“Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində artıq Rusiya ilə Türkiyə arasında bu dəmir yolundan istifadə edərək yüklər daşınmağa başlamışdır”. Məlum olduğu kimi, bunu Prezident İlham Əliyev Güləbird kəndində Azərbaycan bayrağını qaldırdıqdan sonra çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, görün, biz nə qədər böyük uzaqgörənlik, böyük iradə göstərmişik: “Eyni zamanda, maliyyə resurslarını səfərbər etmişdik və bu dəmir yolları bağlantılarını biz təmin edirik. Bu, ölkəmiz üçün lazımdır. Çünki bu, ölkəmizin geosiyasi əhəmiyyətini artırır, iqtisadi gücünü artırır. Çünki biz etibarlı tranzit ölkəsi kimi bundan böyük maliyyə gəliri əldə edəcəyik, eyni zamanda, bölgədə sabitliyin və sülhün təmin edilməsi üçün də bunun çox böyük əhəmiyyəti var.
Bu, eyni zamanda, ona görə önəmlidir ki, bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq”.
Belə görünür ki, BTQ-nin oynadığı çoxşaxəli mühüm rol bu və ya digər dərəcədə Ermənistanda revanşist qüvvələrin öz məkrli planlarını reallaşdırmağa imkan verməyəcək.
“BTQ və digər nəqliyyat-kommunikasiya layihələri erməni revanşizminin önlənməsində bu və ya digər dərəcədə vacib rol oynayacaq”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun fikrincə, BTQ və digər nəqliyyat-kommunikasiya layihələri erməni revanşizminin önlənməsində bu və ya digər dərəcədə vacib rol oynayacaq: “Bu amil əsla istisna deyil. Çünki bütün bunlar bu və ya digər formada bir-birilə bağlı olan məsələdir. Ona görə də əsla bu amili gözardı etmək olmaz. Çünki bu, bizim xeyrimizə işləyən faktordur. Məsələ ondadır ki, BTQ regional oyunçuların maraqlarını uzlaşdırdı. Analoji rolu digər layihələr də oynayacaq. İqtisadi, tranzit əlaqələrinin bərpası Ermənistanda revanşizmin baş qaldırmasına imkan verməyəcək. Türkiyə, Rusiya və İran regionun böyük ölkələridir. Bu ölkələr arasında kommunukasiya əlaqələri genişlənirsə və Ermənistan da bunun bir seqmentinə çevrilirsə, əlbəttə ki, o zaman revanşizmə şərait olmayacaq. İntensivləşən əlaqələr bu kimi potensial təhlükələri neytrallaşdırır. Başqa bir tərəfdən, Ermənistanın bu kimi layihələrə qoşulması, ilk növbədə, bu ölkənin özünə lazımdır. Onlar anlamalıdırlar ki, Ermənistanın üzləşdiyi ağır iqtisadi sosial dalandan çıxması üçün bu layihələr vacib rola malikdir. Belə olan halda, onlar revanş barəsində yox, öz xalqının rifahı haqda düşünməlidirlər. Çünki onların revanş istəkləri alınan deyil”.
Politoloq hesab edir ki, Ermənistan düzgün seçim etsə, bundan qazanacaq.
Vidadi ORDAHALLI