Prezident İlham Əliyev Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana İraqda cəsədləri aşkarlanan 13 Türkiyə vətəndaşının ölümü ilə bağlı başsağlığı verib. Türk Silahlı Qüvvələrinin Pençe Kartal-2 əməliyyatı vaxtı İraqın şimalındakı mağarada 2015-ci ildə qaçırılan mülki şəxslərin cəsədləri tapılıb. Türkiyənin müdafiə naziri deyib ki, onlar "terrorçular tərəfindən" qətlə yetirilib. Hulusi Akarın sözlərinə görə, hadisə "PKK-nın məkrli üzünü” göstərib. Türkiyə mətbuatı əməliyyat zamanı 50-dən çox PKK üzvünün öldürüldüyünü bildirib.
PKK təşkilatı 1984-cü ildə kürdlərin sıx yaşadığı Türkiyənin cənub-şərqində partizan müharibəsinə başladığını elan edib. O zamandan bəri davam edən qarşıdırma nəticəsində on minlərlə insan həlak olub. Avropa İttifaqı və ABŞ PKK təşkilatını terrorçu təşkilat sayır. Buna baxmayaraq, dünyanın və xüsusilə də Qərbin insan haqlarını müdafiə edən təşkilatları bu vəhşiliyi pisləyən münasibət ortaya qoymayıblar. Bunun başlıca səbəbi nə ilə bağlıdır?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu cür hallara rast gəlinməsi dərin təəccüb doğurur: “Avropa strukturları, o cümlədən Qərb həmişə hüququn aliliyi, demokratik dəyərlərin üstünlüyü, insan hüquqlarının toxunulmazlığı kimi prinsiplərdən bəhs edir. Amma bəzi hallarda məhz bu məsələlər ətrafında subyektiv mövqe sərgilənir, reallıqdan kənar yanaşmalar ortaya çıxır. Bu, ilk növbədə, Türkiyə ilə bağlı reallıqların təhrif olunmasına bağlı olan məsələdir. Erməni lobbisi, ermənipərəst dairələr daima Türkiyə əleyhinə təbliğat çərçivəsində məkrli, yanlış məlumatlar yayırlar. Avropanın özündə, bütövlükdə Qərbdə də qanun pozuntularına, insan hüquqlarının heçə sayılmasına dair ciddi faktlar mövcuddur. Amma buna baxmayaraq, ayrı-ayrı ölkələrə qarşı ikili standartlardan istifadə olunur. Bəzən ikili standartlar prinsipinə müxtəlif ölkələrə təzyiq göstərilməsi üçün istinad edilir. Buna görə də paradoksal vəziyyət yaranır. Təəssüflər olsun ki, Türkiyənin insan hüquqlarına riayət etməməkdə günahlandırılması ilə bağlı qərəzli münasibət özünü çox gözlətmir. Ancaq sırf insan haqları ilə bağlı yaranmış dəhşətli mənzərəyə həmin dairələr göz yumur”.
Partiya sədrinin sözlərinə görə, bunun bir səbəbi də həmin təsisatlarda erməni diasporunun aktivliyi və təsirinin güclü olmasıdır”.
Məhəmmədəli QƏRİBLİ