Son illər ərzində qardaş Türkiyənin dünya siyasi, iqtisadi səhnəsində mövqelərinin əhəmiyyətli dərəcədə güclənməsi müşahidə edilir. Türkiyənin, xüsusilə də Rusiya ilə işbirliyi fonunda Yaxın Şərqdə, postsovet məkanında da nüfuz dairəsinin əhəmiyyətli dərəcədə artması danılmaz faktdır. Amma görünən budur ki, Ankaranın nailiyyətlərinə qısqanclıqla yanaşanların da sayı az deyil. Belə qüvvələrin Türkiyəyə qarşı yenidən PKK kartını işə salması bu mənada təsadüf hesab edilmir. Söhbət ilk olaraq Qərb ölkələrindən, xüsusən də ABŞ-dan gedir.
Məhz belə bir vaxtda bəlli olub ki, ABŞ-ın hərbi karvanı Suriyanın PKK qruplaşmasının nəzarəti altında olan “Əl-Şəddadi” bazasına növbəti dəfə silah daşıyıb. ABŞ-ın hərbi helikopteri “Əl-Şəddadi” hərbi bazasına enib. Silahların daşınmasının fotoları da yayılıb. Bildirilib ki, 25-ə yaxın amerikalı hərbçi hərbi yükü müşayiət edib. Onlar yükü boşaltdıqdan sonra helikopterlə İraq sərhədinə doğru gediblər. Məlumata görə, fevralın 15-də Suriyanın şimal-şərqində yerləşən Kamışlı şəhərində çəkilən fotoda isə hərbi sursatla bir yerdə ABŞ hərbçilərinin İraqın şimalından Suriyanın şimalına girdikləri əks olunub. Bütün bunlar Türkiyənin PKK-ya qarşı mübarizəsinin sərtləşdiyi bir vaxta təsadüf edir.
Burada bir məqamı da xatırladaq ki, İraqın şimalında Türkiyənin 13 vətəndaşı PKK qruplaşması tərəfindən qətlə yetirilib. ABŞ Dövlət Departamenti isə öncə bunun PKK tərəfindən törədildiyinə şübhə ilə yanaşmışdı. Rəsmi Ankaranın etiraz və diplomatik təzyiqlərindən sonra ABŞ-ın dövlət katibi Entoni Blenkin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı 13 günahsız insanın qətli ilə bağlı başsağlığı verib, buna görə PKK-nın məsuliyyət daşıdığını bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da baş verənlərə sərt münasibət bildirib və PKK-ya qarşı mübarizənin daha da sərtləşdiriləcəyini qeyd edib: “Alçaq bir terror təşkilatı ilə mübarizə aparırıq. Son hadisə Türkiyənin PKK ilə mübarizə üçün İraqın şimalında və Suriyada apardığı əməliyyatların nə qədər önəmli olduğunu bir daha sübut etdi. PKK-ya PKK, terrora terror, qətliama qətliam deyə bilməyən, beyinlərindəki alçaq oyunları, qurduqları xain tələləri, çevirdikləri fırıldaqları gizləməyə çalışanların planları ortaya çıxdı. Şəhidlərimizin acısı ürəyimizi ağrıdarkən mübarizə əzmimiz də artıb. Hansı hinə girərlərsə girsinlər, girdikləri hinlərdə onları tapacaq və orada gəbərdəcəyik. Şəhidlərimiz var, amma biz bilirik ki, bu yoxa çıxmaq deyil. Biz bilirik ki, Allah yolunda öldürülənlərə ölü deyilmir, onlar diridirlər, ancaq alçaqlar bunu dərk edə bilməz”. Türkiyənin “Takvim” qəzeti isə bu fonda yazır ki, ABŞ və Avropa PKK kartından Türkiyəyə qarşı istifadəni genişləndirməyi düşünür: “ABŞ-da Donald Tramp Ankara ilə münasibətlərə isti baxsa da, CAATSA-nı imzaladı. Müdafiə sənayesi hədəf alındı. ABŞ qarşısına çıxan hər kəsə hesab kəsməyə çalışırdı. İran, Şimali Koreya və Rusiya kimi ölkələrə qarşı bu kartdan istifadə edirdi. Çinlə yaxın olduğunu bildiyi İrana qarşı nüvə çalışmaları ilə bağlı ilişmişdi. Sanksiyalar bəzən şəxslərə tətbiq edilirdi. Rusiyada 230 milyon dollarlıq bir korrupsiya dosyesini incələyən vergi mütəxəssisi Sergey Maqnitskinin həbsdə ikən ölməsilə əlaqədar olaraq hazırlanan və qısaca “Qlobal Maqnitski Qanunu” adlandırılan qanuna əsasən, bugünədək Rusiyada 100-dən çox şəxs sanksiya siyahısına salınıb.
