Ermənistanda növbəti qalmaqal "Google" və digər sosial şəbəkələrlə bağlıdır. Ermənistandakı ekspertlərin fikrincə, bu elektron xidmətlər Azərbaycana işləyir. Səbəb də budur ki, "Google"-un GPS sisteminə əsasən hazırda Ermənistanın nəzarətində olan bir çox ərazi vahidləri Azərbaycan ərazisi olaraq görünür.
Halbuki, GPS sistemi yeni deyil, həmişə belə olub, sadəcə, indi Azərbaycan o sistemə əsasən ərazilərini geri alır: “Sosial şəbəkələr isə, xüsusən də "Facebook" Azərbaycan və Ermənistan mövzusunda bütün xəritələrin beynəlxalq hüquqla tanınan sərhədlərə uyğun gəlməsini tələb edir, Qarabağı Azərbaycandan kənarda, o cümlədən Ermənistanın tərkibində təsvir edən xəritələri bloklayır. "Tvitter"in də bir sıra xidmətləri bu istiqamətdə süni intellekti işə salıb. Bundan əlavə, "Google"-un da xidmətləri xəritələrə düzəlişlər etməyə başlayıb və proses Ermənistan müxalifətini narazı salıb”.
Bu barədə müzakirələr özünü insan haqları müdafiəçisi kimi təqdim edən Avetik İşxanyanın sosial şəbəkə paylaşımından sonra gündəmə gəlib. O bildirib ki, Ermənistan sadəcə Qarabağda deyil, İnternetdə də məğlub olub: "İnternetdəki məğlubiyyətimizdən sonra Ermənistan xalqının aşağılanması davam edir. "Google", nədənsə, GPS sistemi ilə Ermənistan ərazilərini Azərbaycana "ötürür". Bu gün sosial şəbəkələr də birgə "Ermənistan-Artsax" xəritəsini "qəbuledilməz məzmunlu" bir material adlandıraraq bloklamağa başlayıblar. Sosial şəbəkələrin qərəzi maraqlıdır - nədənsə, Türkiyə İmperiyasının xəritələrini, Azərbaycanın bizim toponimləri əks etdirən şərab etiketlərini, xəritələri və "uyğunsuz məzmunda" bir çox oxşar materialları görmürlər. Əlbəttə ki, bütün bunlar savaşın davamıdır, təbliğatdır - Türkiyə və Azərbaycanın böyük pullar xərclədiyi bir təbliğat. Bəs bizim dırnaqarası hökumətimiz, yüksək texnologiyalar nazirimiz, "güclü, qabaqcıl" informasiya texnoloqlarımız hara baxır?”
Ermənilərin bu narahatlığı hansısa fayda verə bilərmi?
VR360 şirkətinin direktoru, İKT üzrə ekspert Nicat Qasımlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, erməni mediası artıq müharibəni döyüş məkanında uduzduğu kimi, İnternet məkanında da uduzduğunu etiraf edir: “Bunu ilkin olaraq “Google” xəritə və buna bənzər platformalarda müşahidə etmək mümkündür. Əvvəllər Qarabağ ərazisində olan məkanlar erməni adları ilə qeyd olunsa da, qısa zaman ərzində həmin adların Azərbaycan adları ilə əvəz olunmasını müşahidə edə bilərik. Müharibədən öncəki dövrdə Qarabağ ərazisi adıçəkilən platformalarda Azərbaycan ərazisi kimi tanınsa da, məkanların ermənicə adlandırılmasını görmək olurdu. Hazırkı dövrdə isə həmin ərazilərdə yenidənqurma işləri və investisiyanın cəlb olunması gözlə görülə biləcək dəyişikliklər yaradır. Bu isə “Google” xəritə xidməti kimi şirkətlərin gözündən qaçmır. O cümlədən, əraziyə Azərbaycandan olan müxtəlif şirkətlərin sürətli şəkildə axın etməsi və müxtəlif foto-video kontentlər vasitəsilə xəritə üzərində qeydlər aparması bu ərazinin Azərbaycana aid olduğunu təsdiqləyir. “Google” xəritə platformasına aid peyklər aktiv və sürətli dəyişikliklər olan ərazilərin qısa zaman kəsiyində öz xəritələrində məlumat və görüntülərini yeniləmə prosesini davam etdirir. Yeniləmə işləri isə hər hansı bir lobbinin, yaxud başqa ölkələrin təsir imkanları ilə deyil, birbaşa həmin şirkətin strategiyasına uyğun formada aparılır”. Ekspertin sözlərinə görə, başqa formada izah etsək, insanların daha çox səyahət etdiyi ərazilərdə çəkdiyi görüntülərlə xəritə üzərində məkan məlumatları ilə bağlı qeydlər aparması “Google” xəritə kimi platformaların yeniləmə işlərini daha da stimullaşdırır.
Məhəmmədəli QƏRİBLİ