə edən Türkiyə, Pakistan və Əfqanıstana minnətdarlığımı bildirmək istəyirəm.

Ermənistan 30 illik işğal dövründə Azərbaycanın işğal olunmuş ərazilərindəki bütün mədəni və dini abidələrimizi məqsədli şəkildə dağıdıb. Ermənistanın işğalı altında olmuş ərazilərdə yerləşən 67 məsciddən 65-i yerlə-yeksan edilib, iki məscidə isə ciddi zərər dəyib və onlar təhqir edilib.

Mən həmkarlarıma bizim şəhər və kəndlərimizin işğaldan əvvəl və sonrakı vəziyyəti ilə bağlı qısa məlumat və fotoşəkillərdən ibarət təsviredici kitab göndərəcəyəm. Orada Azərbaycanın dini və tarixi abidələrinin tamamilə məhv olunması və darmadağın edilməsi öz əksini tapıb.

İslam Əməkdaşlıq Təşkilatı öz qətnamələrində Azərbaycanın keçmiş işğal altında olan torpaqlarında Ermənistan tərəfindən İslam tarixi və mədəniyyət nümunələrinin, ibadət yerlərinin dağıdılması və təhqir edilməsini qətiyyətlə pisləyib.

Fürsətdən istifadə edərək, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi cənab Yusif bin Əhməd əl-Osayminə aprel ayında ölkəmizə səfər etdiyinə və Qələbəmizlə bağlı səmimi təbrikinə görə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

Baş katib vəzifəsində o, Azərbaycana altı dəfə səfər edib. Bu onun ölkəmizə olan dəstək və ehtiramının təzahürüdür. Baş katib İslam Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun artması və üzv dövlətlər arasında həmrəyliyin möhkəmləndirilməsi işinə böyük töhfə verib.

Bu il İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi, İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı Təmas Qrupunun üzvləri, habelə ICESCO-nun nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib və Ermənistanın İslam irsinə qarşı törətdiyi vandalizmin şahidi olub. Biz Ermənistanın İslam ölkələri ilə münasibətlərini gücləndirmək cəhdlərini müşahidə edirik. Məscidlərdən donuz və inək tövləsi kimi istifadə etmiş və bununla da bütün İslam ümmətinin hisslərini təhqir edən ölkə müsəlman dövlətlərinin və müsəlmanların dostu ola bilməz".

Qeyd edək ki, bununla Azərbaycan Prezidenti neçənci dəfədir ki, Ermənistanla münasibət qurmaq istəyən müsəlman ölkələrinə xəbərdarlıq edir. Prezidentin müsəlman ölkələrinə etdiyi “Ermənistandan uzaq durun” tipli xəbərdarlığından  həmin ölkələr hansı nəticəni çıxarmalıdır?

İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, cənab Prezidentin bu yanaşması bəzi islam ölkələrinə ünvanlanan ciddi mesajdır: “Prezident bununla ermənilərin əsl xislətini həmin ölkələrə çatdırmaq istəyir. Ermənistanın müsəlman ölkələrinə yanaşmaq istəyi Türkiyə və Azərbaycan amili ilə bağlıdır. Onlar bu xəyanət yolu ilə iki qardaş ölkənin müttəfiqlərini öz tərəflərinə çəkmək istəyirlər. Məsələn, Ermənistan Səudiyyə Ərəbistanı ilə dostluğa can atırsa, bu, iki ölkənin arasındakı soyuqluqdan qaynaqlanır. Ermənistan bundan sui-istifadə etməyə çalışır. Bu da erməni xislətindən irəli gələn gedişdir. Onlar hər zaman hiylə ilə işlərini həyata keçiriblər. Bütün müsəlmanlara aid olan məscidləri təhqir ediblər. Onlar saxta soyqırım iddialarını ortaya qoyanda belə həmin hadisəni erməni-müsəlman qarşıdurması kimi qələmə veriblər. Mən əvvəllər elə düşünürdüm ki, yaşlı insanlar bunu savadsızlıqdan belə ifadə edirlər. Artıq sübut olunur ki, həmin terminlər təsadüfən işlədilməyib. Ermənilər həqiqətən bütün müsəlman aləminə qarşı terror ediblər. Azərbaycanda onların törətdiyi etnik terrorlarda azərbaycanlılarla yanaşı yəhudilər, kürdlər, tatlar da əziyyət çəkib. Ermənilər yalnız türklərlə düşmünəçilik etmirlər. Təəssüf ki, bəzi islam ölkələri Ermənistanla sıx dostluq edir. Elə müsəlman ölkələri var ki, orada erməni diasporu güclüdür və həmin hakimiyyətlərə təsir edə bilirlər. Belə ölkələr kimi Livanı, Suriyanı, İranı göstərə bilərik. Ancaq bu ölkələr bəzən elə addımlar atır ki, onları diaspor təsiri ilə əlaqələndirmək olmaz. Azərbaycan ölkəmizdə akkreditə olunan müsəlman ölkələrin səfirlərinin işğal altında saxlanılan, sonra azad edilən rayonlara səfərini təşkil edib. Yəqin ki, səfirlər oradakı məscidlərə olunan vəhşilik barədə öz ölkələrinə raport veriblər. Bütün bunlardan düzgün nəticə çıxarılmalıdır”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər