“Biz təklif etmişdik ki, bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risqlərinin sıfıra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu vardır və burada iştirak edən bütün ölkələr ancaq xeyir götürəcək, fayda götürəcək”.
Bunu Prezident İlham Əliyev Güləbird kəndində Azərbaycan bayrağını qaldırdıqdan sonra çıxışında deyib.
Ölkə başçısı bununla bağlı bir sıra tutarlı arqumentlərlə çıxış edib: “Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin, Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər”.
Görünən odur ki, regionda həyata keçirilən meqalayihələr bölgənin inkişafına xidmət edəcək. Bu da, öz növbəsində, sabitliyi möhkəmləndirəcək və müharibə risqlərini sıfıra endirəcək.
“Sabitliyin sağlam əsaslar üzərində möhkəmləndirilməsi müharibə təhlükəsini tam aradan qaldırır”
Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə hesab edir ki, birmənalı şəkildə, bu layihələr müharibə risqlərini önləyəcək: “Çünki sözügedən nəqliyyat və enerji layihələri bölgə dövlətlərinin iqtisadi inkişafına, əlaqələrin genişlənməsinə xidmət edir. Azərbaycan isə bu əlaqələrin qurulmasında vacib və həlledici ölkə rolunda çıxış edir. İşğaldan azad edilən ərazilər canlanır. Bu prosesdə region ölkələrinin iştirakı təkcə iqtisadi baxımdan onlar üçün faydalı deyil. Həm də bu yöndə görülən işlər bölgənin siyasi atmosferinə, ölkələr arasında olan münasibətlərə öz töhfəsini vərəcək. Bu baxımdan, Prezident İlham Əliyev çox böyük uzaqgörənliklə proseslərin gedişini və bunların vəd etdiyi perspektivləri dəyərləndirib. Çünki məlum layihələr bölgə dövlətlərinin iqtisadi inteqrasiyasına və bu da, nəticə etibarilə, onların inkişafına xidmət edir. Belə olan halda, bölgədə sabitliyi daha da möhkəmləndirmək mümkün olacaq. Sabitliyin sağlam əsaslar üzərində möhkəmləndirilməsi müharibə təhlükəsini tam aradan qaldırır”.
V.Rəhimzadə onu da qeyd etdi ki, proseslər ümumən müsbət istiqamətdə inkişaf edir.
Vidadi ORDAHALLI