“Hermitage Capital Management” fondunun vəkillərindən olan Sergey Maqnitskinin şübhəli ölümü yeni bir dövrün başlanğıcı oldu. Rusiyanın Krımı ilhaq etməsi və Ukrayna böhranına müdaxilə etməsi səbəbilə ABŞ-ın “qara siyahısı” genişləndi. Sonra Türkiyə Rusiyadan S-400 HHM sistemi aldı. Xatırlayırsınızsa, Çindən HHM sistemi almaq istədiyi zaman Kobani hadisələri baş vermişdi. ABŞ “NATO ölkəsi” anlayışının arxasına sığınaraq Türkiyəni sıxışdırmaq istəyirdi. Bu səbəblə CAATSA-nı, yəni düşmənlərlə mübarizə etmə üsulunu ortaya atdı. ABŞ “Türkyə bizim düşmənimizdir” deyir. “Strateji ortaq”dan gəlinən yer bura idi. CAATSA prezidenti belə kənarda qoyan bir sanksiya növüdür. Prezident yalnız tətbiq edilə biləcək variantları seçə bilər. Tramp da müdafiə sənayesini seçdi. Haqqında çox danışılmır, ancaq 15 iyuldan sonra ən çox sıxıntılı olan sahə hava qüvvələri idi. Çünki ciddi ölçüdə kadr itkisinə məruz qalmışdı. Bunun üstünə CAATSA da gəlincə, təyyarələrin, yəni ABŞ-dan alınan təyyarələrin yenilənməsi məsələsi çətinə düşmüşdü. Ona görə ki, hər şey ABŞ-dan asılı idi. Türkiyəyə “düşmən” deyildiyi halda, Yunanıstanda baza qurulurdu. Bu, “Afinanın yanındayıq” mesajı idi. İqtisadi böhranla məşğul olan Yunanıstan Fransadan alınacaq “Rafale” döyüş təyyarələrinə görə 2,3 milyard avro ödənəcəyini açıqlayırdı. “Rafale” döyüş təyyarələrinə uyğun olan “Meteor” hava-hava raket sistemləri də yolda idi. Bunlar yetmirmiş kimi, bir də ABŞ-dan 24 ədəd F-35 yeni nəsil döyüş təyyarəsi tələb edirdi. Bizi oyundan kənara itələdikləri halda, Yunanıstanı qapırdılar… “Dərin ABŞ” Türkiyəni yanında görmək istəyir, ancaq Ankara bu qədər əməliyyatdan sonra özünə yeni bir yol axtarır. Bu da özü ilə birlikdə “düşmən olmağı” gətirir. Ən yuxarıda ABŞ-la İngiltərə qarşıdurma halındadır. Ancaq bu qarşıdurmanın “kölgəsi”, istər-istəməz, çox kritik bir ölkə olan Türkiyəyə də proyeksiya olunur. İki div ölkə arasında, Orta Şərq siyasətləri başda olmaqla, qlobal münaqişə sahələri çoxdur. Türkiyə isə, təbii olaraq, təhdid ünsürü olan PKK-ya doğru yönəlib. Doğrusu, ABŞ verdiyi silahlarla PKK-YPG-nin yanında olduğunu onsuz da göstərib. İndi Bayden administrasiyası bu dəstəyin səviyyəsini daha yuxarı qaldıracaq. Orta Şərqin ABŞ-la İngiltərə arasında savaş meydanı olduğu bir vaxtda öz bölgəsini təmizləmək istəyən Türkiyənin maraqları burada ABŞ-la toqquşur. PKK-YPG-nin arxasında həm Avropa, həm də ABŞ dayanır. Bu sirr də deyil. Sadəcə adını çəkərək danışmırlar. Halbuki, Almaniya da, İtaliya da, Fransa da, ABŞ da işin içindədir. Türkiyə PKK-nı vurduğu zaman bu ittifaqla savaşır, vurmadığı zaman isə İngiltərə-Çin vektorunu, dolayısilə olsa da, qarşısına almış olur. Görünən mənzərə təqribən belədir. Bəllidir ki, yaxında çox böyük hadisələr baş verəcək. İşin haradək gedəcəyi bəlli olmasa da, ingilislərin 100 il öncə etdiyini indi amerikanların etdiyi və bizə hücum etməsi üçün Yunanıstanı böyütdüyü bəllidir. CAATSA-ya da, PKK-ya da, Orta Şərq məsələlərinə də bu prizmadan baxmaqda fayda var. Açıq deyilməsə də aydındır ki, biz S-400-ləri NATO-ya qarşı aldığımız kimi, onlar da “Rafale” və F-35-ləri bizə qarşı aldılar. 13 şəhid böyük qırılmadır… Sanki NATO bütün kəşfiyyatını bizə qarşı istifadə edir. Çox yaxşı izlənməli olan bir dövrün səhifələri açıldı. Unutmayın, son günlərdə yaşanan hər şey bir-birinin davamıdır”.
Hazırda Türkiyənin ABŞ-dan istədikləri bunlardır: Suriya və İraqdakı terrorçu PKK qruplaşmasını silahlandırmamaq, Kipr adasında problemin həllində türklərin hüquqlarını tanımaq, Aralıq dənizinin şərqində Türkiyənin fəaliyyətinin qanuni olduğu qəbul etmək, S-400-lə bağlı təklifi dəyərləndirmək, F-35-lə bağlı sanksiyanın məntiqsizliyini etiraf etmək, ölkənin ərazi bütövlüyünə hörmət etmək, beynəlxalq hüququn prinsiplərini yerinə yetirmək. Amma ABŞ buna qarşı çıxdığından, Türkiyə ilə ziddiyyətləri davam edir və bu fonda PKK kartından istifadı halları da artır.
Nahid SALAYEV