Azərbaycan və Türkiyənin TŞ-lərinin iclaslarının birlikdə keçirilməsi böyük beynəlxalq hadisə olacaq...

Fikrət Sadıqov: “Bu o deməkdir ki, müdafiə və təhlükəsizlik sahəsində siyasət əlaqələndiriləcək”

img

Azərbaycan Respublikası və Türkiyə Respublikası Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcək. Bu iclaslarda milli mənafe, tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcək.

Bu müddəalar Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində yer alır.

Belə bir maddənin sənəddə qeyd olunması çox önəmli məqamdır. Çünki hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin həyata keçirilməsinə dair razılıq əldə olunması Azərbaycan və Türkiyə arasında münasibətlərin necə sıx və prinsipial olduğunun göstəricisidir. Bu o deməkdir ki, bundan sonra Azərbaycan və Türkiyənin Təhlükəsizlik şuraları müntəzəm olaraq birgə iclaslar keçirəcək və təhdidlərə qarşı birgə fəaliyyət göstərəcəklər.

Maraqlıdır, bəs ekspertlər bunun əhəmiyyətini necə dəyərləndirirlər?

  • “Azərbaycan-Türkiyə alyansı regionda stabilliyin möhkəmlənməsinə təkan verəcək”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən sabiq diplomat, politoloq Fikrət Sadıqov iki ölkənin Təhlükəsizlik şuralarının birgə iclaslarının keçirilməsinə bir neçə aspektdən yanaşdı: “Şuşa Bəyannaməsinin bir sıra maddələri Azərbaycan-Türkiyə münasibətlərinin daha da yaxın olmasına təkan verən bir sənəddir. Təhlükəsizlik şuralarının birgə iclaslarının keçirilməsi çox önəmli məqamdır. Bu o deməkdir ki, müdafiə və təhlükəsizlik sahəsində siyasət əlaqələndiriləcək. Yəni tərəflər bu kimi məsələlərdə əlaqəli şəkildə hərəkət edəcəklər. Bir millət, iki dövlət anlayışı reallıqda daha aydın formada öz əksini tapır. Ona görə də belə bir məqamın orada öz əksini tapması çox mühüm əhəmiyyət kəsb edir. İki ölkənin TŞ-ləri birgə iclaslar keçirməklə potensial təhdidlərin önlənməsi ilə bağlı qabaqlayıcı addımların atılmasını müəyyən edə bilərlər. Azərbaycanla Ermənistan sərhədində təhlükəsizliyin bərpa olunması və stabilliyin bundan sonra da davamlı şəkildə qorunması vacibdir. Hesab edirəm ki, ikitərəfli görüşlərin keçirilməsi bu işə təkan verəcək. Azərbaycanla Türkiyənin əlaqələndirilmiş formada hərəkət etməsi bu baxımdan faydalı olacaq. Hər iki ölkənin bunun üçün hüquqi zəmin formalaşdırması Türkiyə və Azərbaycanın maraqlarına uyğundur. Azərbaycan-Türkiyə alyansı regionda stabilliyin möhkəmlənməsinə təkan verəcək. İki ölkə TŞ-lərinin birgə iclası bu baxımdan çox faydalı olacaq”.

Politoloq onu da qeyd etdi ki, regionda stabilliyin daha da dayanıqlı olmasında Şuşa Bəyannaməsi mühüm rol oynayacaq.

Vidadi ORDAHALLI

Son xəbərlər