Azərbaycan 44 günlük müharibənin yekununda öz ərazi bütövlüyünü tam təmin etdi. Ermənilər məcbur qalıb, kapitulyasiya aktına imza atdılar. Ondan sonrakı dönəmdə Prezident İlham Əliyevin atdığı addımlar erməniləri çox ciddi narahat edir.
Bəllidir ki, Qarabağın az bir hissəsində ermənilər kompakt yaşayır və həmin ərazilərdə erməni silahlılarının bəzi tör-töküntüləri qalmaqdadır. Ermənilərin kompakt yaşadığı şəhərlərdən biri də Xankəndidir. Artıq Azərbaycan ordusu öz mövqelərindən həmin əraziyə də tam nəzarət edir. Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərə mütəmadi səfəri və quruculuq işlərinə şəxsən nəzarət etməsi erməniləri bərk təşvişə salıb. Onlar belə qənaətə gəlir ki, yaxın vaxtlarda İlham Əliyev Xankəndiyə də səfər edə bilər. Onlarda narahatlıq doğuran bu müzakirələr ermənilərin sosial şəbəkə seqmentində aktiv aparılır. Əslində İlham Əliyevin Xankəndiyə səfər etməsində qeyri-adi nəsə ola bilməz. Çünki həmin ərazi Azərbaycanındır və ölkə başçısı nə zaman istəsə ora gedə bilər. Sadəcə, yəqin ki, müəyyən təhlükəsizlik tədbirləri ilə bağlı bu səfər hələ reallaşmayıb. Ermənilər İlham Əliyevin Xankəniyə edəcəyi səfərdən niyə xoflanırlar?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə bir addımın atılması ölkə başçısının strateji niyyətlərindən biridir: “Xankəndidə yaşayan əhalinin 10-12 faizi əvvəllər azərbaycanlılardan ibarət olub. Sonra onlar öz yürdlarından qovularaq çıxarılıblar. Böyük Qayıdış prosesi baş tutandan sonra həmin şəhərə də azərbaycanlılar yerləşdiriləcək. Onda həmin şəhər bizim üçün qapalı olmayacaq. Sülhməramlı qüvvələrin də fəaliyyəti bəlli bir əsasnamə formasına salındıqdan sonra İlham Əliyev Xankəndiyə səfər edəcək. Birinci etapda bizim məcburi köçkünlərimiz ora yerləşməlidir, daha sonra danışıqlar yolu ilə orada yaşayan ermənilər bütün sərsəm iddialarından imtina etdiklərini deməlidirlər. Lazım olsa, bu onların imzası ilə təsbit edilməlidir. Yox, məsələ bu şəkildə açıq qalarsa, Azərbaycan yeni bir lokal xarakterli antiterror əməliyyatına başlaya bilər. Bunun nəticəsində biz Xankəndinin ətrafı və “Laçın koridoru”nu tam nəzarətə götürə bilərik. Dəhlizə nəzarət bizim əlimizə keçəndən sonra ermənilər heç bir sərsəm iddia ilə çıxış etməyəcəklər”.
Politoloqun sözlərinə görə, Qarabağ məsələsində kiçik bir hissə tamamlanmalıdır: “Bu da ermənilərdən çox asılı olan məsələdi. Ya onlar özlərini yaxşı aparmalı, bütün revanşist fikirlərindən əl çəkməlidirlər, ya da yenə başlarında yumruq görməli olacaqlar. Adam doğrudan da təəccüb edir. Ay bədbəxtlər, siz hansı torpağı itiribsiniz? İşğal etdikləri torpaqlardan onları qovublarsa, bu torpaq itkisi sayılır? Bunların narahatlığı çox əsassızdır. Bu məntiqin ideoloji əsaslarını erməni faşizmi təşkil edir. Dünya ictimai rəyinə çatdırmaq lazımdır ki, bu xalq dinc dayana bilmir, qonşuları ilə dinc yanaşı yaşamaq qabiliyyətinə malik deyil. İzah olunmalıdır ki, bu düşüncə qaldıqca, bölgədə sülhə təhdid mövcud olacaq”.
Məhəmmədəli QƏRİBLİ